Mayın 17-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentliklərinin Şəbəkəsinin (CEENQA) Baş Assambleyası keçirilir.
Tehsil.biz xəbər verir ki, 2 gün davam edəcək tədbir keyfiyyət təminatı agentlikləri və müəssisələri arasında əməkdaşlığın və Avropa ali təhsil məkanında ali təhsil müstəvisində dialoqun təşviq edilməsində mühüm tədbirlərdən biridir.
Assambleyada transmilli təhsilin keyfiyyət təminatı, keyfiyyət təminatında yeni yanaşmalar və ali təhsildə süni intellektin inkişaf edən rolu ilə bağlı müzakirələr aparılır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovun salamlama nitqi ilə öz işinə başlayan Baş Assambleya daha sonra Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev və CEENQA-nın prezidenti Fransi Demşarın çıxışı ilə davam edib.
Tədbirə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, CEENQA İdarə Heyətinin üzvü Ülkər Səttarova və Beynəlxalq Biznes İdarəetməsinin Akkreditasiyası Fondunun (FIBAA) icraçı direktoru Diane Freiberger moderatorluq edirlər. Tədbirin birinci günü beynəlxalq ekspertlərdən Hans de Uit beynəlmiləlləşmə meyllərinin akkreditasiya üçün təsirləri, Elspet Cons sərhədlərarası akkreditasiyanın keyfiyyətinin artırılmasında rolu, Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) direktoru Anna Qover ENQA-nın perspektivləri və Niderland Krallığının Vittenborq Universitetinin baş direktoru Maqqi Fenq xarici kvalifikasiyaların tanınması, tələbə və peşəkarların mobilliyinin təşviqi üzrə qabaqcıl təcrübələr barədə çıxışlar ediblər.
Günün ikinci yarısı Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) İdarə Heyətinin üzvü Olgun Çiçeyin moderatorluğu ilə Azərbaycan nümunəsində Transsərhəd Kvalifikasiyaların və Keyfiyyət Təminatının Tanınması üzrə Hüquqi Çərçivə və Təcrübələr barədə panel müzakirələr aparılacaq.