Sosial şəbəkələrdə Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın təmirdən sonra guya bağlanacağı və yerində ödənişli lisey açılacağı ilə bağlı məlumatlar yayılıb və bu, valideynlərin narazılığına səbəb olub.
TƏHSİL.BİZ xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sözügedən iddialara aydınlıq gətirib.
Agentlikdən bildirilib ki, məsələ nəzarətdə saxlanılır və valideynlərin narahatlığına heç bir əsas yoxdur:
"Hazırda Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada təmir işləri aparıldığı üçün gimnaziyanın şagirdləri müvəqqəti olaraq digər təhsil müəssisələrinə yerləşdiriliblər. Növbəti tədris ilindən müəssisənin fəaliyyəti tam bərpa olunacaq və dövlət dəstəyi alan şagirdlər, eləcə də bu təhsil ocağının müəllimləri təhsillərini davam etdirmək üçün məktəb binalarına qayıdacaqlar".
Məlumatda vurğulanıb ki, istisnasız olaraq bütün şagirdlərin təhsil almaq hüququ tam təmin olunacaq və müəllim heyətində ixtisarlar olmayacaq. Şagirdlər də dövlət hesabına internat məktəb-gimnaziyasında təhsillərini davam etdirəcəklər.
Dövlət Agentliyinin açıqlamasında o da qeyd edilib ki, Zaqatala rayonunda təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsil müəssisəsənin əsaslı təmirindən sonra rayonun istedadlı uşaqları ilə işin təşkili üçün ödənişsiz lisey formatında ixtisaslaşdırılmış yuxarı siniflərin açılması nəzərdə tutulur. Lakin bu siniflərin açılması heç bir halda internat məktəbinin, eləcə də orada təhsil alan şagirdlərin və təhsilverənlərin fəaliyyətinə təsir göstərməyəcək.
Dövlət Agentliyi KİV nümayəndələrindən xahiş edir ki, yoxlanılmamış, aidiyyatı orqanlardan rəsmi şərh verilmədən ictimaiyyətin narahatlığına səbəb ola biləcək məlumatları dərc etməsinlər.