Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatı, Hüquq fakültəsi, Mülki proses və kommersiya hüququ kafedrası və “De Novo” Hüquq klubu tərəfindən birgə təşkil edilən, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Çəkişmə” hüquq müsabiqəsi yekunlaşıb.
TƏHSİL.BİZ xəbər verir ki, iki aydan artıq davam edən bu müsabiqə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələri arasında hüquq sahəsində bilik və bacarıqların sınaqdan keçirilməsi üçün mühüm platforma olub.
Müsabiqənin əsas məqsədi tələbələrin hüquqi araşdırma, analitik düşünmə, arqumentləşdirmə və ictimai nitq bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, onların hüquq sahəsində peşəkar potensialını üzə çıxarmaqdır. Karl Popper debat formatında keçirilən müsabiqədə müxtəlif universitetlərdən və fakültələrdən olan 45 komanda iştirak edib. Hər bir komanda müsabiqənin müxtəlif mərhələlərində öz bilik və bacarıqlarını nümayiş etdirərək təsdiq və inkar rollarında çıxış ediblər.
Müsabiqənin mərhələləri müxtəlif hüquqi mövzular ətrafında təşkil olunub: 1/16 mərhələsində iştirakçılar “Söz azadlığı hüququ məhdudlaşdırıla bilər” mövzusu ilə bağlı hüquqi və etik məsələləri müzakirə edərək arqumentlərini təqdim edib, 1/8 və yarımfinal mərhələlərində “Qanunu yalnız Konstitusiya Məhkəməsi şərh etməlidir” mövzusu üzrə qanunların təfsiri və konstitusiya məhkəməsinin rolu ilə bağlı dərin hüquqi müzakirələr aparıb, final mərhələsində isə “Mülki prosesdə yalnız formal həqiqət müəyyən edilməlidir” mövzusu ətrafında mülki prosesdə həqiqətin müəyyənləşdirilməsi ilə bağlı mürəkkəb hüquqi mövqeləri müdafiə ediblər.
Münsiflər heyətinin ciddi qiymətləndirməsi nəticəsində iki ən güclü komanda final mərhələsinə yüksəlib: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinin III kurs tələbələrindən ibarət “Bona fide” komandası (Lalə Pərviz və Nurtac Məmmədzadə) və BDU Hüquq fakültəsinin IV kurs tələbələrindən (SABAH qrupu) ibarət “İnsident” komandası.
Final mərhələsi 23 may 2025-ci il tarixində Yasamal Rayon Məhkəməsinin iclas zalında keçirilib. Tədbirdə Yasamal Rayon Məhkəməsinin hakimi Fazil Əlizadə münsif qismində iştirak edərək komandaların çıxışlarını qiymətləndirib. Gərgin və intellektual mübarizədən sonra “Bona fide” komandası I yerə, “İnsident” komandası isə II yerə layiq görülüb.
Müsabiqə Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının və Yasamal Rayon Məhkəməsinin dəstəyi ilə keçirilib. Bu dəstək tədbirin yüksək səviyyədə təşkil olunmasına və hüquq tələbələri üçün real məhkəmə mühitində təcrübə qazanma fürsətinin yaradılmasına böyük töhfə verib. “Çəkişmə” hüquq müsabiqəsi tələbələrə nəinki öz biliklərini sınaqdan keçirmək, həm də hüquq sahəsində peşəkar şəbəkə qurmaq və gələcək karyera perspektivlərini genişləndirmək imkanı yaradıb.
Müsabiqənin yekun mərhələsindən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və DİA Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru İsaxan Vəliyev akademiyanın qalib komandası “Bona fide” ilə görüşüb, komandanın üzvlərini təbrik edərək onların yüksək peşəkarlıq nümayiş etdirdiklərini və hüquq sahəsində gələcək uğurlara hazır olduqlarını vurğulayıblar.
Tədbirin təşkilatçıları gələcəkdə də bu cür layihələrin keçirilməsini planlaşdırır, bu isə Azərbaycanın hüquq təhsili sistemində gənclərin peşəkar inkişafına dəstəyin davamlı olacağını göstərir.