Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Rəhbər kadrların yenidən hazırlanması fakültəsinin magistrantları üçün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyevin “Azərbaycanda yaşıl iqtisadiyyat və COP29” mövzusunda mühazirəsi dinlənilib.
DİA-dan "Tehsil.biz"ə bildirilib ki, mühazirə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı DİA-nın Tədbirlər planına uyğun olaraq təşkil edilib.
Ş.Hacıyev çıxışında Azərbaycanın enerji siyasəti, həyata keçirilmiş enerji layihələri və COP29 məsələlərinə toxunub. O, enerji keçidi prosesini xüsusilə vurğulayıb və bununla bağlı bildirib ki, Azərbaycanın yaşıl inkişaf strategiyası və yaşıl enerji layihələri Cənubi Qafqazdan Avropaya yaşıl enerjinin ixracını və ölkənin “yaşıl enerji mərkəzinə” çevrilməsini hədəfləyir. Tərəflər Konfransının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar qeyd edilib ki, bu beynəlxalq tədbir respublikamızda keçirilən ən mötəbər beynəlxalq tədbirlərdən biri olacaq. Bununla da COP29 beynəlxalq əməkdaşlığı dəstəkləmək istiqamətində mühüm platforma rolunu oynayacaq və ölkəmizə enerji keçidində və yaşıl iqtisadiyyatın inkişafında müsbət təsir edəcəkdir.
Mühazirəni I kurs magistrantları dinləyiblər.
Sonda magistrantların məsələ ilə bağlı sualları cavablandırılıb.