Logo

“Kompüter elmləri” ixtisası üzrə yeni tədris proqramları hazırlanır

24.04.2025 12:37 89 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunda ETN tərəfindən yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın Təbiət ixtisasları qrupunun “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə verilən məlumata görə, hibrid formatda keçirilən tədbirdə Təbiət ixtisasları qrupunun həmsədri, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun sədri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və Alt İşçi Qrupunun üzvləri, həmçinin dövlət və özəl müəssisələrdə müvafiq istiqamət üzrə çalışan mütəxəssislər iştirak ediblər.

Tədbirdə akademik Rasim Əliquliyev çıxış edərək iclasın təbiət ixtisasları təsnifatına daxil olan “Kompüter elmləri” üzrə magistratura səviyyəsində tədris proqramına müvafiq dəyişikliklərin edilməsi və yeni ixtisasların daxil edilməsi istiqamətində müzakirələrin aparılmasına həsr olunduğunu bildirib.  

Akademik Rasim Əliquliyev son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, eləcə də  “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” kimi böyük əhəmiyyətə malik mühüm dövlət sənədlərinin qəbul edildiyini deyib.

Akademik Rasim Əliquliyev İşçi Qrupu tərəfindən əmək bazarının tələbləri, müasir dövrün çağırışları, dünyanın aparıcı ali təhsil müəssisələrinin bu sahədə təcrübəsi əsasında biznes sektorunun nümayəndələrinin, ali təhsil və elmi-tədqiqat müəssisələrinin, dövlət qurumlarının da rəyi nəzərə alınmaqla ixtisaslaşmaların yeni siyahısının tərtib olunduğunu qeyd edib. Alim siyahıda yeni ixtisaslaşmaların təklif olunduğunu, bəzi ixtisaslaşmaların adlarında dəyişikliklərin edildiyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti “Kompüter elmləri” ixtisası üzrə tərtib olunmuş yeni siyahının müvafiq qurumlar tərəfindən nəzərdən keçirildiyini və siyahıya dair bəzi təkliflərin daxil olduğunu diqqətə çatdırıb.

Daha sonra “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun üzvləri və digər məsul şəxslər rəylər, təklif və tövsiyələr nəzərə alınmaqla yeni tədris proqramının hazırlanması istiqamətində müzakirələr aparıblar, müvafiq qərarlar qəbul ediblər.

 

 

 

 


 

Xəbər lenti