Logo

Qafqazşünaslıq İnstitutunda Ulu Öndərə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

08.05.2024 18:54 120 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük dövlət və siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlət quruluculuğunda və dövlətlərarası münasibətlərdə siyasətindən, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad olunmasından bəhs edib.

Professor bildirib ki, 2023-cü ildə “Heydər Əliyev İli”nə həsr edilmiş üç kitab və bir konfrans materialı çap edilib. İnstitutun üç dildə nəşr edilən “Qafqazşünaslıq” jurnalında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə yer alıb.

Sonra “Heydər Əliyev: Azərbaycan - Türkiyə münasibətlərinə konseptual baxış” kitabının təqdimatı olub. Kitabın müəllifi institutun elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, elmi redaktorları akademik İsa Həbibbəyli, professor İbrahim Ethem Atnur, rəyçiləri siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, siyasi elmlər doktoru, professor Gülzar İbrahimovadır.

Kitabda Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətlərinin milli, mənəvi köklər üzərində möhkəmləndirilməsində Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunun əhəmiyyətindən, iki dövlət arasında siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində münasibətlərdə Heydər Əliyevin konseptual baxışlarından, Qafqaz bölgəsində sülh, əməkdaşlıq və təhlükəsizlikdə Azərbaycan-Türkiyə münasibətlərinin rolundan bəhs edilib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri professor İradə Hüseynova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri professor Rəna Mirzəzadə, həmin institutdan dosent Şölət Zeynalov, Tarix və Etnologiya İnstitutundan tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Əhmədov Ulu Öndər Heydər Əliyevin irsindən bəhs ediblər və kitabla bağlı fikirlərini bölüşüblər.

Qafqazşünaslıq İnstitutunun elmi katibi dosent Südabə Hüseynova, direktor köməkçisi Məzahir Sadıxov, şöbə müdirləri dosent Vahid Ömərov, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, Samirə Həbibbəyli kitabla bağlı fikirlərini bölüşüblər, Azərbaycan elmi üçün dəyərli elmi tədqiqat işi olduğunu bildiriblər.

Sonda tədbir iştirakçıları institut əməkdaşlarının kitablarından ibarət sərgi ilə tanış olublar.

Xəbər lenti