Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” mövzusunda XXIV respublika elmi konfransı keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu qeyd edərək yaşıl inkişaf və yaşıl enerji məsələlərinin dövrümüzün aktual problemləri olduğunu, onların həllində elm və təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.
Hüseyn Məmmədov alternativ enerji texnologiyalarının yaradılmasında fiziklərin önəmli nailiyyətlər əldə etdiyini vurğulayaraq BDU-nun Fizika fakültəsinin alimlərinin də bu istiqamətdə tədqiqatlar apardığını bildirib. O, bu sahədə kadr hazırlığının önəmli olduğunu qeyd edib, Fizika fakültəsinin magistratura pilləsində alternativ enerji mühəndisliyi ixtisaslaşmasının yaradılması təklifini irəli sürüb.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı BDU-da və fakültədə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, gənc tədqiqatçıların yeni çağırışlara cavab verən elmi istiqamətlərə cəlb olunmasının zəruriliyini qeyd edib.
Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun direktoru Sədiyar Rəhimov konfransa BDU ilə yanaşı, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Müdafiə Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin gənc tədqiqatçılarının da qatıldığını, ümumilikdə 107 materialın tezislərinin qəbul edildiyini bildirib.
Konfrans işini “Nəzəri fizika və astrofizika”, “Biofizika və molekulyar fizika”, “Bərk cisimlər və yarımkeçiricilər fizikası”, “Nanoquruluşların fizikası və texnologiyası” və “Fiziki elektronika” bölmələrində davam etdirib.