Gəncə Dövlət Universitetində (GDU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı tələbələrlə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, rektor Yusif Yusibov tələbələrlə görüşün məqsədinin imtahanlara hazırlıq səviyyəsini öyrənmək, imtahanlarla bağlı yaranan çətinlik və problemləri dinləmək, imtahanlara hazırlıq prosesində qarşıya çıxa biləcək çətinlikləri operativ həll etmək olduğunu bildirib. Rektor qeyd edib ki, universitet rəhbərliyi hər zaman tələbələrin yanındadır və imtahanların yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılıb.
Görüşdə Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov çıxış edərək, imtahanların keçirilmə qaydaları barədə ətraflı məlumat verib. Bildirib ki, universitetdə imtahan sessiyasının mövcud əsasnaməyə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb, imtahanların gedişinə operativ nəzarət etmək və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədi ilə imtahan Qərargahı və Apellyasiya komissiyası təşkil edilib. O da diqqətə çatdırılıb ki, imtahanlar yazılı, test üsulu ilə, pilot layihə olaraq “Biologiya müəllimliyi” ixtisasında şifahi, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək. Sessiya zamanı üzrlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə təkrar imtahan vermək üçün şəraitin yaradılması nəzərdə tutulur.
Görüşdə rektor Yusif Yusibov tələbələrin imtahanlarla bağlı təkliflərini dinləyib və tələbələrin müraciəti əsasında bir sıra güzəştlərin tətbiq olunacağını bildirib.