Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevdən ibarət nümayəndə heyəti Mərakeş Krallığında işgüzar səfərdədir.
Tehsil.biz xəbər verir ki, Mərakeş Krallığının audiovizual media sahəsində tənzimləyici qurumu olan Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun (HACA) dəvəti ilə reallaşan səfər çərçivəsində nümayəndə heyətinin HACA prezidenti xanım Lətifə Axarbaş ilə görüşü baş tutub.
Görüşdə iki ölkənin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı faydalı fikir və təcrübə mübadiləsi, media qurumları arasında birbaşa əlaqalərin təşviq olunması və əməkdaşlığın digər istiqamətləri müzakirə olunub. Görüş zamanı cari ilin fevral ayında Azərbaycanda baş vermiş prezident seçkiləri ərəfəsində Mərakeş Krallığının bir çox media qurunmlarının nümayəndələrindən ibarət böyük heyətin Azərbaycana səfəri çərçivəsində Medianın İnkişafı Agentliyinin, AZƏRTAC-ın və Audiovizual Şuranın rəhbərliyi ilə görüşü məmnunluqla xatırlanıb, belə qarşılıqlı səfərlərin ölkələrimizin media subyektlərinin və jurnalistlərinin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsində mühüm rol oynadığı vurğulanıb.
Azərbaycanın Mərakeş Krallığındakı Səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Bensaid və bu ölkənin rəsmi dövlət informasiya agentliyi olan "Maghreb Arab Presse"in (MAP) baş direktoru Fuad Ariflə görüşləri nəzərdə tutulur.