Logo

“Kid-Kod” layihəsinin bağlanış mərasimi keçirilib

04.06.2025 12:42 98 baxış
IMG

Salyan rayonu Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbində reallaşdırılan “Kid-Kod” layihəsinin yekun hesabat və bağlanış mərasimi baş tutub. 

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə layihənin gedişatı, əldə olunan nəticələr və iştirakçıların uğurları ictimaiyyətə təqdim olunub. 

Layihə çərçivəsində ibtidai sinif şagirdlərinə kompütersiz (unplugged) yanaşma ilə ilkin kodlaşdırma bacarıqları aşılanaraq onların alqoritmik düşüncə, məntiqi analiz və problem həlletmə vərdişləri inkişaf etdirilib. İstifadə olunan “Matatalab” robot dəstləri vasitəsilə uşaqlar kompüterdən istifadə etmədən proqramlaşdırmanın əsas prinsiplərini əyani şəkildə öyrəniblər. Bu, texnoloji resursları məhdud olan məktəblər üçün innovativ və əlçatan bir həll təklif edir. 

Layihənin əsas hissələrindən biri olan “RoboKids” qiymətləndirmə yarışında ümumilikdə 16 komanda üzrə 55 nəfər ibtidai sinif şagirdi (1-4-cü siniflər) iştirak edərək təlimlərdə öyrəndikləri bilik və bacarıqları nümayiş etdiriblər. Hər sinif üzrə I, II, III və IV yerlərə layiq görülən komandalar sertifikat, medal və kuboklarla təltif olunub. Bu yarış şagirdlərin kodlaşdırma, məntiqi düşüncə və komandada işləmə bacarıqlarını tətbiq etmələri üçün imkan yaradıb

Tədbirdə layihənin rəhbəri Zeynəb Məmmədli, layihə rəhbərinin köməkçisi Nurəddin Babayev, layihənin təlimçisi Telli Hüseynova, eləcə də qonaqlar çıxış edərək layihənin məqsədyönlü, planlı və uğurlu icrasını yüksək qiymətləndiriblər. Onlar “Kid-Kod”un regionda rəqəmsal təhsilin inkişafına verdiyi töhfəni vurğulayaraq bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd ediblər. 

Tədbirin sonunda Salyan rayonu Qarabağlı kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri müxtəlif rəqs nömrələri nümayiş etdiriblər.

Xatırladırıq ki, “Kid-Kod” qrant layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olub və təhsilverən Zeynəb Məmmədli tərəfindən Salyan rayonu Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbində icra olunub.

 

 

 

 


 

Xəbər lenti