Logo

ADPU-da “Peşəkar təcrübə proqramı”nın bağlanış mərasimi keçirilib

24.04.2025 14:58 57 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) tərəfindən həyata keçirilən “Peşəkar təcrübə proqramı”nın I çağırışının bağlanış mərasimi keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Tədbiri açan ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, müasir dövrdə təhsil prosesinin yalnız nəzəri biliklərlə məhdudlaşmaması, tələbələrin real iş mühitində praktiki təcrübə qazanması son dərəcə vacibdir. Pedaqoji Universitet tələbələrin peşəkar bacarıqlarının inkişafını, onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasını daim diqqət mərkəzində saxlayır.

Strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva çıxışında diqqətə çatdırıb ki, “Peşəkar təcrübə proqramı” tələbələrin real iş mühitində praktiki bilik və səriştələr əldə etməsi üçün yaradılan proqramdır. Bu proqram tələbələrə nəzəri biliklərini tətbiq etmək, peşəkar əlaqələr qurmaq və gələcək karyeralarına hazırlıq imkanı verir. Eyni zamanda məsuliyyət, komanda işi və ünsiyyət bacarıqlarının inkişafına kömək edir.

Daha sonra proqramın məzunları öz təəssüratlarını bölüşüblər.

Sonda məzunlara təcrübə proqramını uğurla tamamladıqlarına dair şəhadətnamələr təqdim olunub.

Qeyd edək ki, “Peşəkar təcrübə proqramı” ADPU-nun Elmi Şurasının 2024-cü il 30 yanvar tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin struktur bölmələrində peşəkar təcrübə proqramının təşkili” Qaydasına əsasən həyata keçirilir. Proqram ADPU-da magistratura və doktorantura səviyyəsində təhsil alan və ya almış şəxslər üçün nəzərdə tutulub və könüllü əsaslarla təşkil olunur. Üç ay müddətində təşkil olunan proqramın məqsədi tələbələrin real iş mühitində analitik düşünmə, problem həlletmə, təşkilatçılıq, komanda ilə iş və digər mühüm səriştələrini inkişaf etdirməkdir.

Altmışdan çox şəxsin müraciət etdiyi proqramın müsahibə mərhələsindən keçən 7 iştirakçıdan 5 nəfəri təcrübəni uğurla tamamlayıb.

Xəbər lenti