“Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi ilə əməkdaşlığımız müxtəlif sahələri əhatə edir. Onlar mərkəzimizin təcrübəsini nəzərə alaraq bizə müraciət etdilər. Bildirdilər ki, kütləvi imtahanların idarə olunması sahəsində istifadə etdiyimiz alqoritmlər onlar üçün çox maraqlıdır və bu səbəbdən bizim fəaliyyətlə tanış olmaq istədilər”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bugünkü görüş sabah Elektron İmtahan Mərkəzində davam edəcək. Eyni zamanda, bugünkü nümayəndə heyəti bazar günü 9-cu siniflərin buraxılış imtahanlarında iştirak edəcək. Onlar imtahanların qapalı şəkildə necə keçirildiyini müşahidə edəcəklər:
"Bizim imtahanlarla bağlı imzaladığımız memorandum əsasında əməkdaşlıq müqaviləsi də ola bilər. Bu müqavilə çərçivəsində aparılan işlər qonaqlarımız üçün maraqlı olacaq. Bu xidmətləri Gürcüstan üçün də göstərə biləcəyik”.