Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə iştirak edib.
Bu barədə TƏHSİL.BİZ -ə AzMİU-dan məlumat verilib. Konqresdə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbər heyəti ilə yanaşı, Azərbaycanın 12 aparıcı ali təhsil müəssisəsi də təmsil olunub. Universitetlər dayanıqlı inkişaf sahəsində əldə etdikləri nailiyyətləri beynəlxalq auditoriyaya təqdim etmək imkanı qazanıblar. AzMİU bu tədbirdə xüsusi pavilyonla iştirak edərək, universitetdə həyata keçirilən ekoloji yanaşmalar, iqlimə uyğunlaşdırılmış tədris və tədqiqat təşəbbüsləri, yaşıl bacarıqların formalaşdırılması istiqamətindəki fəaliyyətlərini nümayiş etdirib.
Konqresin ilk günü təşkil edilən sərgi zamanı AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bir sıra strateji əhəmiyyətli görüşlər keçirib. Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar, elm və təhsil naziri Emin Əmrullayev və bir çox ölkələrin ali məktəb rəhbərləri AzMİU-nun stendi, universitetin dayanıqlı inkişaf sahəsində təşəbbüsləri ilə tanış olublar.
Sərgi çərçivəsində AzMİU ilə Ankara Universiteti arasında “Orhun Mübadilə Protokolu” imzalanıb. Rektor Gülçöhrə Məmmədovanın və Ankara Universitetinin rektoru professor Necdet Ünüvarın imzaladığı bu sənəd Türk dünyası ali təhsil məkanında tələbə və müəllim mübadiləsini təşviq edir, birgə tədris və elmi-tədqiqat layihələrinin inkişafına şərait yaradır. Bu protokol AzMİU-nun beynəlxalq əlaqələrinin coğrafi miqyasını daha da genişləndirir.
Bununla yanaşı, AzMİU nümayəndə heyəti ilə Gebze Texniki Universitetinin rektoru professor Hacı Əli Mantar arasında keçirilən görüşdə elmi-tədqiqat sahəsində mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Konqresdən sonra AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə Gebze Universitetində keçirilən ardıcıl görüşlərdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
İstanbul Texniki Universitetinin (İTU) rektoru professor Hasan Mandal ilə keçirilən görüş də xüsusi əhəmiyyət daşıyıb. Görüşdə AzMİU və İTU arasında iyunun 24-25-də Bakıda keçiriləcək İnşaatın Müasir Problemləri (MCEP 2025) adlı beynəlxalq konfransın təşkili və tədqiqat əməkdaşlıqlarının inkişafı məsələləri müzakirə olunub.
Atatürk Universitetinin rektoru professor Ahmet Hacımüftüoğlu ilə də görüş keçirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, konqresin rəsmi açılış mərasimində Azərbaycanın 50 nəfərlik nümayəndə heyəti iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək, ölkəmizin COP29-a ev sahibliyi etməsindən sonra elm və təhsil sahəsində yaranmış yeni imkanlar, yaşıl bacarıqların inkişafı və iqlim tədqiqatlarının dəstəklənməsi istiqamətindəki təşəbbüslərdən bəhs edib. AzMİU-nun bu istiqamətlərdəki fəaliyyəti tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.
Konqres çərçivəsində “THE Impact Rankings 2026”nın ilkin nəticələri də açıqlanıb. Bu reytinqdə iştirak və təqdim olunan göstəricilər AzMİU-nun dayanıqlı inkişaf üzrə strategiyasının beynəlxalq tanınmasına mühüm töhfə verir.
Səfər çərçivəsində universitet rəhbərliyi Türkiyənin müxtəlif ali təhsil müəssisələrinin rektorları ilə keçirilən dəyirmi masa formatlı görüşlərdə də iştirak edib, təcrübə və perspektivlər müzakirə olunub.
Qeyd edək ki, AzMİU-nun Qlobal Dayanıqlı İnkişaf Konqresində iştirakı universitetin beynəlxalq nüfuzunun artmasına, elmi-tədqiqat əməkdaşlıqlarının genişlənməsinə və dayanıqlı inkişaf üzrə strateji mövqeyinin güclənməsinə xidmət edir. Ali təhsil müəssisəsi tədqiqat yönümlü, innovasiya əsaslı və açıq beynəlxalq əməkdaşlıq modelinə əsaslanan universitet kimi mövqeyini daha da möhkəmləndirməkdədir.