Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda keçiriləcək “Avrasiyada biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziuma tezis və məqalə qəbulu davam edir.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezis və məqalələrini avqustun 15-dək [email protected] ünvanına göndərməlidir.
Simpozium Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi olmaqla çoxlu sayda elmi araşdırmalar üzrə “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” və s. bölmələri üzrə təşkil olunacaq.
Simpozium biomüxtəliflik və qorunması, həyatın biokimyəvi müxtəlifliyi, biomüxtəliflik və qida təhlükəsizliyi, biocoğrafiya və biomüxtəliflik, bioremedasiya, biomüxtəliflikdə biotexnoloji tətbiq, ekoturizm, orqanizmlərin genetik modifikasiyası və biomüxtəlifliyi, meşə ekosistemi və biomüxtəlifliyi, genetik resurslar və biomüxtəliflik, qlobal səhhət xəstəlikləri və biomüxtəliflik, yaşıl enerji texnologiyası və biomüxtəliflik, postgenom texnologiyası və biomüxtəliflik elmi istiqamətlərini əhatə edir.
Həmçinin simpozium iqlim dəyişkənliyinin təsiri və biomüxtəliflik, mikrob, bitki, okean və təmiz su, bərpaolunan və davamlılıq, torpaq, şəhər, vəhşi həyat və heyvan biomüxtəlifliyi və digər elmi istiqamətləri də əhatə edir. Konfransın işçi dili ingilis dilidir.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium sentyabrın 6-dan 8-dək Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda keçiriləcək.