Logo

Azərbaycanın müstəqillik dövrü tədqiqat obyektində

09.05.2024 10:59 171 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva “Heydər Əliyev: 101 ilin tarixi həqiqətləri” adlı respublika elmi konfransında “Müstəqil Azərbaycan Respublikasının xilaskarı və qurucusu” mövzusunda məruzə ilə çıxış edib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Siyasi tarixə dair araşdırmalar aparan alim olduqca mürəkkəb tarixi etaplardan keçən Azərbaycanın müstəqillik əldə etdikdən sonra ictimai-siyasi həyatının çıxdığı çətin sınaqlardan və Ulu Öndər Heydər Əliyevin keçid dövründəki tarixi fəaliyyətindən danışıb.

Müasir siyasi tariximizə müqayisəli nəzər yetirən alim müstəqilliyin yenicə bərpası, ərazilərimizə təcavüz nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün olması, sosializmdən kapitalizmə keçid, sosial həyat şəraitinin çətinlikləri, daxili siyasi gərginliklər, dünya azərbaycanlılarının siyasi dəstəkdən təcrid olunmasını mürəkkəb tarixi məqamların reallıqları kimi təsnifləndirir. Çətin tarixi şəraitin həm oxucusu, araşdırıcısı, həm də iştirakçısı olan tarix elmləri doktoru Zemfira Hacıyeva vurğulayıb ki, yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə Böyük Qayıdışı ilə siyasi müstəqilliyimiz əbədi oldu, milli ideoloji trendlərimiz yeniləndi, düşmənin hücumları dayandırıldı, milli quruculuq, xüsusən də ordu quruculuğu təkmilləşdirildi. Ölkədə plüralizmin, xüsusilə siyasi plüralizmin formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi rolunu təhlil edərək müstəqil Azərbaycanın plüralist inkişafı konsepsiyasının təməl prinsiplərinin Ümummilli Lider tərəfindən qurulduğunu söyləyib.

Müstəqillik dövrü çətinliklərindən çıxış yollarının Ulu öndər tərəfindən sistemli və balanslaşdırılmış həlli ideyasını əsaslandıran alim müasir dünyanın sürətlə dəyişən reallığında milli ideya prinsipləri sırasında Heydər Əliyevin siyasi irsinə yaranan milli, regional və bəşəri ehtiyacları müqayisəli təhlil edib.

Qeyd edək ki, “Tarix və onun problemləri” adlı nəzəri, elmi və metodik jurnalın xüsusi buraxılışında müəllifin eyni mövzulu məqaləsi çap olunub.

Xəbər lenti