Logo

Gələcəyin müəllimləri məzun oldu: ADPU-da “Məzun günü”

21.06.2025 11:25 109 baxış
IMG

İyunun 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun günü” keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, mərasimdə universitet rəhbərliyi, struktur rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi, məzun olan tələbələr və onların ailə üzvləri iştirak ediblər.

Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunması ilə başlayan mərasimdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov məzunları təbrik edərək vurğulayıb ki, dövrümüzdə müəllim yalnız bilik ötürən deyil, öyrənən, yenilənən, texnologiyalarla ayaqlaşan şəxsdir. Bu yolun əsas dayaqları kimi milli dəyərlərə sadiqlik, peşə səriştəsi, daim yenilənən bilik və bacarıqlar, rəqəmsal və dil kompetensiyaları ön plana çıxır.

Rektor qeyd edib ki, Pedaqoji Universitet müasir təhsilin tələblərini nəzərə alaraq bu yöndə davamlı işlər aparır, mövcud ixtisaslaşmaların təkmilləşdirilməsini həyata keçirir. Bu gün ADPU-da Azərbaycan, rus və ingilis bölmələri üzrə çoxşaxəli tədris həyata keçirilir, yeni ixtisaslar üzrə qəbul planı hər il yenilənir. Növbəti tədris ili üçün də qəbul planı artaraq bakalavriat səviyyəsində 2705 yerə (filialllarla birgə 3605), magistratura səviyyəsində isə 608 yerə çatıb.

Bu il universitetdən filallar və Pedaqoji Kollec də daxil olmaqla, ümumilikdə 4400-dən çox təhsilalanın məzun olması gözlənilir. Bakalavr məzunlarından 1353 nəfər magistraturaya ixtisas seçimi hüququ əldə ediblər. 50 məzun xarici ölkələrin nüfuzlu universitetlərinə magistratura təhsili üçün müraciət edib və bu say artmaqdadır.

Çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də gənc müəllimləri təbrik edərək onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb, cəmiyyətimizin gələcəyinin onların fədakar fəaliyyəti ilə üzvi surətdə bağlı olduğunu diqqətə çatdırıb.

Sonra universitetdə təhsil aldığı müddət ərzində yüksək akademik göstəriciləri və ictimai fəaliyyəti ilə fərqlənən bir qrup məzun Fəxri Fərmanla təltif olunub.

Bədii hissədə gənclərin sevimlisi olan müğənnillərdən Hiss (Röya Məmmədova), Mərdan Kazımov, Cavidan Fatihi və “Ayna Band” qrupunun ifaları “Məzun günü”nə xüsusi aura qatıb.

 

 

 

 


 

Xəbər lenti