Logo

Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadası nədir?

08.02.2025 17:45 72 baxış
IMG

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi ilk dəfə 15 may 1991-ci ildə təşkil edilib, daha sonra Avropanın bir çox ölkəsində keçirilməyə başlanılıb. 

TƏHSİL.BİZ xəbər verir ki, bu gün dünyanın 100-dən çox ölkəsində 6 milyondan artıq şagirdin iştirak etdiyi müsabiqə ölkəmizdə 2018-ci ildən etibarən keçirilir. Rəsmi dili ingilis dili olan Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi “Sərhədsiz Riyaziyyatçılar” Assosiasiyası tərəfindən təşkil edilir.

Sözügedən assosiasiya haqqında geniş məlumatı https://www.aksf.org/index.xhtml internet səhifəsindən əldə etmək mümkündür.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri təqdim edilən tapşırıqların həm əyləncəli, həm də öyrədici olmasıdır. “Əylənirik, həll edirik, öyrənirik” prinsipinə uyğun təşkil olunan müsabiqədə tapşırıqlar hər yaşda və hər səviyyədə riyazi biliyə sahib olan uşaqlara uyğun olaraq tərtib edilir. Riyazi məntiq, analiz, təhlil və yaradıcı yanaşma tələb edən tapşırıqlar şagirdlərdə riyazi düşüncənin dərinləşməsinə və problem həlletmə bacarıqlarının inkişaf etməsinə səbəb olur. 

Müsabiqədə şagirdlərə təqdim edilən olduqca maraqlı və keyfiyyətli tapşırıqlar 100-dən çox ölkəni təmsil edən 200-dən artıq riyaziyyatçının ortaq çalışmaları ilə hazırlanır və seçilir. Digər tərəfdən şagirdlərimizin bu tip beynəlxalq müsabiqə və olimpiadalarda aktiv iştirakı onlarda riyaziyyat fənninə olan marağın artması, beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiq edilməsi baxımından əhəmiyyətli hesab edilir.

Ölkəmizdə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil edilir. 

Müsabiqə ödənişlidir və müsabiqədə iştirak könüllüdür. 2025-ci il üçün Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin keçirilmə tarixi barədə məlumat yaxın günlərdə elan ediləcək.

Xəbər lenti