Müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, interaktivlik və əlçatanlıq üçün milli onlayn “Rəqəmsal məktəb” təhsil platforması fəaliyyətə başlayıb.
Elm və Təhsil Nazirliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, ilkin mərhələdə “Rəqəmsal məktəb” platforması Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir. Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.
Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. “Rəqəmsal məktəb” platformasından istifadə etmək üçün şagird, valideyn, müəllim və məktəb rəhbərləri istənilən cihazdan www.reqemsal.edu.az və yaxud www.digital.edu.az keçidi vasitəsilə fərdi kabinetlərinə giriş edə biləcəklər.
“Rəqəmsal məktəb” platformasında inkişaf mərhələsi çərçivəsində bir sıra funksionallıqların artırılması nəzərdə tutulub. Belə ki, hər bir tədris müəssisəsi üzrə valideynlərin iştirakını artırmaq məqsədilə xüsusi “Valideynlərin rəyləri” funksiyası tətbiq ediləcək. Platformada hər tədris müəssisəsi üzrə valideynlər üçün xüsusi bölmə yaradılacaq ki, bu bölmədə valideynlər sorğularda iştirak edəcəklər. Sorğunun keçirilməsində məqsəd təhsil prosesində müəllimlərin fəaliyyətinə dair valideynlərin rəy və təkliflərini toplamaqdır. Sorğular, əsasən, müəllimin dərsi izahetmə bacarığı, övladının dərsə marağını artırmaqda müəllimin rolu, verilən tapşırıqların mütəmadi olaraq yoxlanılması, müəllimin şagirdlərlə ünsiyyət və davranış tərzi kimi məsələləri əhatə edəcək.
“Rəqəmsal məktəb” platforması haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.