İnsan ömrü, insan həyatı... Hər kəsin öz alın yazısı, öz ömür yolu, öz tale yükü...Bəzisinin yükü yüngül, bəzisinin yükü daşıyacağı qədər, digərininki isə ağır olur. Hələ gəncliyindən ensiklopedik biliyindən yüzlərlə şagirdinin bəhrələndiyi, bu gün də yorulmadan, usanmadan elmi zənginliyi ilə harada olmasından asılı olmayaraq xalqına, millətinə xidmət edən Əsgər Məmməd oğlu Zeynalovun da ömür yolu enişli-yoxuşlu, keşməkeşli olanlardandır. O, beynəlxalq miqyasda öz sözünü demiş görkəmli alim, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, Özbəkistanın Turan Elmlər Akademiyasının, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının, Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının akademiki, 2019-cu ildə Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının Beynəlxalq qızıl medalına layiq görülmüş, filologiya elmləri doktoru, professordur.
Əsgər Zeynalov 1951-ci il sentyabrın 27-də İrəvan yaxınlığındakı Zəngibasar rayonunun Yuxarı Necili (Nizami) kəndində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi, 1974-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) fransız dili fakültəsini bitirmişdir. O, Azərbaycan Respublikasının Ağdərə rayonunda, sonra isə İrəvan yaxınlığındakı Zəngibasar rayonunda fransız dili müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir. 1980-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdur. 1988-ci il hadisələri ilə əlaqədar olaraq Abşeron rayonunun Xırdalan şəhərində məskunlaşmışdır.
1989-cu ildən APXDİ-nin Praktik fransız dili kafedrasında pedaqoji fəaliyyətini davam etdirmişdir. O, bu kafedrada laborant, baş laborant, baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışmışdır. 2005-ci ildən ADU-nun Praktik fransız dili kafedrasının professoru, 2006-cı ildən ADU-nun ixtisaslaşmış doktorluq şurasının üzvüdür. Ə.Zeynalov 1998-2012-ci illərdə ADU-nun Praktik fransız dili kafedrasının müdiri vəzifəsində çalışmış, bununla yanaşı 2004-2017-ci illərdə Tələbə Elmi Cəmiyyətinə sədrlik etmişdir. 2017-2020-ci illərdə ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri olmuşdur. 2020-ci ildən ADU-nun Fransız dili və Mədəniyyəti Mərkəzinin müdiridir. ADU-nun “Dil və ədəbiyyat” məcmuəsinin, “Azərbaycanda fransız dili” (fransız dilində) jurnalının redaksiya heyətinin üzvüdür.
Ə.Zeynalov 40-a qədər kitabın və 400-dən artıq elmi-publisistik məqalənin müəllifi, 30-dan artıq kitabın redaktorudur. Tədqiqatçı alimin Azərbaycan, rus, fransız və erməni dillərində tədqiqat apara bilməsi onun yaradıcılığı üçün geniş imkanlar yaratmışdır. Ə.M.Zeynalov 1991-ci ildə “Azərbaycan bayatıları Qafqaz regionunda” mövzusunda (elmi rəhbərləri professor M.Ə.Seyidov və professor T.Ə.Əhmədov) namizədlik, 2003-cü ildə “Fransız ədəbiyyatında Şərq mövzuları” (Volterin yaradıcılığı üzrə) doktorluq dissertasiyasını müdafiə etmişdir.
Qeyd edim ki, Ə.Zeynalov namizədlik dissertasiyası mövzusunu işləmək üçün təxminən 10 il İrəvan Xalq Yaradıcılığı evində, Qədim Əlyazmalar İnstitutunda - Matenadaranda, Ədəbiyyat və İncəsənət muzeyində və digər arxivlərdə gərgin araşdırmalar apararaq elmi işi ərsəyə gətirdi. İrəvanda erməni arxivlərində tədqiqat aparan azərbaycanlı olaraq həmin arxivlərdə ermənilərə məxsus olduğu hesab edilən 550 bayatının məhz azərbaycanlılara məxsus olduğunu, ümumiyyətlə, ermənilərin heç vaxt bayatıları olmadığını aşkarladı və bunu onların özlərindən dəlillər gətirərək sübut etdi.
Ə.Zeynalovun “İrəvan ziyalıları” kitabı 2011-ci ildə Sankt-Peterburqda, 2013-cü ildə Moskvada rus dilində nəşr olunmuşdur. “Hüqo-fransız ədəbiyyatının milyarderi” monoqrafiyası isə 2015-ci ildə Fransada fransız, 2016-cı ildə Almaniyada ingilis, “Hüqo”(2016) və “İrəvan ziyalıları” (2016) kitabları ABŞ-da ingilis, “Hüqonun Şərq baxışı” (2016) İngiltərədə ingilis, “Volter və Hüqonun Şərq baxışı” (2016) Kanadada ingilis, “İrəvan xanlığı... gerçəkliyin aydınlığı” kitabı (2016) ABŞ-da Azərbaycan, “Şərq Volter yaradıcılığında” (2017) monoqrafiyası Hindistanda ingilis, “Volter və Hüqonun Şərq dünyası” (2018) kitabı İsveçdə ingilis dillərində çap edilmişdir. Volter və Hüqo haqqında ilk monoqrafiyalar onun qələminə məxsusdur. 10-dan artıq məqaləsi İranda, Türkiyədə, Rusiyada və Serbiyada dərc olunmuşdur. Azərbaycanlı alimin əsərləri dünyanın 30-dan artıq ölkəsinə yayılmışdır. Ə.Zeynalov “Fransız dili” dərsliyi və dərs proqramlarının (ali məktəblər üçün) müəllifidir.
Bir sıra Azərbaycan alimləri ilə yanaşı dünya şöhrətli rus və fransız alimləri- Boris Starkov, Rudolf İvanov, Jan Lui Bakke Qrammon, Arno Laster tədqiqatçı alimin yaradıcılığını yüksək qiymətləndirmişlər. Parisdə fəaliyyət göstərən “Hüqonun Dostları Cəmiyyəti”nin məcmuəsində 2013, 2015, 2016-cı illərdə haqqında yazılar dərc olunmuşdur. Bosnya-Hersoqovinalı alim, akademik Enes Karic özünün Sloveniyada “Preporot” qəzetində (1 iyul 2017) dərc etdirdiyi “Viktor Hüqo Məhəmməd Peyğəmbər haqqında” məqaləsində Azərbaycan aliminin Londonda işıq üzü görmüş “Hüqonun Şərq baxışı” monoqrafiyasına istinad etmişdir.
“Fransız ədəbiyyatında Şərq” (Volterin yaradıcılığı üzrə) doktorluq dissertasiyasında isə o, məşhur fransız maarifçisi Volterin Şərq mövzusunda yazdığı əsərləri (3 faciə, bir roman və esselər) araşdırmış və elmin, mədəniyyətin ilkin olaraq Şərqdə yaranmasını, sonralar bunun Avropa mədəniyyətinin və elminin inkişafına təsirini təkzibolunmaz faktlarla sübut etmişdir.
Onun rəhbərliyi altında bir neçə dissertant müdafiə etmişdir. Hal-hazırda bir sıra doktorant və dissertantlara elmi rəhbərlik və məsləhətçilik edir.
Ə.Zeynalov V.Hüqonun, L.Araqonun, T.Qotyenin, A.Mussenin və digər fransız şairlərinin şeirlərini orijinaldan Azərbaycan dilinə tərcümə etmişdir.
Tədqiqatçı alim 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş beynəlxalq konfransda əsas məruzəçilərdən biri, 2001-ci ildə YUNESKO-nun xətti ilə keçirilən “Cənubi Qafqazda təhsil problemi” Beynəlxalq konfransın iştirakçısı, 2007-ci ildə Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin IX qurultayına nümayəndə, müxtəlif illərdə Fransanın Paris, Bözanson, Qrenobl şəhərlərində təşkil olunmuş tədbirlərdə, 2009-cu ildə Türkiyənin Ankara şəhərinin Qazi Universitetində keçirilən Beynəlxalq konfransda geniş məruzə ilə çıxış etmişdir.
Ə.Zeynalov Azərbaycan Jurnalistlər Birliyinin Fəxri diplomlarına, Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür.
Ə.Zeynalovun birbaşa iştirakı, məsləhəti və əsərlərindən istifadə əsasında “Uluxanlı məktəbi - 125”, “İrəvan və İrəvanlılar”, “Mustafa bəy Topçubaşov”, “Bir şair ömrü”(Əhməd Cəmil) sənədli filmləri ərsəyə gəlmişdir. “Tariximiz, torpağımız, taleyimiz” adlı çoxseriyalı sənədli filminin Uluxanlı və İrəvanla bağlı hissələri Ə.Zeynalovun iştirakı ilə çəkilmişdir. Azərbaycan radiosunda tədqiqatçı alimin “Azərbaycan bayatıları erməni qaynaqlarında” və “Musiqimizin təsir dairəsi” mövzusunda etdiyi çıxışlar radionun qızıl fondunda saxlanılır.
Tərcümeyi-halından da göründüyü kimi, Ə.Zeynalov elmə, elm aləminə təsadüfi gələnlərdən deyil. Xalq şairi Tahir Söhrabın dili ilə desək, “Əsgər müəllim ədəbiyyata hay-küylə deyil, özünün ağır zəhməti ilə gəlmişdir”. Qazandığı uğurlar ancaq özünün zəhməti, zəhmətkeşliyi və güclü iradəsi hesabınadır.
Bu baxımdan həm orta məktəb, həm də ali məktəb müəllimlərinin, həm də elmi rəhbərlərinin zəhmətini xüsusi dəyərləndirir.Onun yazılarında öz müəllimlərinə həsr etdiyi məqalələr xüsusi yer tutur. Müəllifin “Qaynaqlardan reallığa və ya hər şeydən bir az” kitabında müəllimlərinə həsr etdiyi yazılar “Mənim müəllimlərim” rubrikası altında dərc edilmişdir.
Son dövrlər Azərbaycanın həyatında elə bir mühüm hadisə olmamışdır ki, Ə. Zeynalov ona öz münasibətini bildirməsin. 1988-ci il deportasiyası, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, I Qarabağ hadisələri ilə bağlı silsilə məqalələr yazmış və kitablar nəşr etdirmişdir. Bunu “İrəvan ziyalıları”, “İrəvan məktəbləri”, “İllərin yol yoldaşı”, “Orda bir yurd var, uzaqda”, “Hara gedir bu qatar?” “Altaydan- Altaya” kitabları və onlarla məqalələri bir daha sübut edir.
Hər dəfə məqalənin ərsəyə gəlməsində nə qədər çətin olsa da, şəhid ailələri ilə görüşüb, onlarla bölüşüb, paylaşıb və bu nisgilli insanlara cuzi təskinlik verdiyini duyduqda özünü rahat hiss edib və bunu özünə ziyalı borcu bilib.
Bu yerdə akademik Fikrət Əliyevin sözlərini xatırlatmaq yerinə düşər: “Əsgər müəllimin əsərlərini oxuduqda şərti olaraq yazıları iki qismə bölmək olar: qanıyla yazılmış yazılar və təfəkkürün gücü ilə... “. Bu səpgidən olan yazıları Əsgər müəllimin qanıyla yazıldığı məqalələrə aid etmək olar.
44 günlük Vətən müharibəsi dövründə də professor Əsgər Zeynalovun fəaliyyətini xüsusi vurğulamaq lazım gəlir. Müharibənin gedişində Əsgər Zeynalov və onun başçılıq etdiyi Fransız dili və Mədəniyyəti Mərkəzi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə Fransanın bir sıra mərkəzlərinə və mətbuat orqanlarına məktublar göndərmişdir.
Əsgər Zeynalov hər kəsin kədərinə şərik olan, hər kəsin uğuruna sevinən, hər kəsə gücü çatan qədər dəstək olan, xeyirxahlıqdan, incəsənətdən, musiqidən, poeziyadan zövq aldığı qədər həzz alan, ehtiyacı olan hər kəsə ümid yeri olan bir insandır. Ən başlıcası sadəliyi yüksək mənəviyyat hesab edənlərdəndir.
Qarşıdan Ə.Zeynalovun 70 illik yubileyi gəlir. İndi də lap gəncliyində olduğu kimi yazır, yaradır, elmi axtarışlarını davam etdirir, xalqına, millətinə xidmət edir - yorulmadan, usanmadan. Heç bəzən geridə qalan, amma məhsuldar və yellərə vermədiyi illərə də dönüb baxmadan. Əgər bu gün də o bunu davam etdirirsə, deməli yalnız rəqəmlər öz işini görür. Ə.Zeynalovun zəkası da, qəlbi də, ruhu da gəncdir. Biz ədəbiyyatşünaslığımızın alim Əsgərinə möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları diləyirik. Arzu edrik ki, bu pillələrdə 80, 90, 100 yaşında da indiki ruh yüksəkliyi, pozitiv enerji ilə addımlasın və bizlərə çoxlu yeniliklər, tapıntılar təqdim etsin.
Zeynəb QASIMOVA,
filologiya elmləri üzrə fəlsəfə doktoru, Bakıdakı 291 nömrəli “Ekologiya” liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi