Noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil edilib.
Şuşa məktəblərinin uğur təcrübəsinə həsr edilən “Şuşa dərsi”ndə bu təhsil müəssisələrinin uğur sirri, təhsil ənənələri barədə müzakirələr aparılıb. Vaxtilə Şuşada məktəb direktoru, müəllim işləmiş və hazırda fəaliyyətlərini davam etdirən təhsil işçiləri, elm və təhsil xadimləri ilə aparılan müzakirələr vasitəsilə Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa qəza məktəbinin nümunəsində çoxillik təhsil tarixinə işıq tutulub.
Əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” başlıqlı xalqa müraciətindən videoçarx təqdim edilib.
Daha sonra açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Qələbəmizin xalqa bəxş etdiyi sevincdən danışıb və bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq.
Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühitinin böyük rol oynadığını qeyd edən nazir müavini bildirib ki, ötən yüzilliklərdən üzübəri müxtəlif sənət və peşə sahiblərinin, xüsusən görkəmli ziyalıların yetişməsində bir ədəbi mühit kimi Şuşanın böyük rolu olub.
Şuşa qəza məktəbinin tarixinə toxunan Firudin Qurbanov deyib ki, bu qəza məktəbi ilə Azərbaycanda dövlət təhsil sisteminin bünövrəsi qoyulub. Şuşa şəhərində dünyəvi məktəbin açılması böyük əlamətdar hadisə idi. Bununla Şimali Azərbaycanda Avropa tipli dünyəvi təhsilin əsası qoyulmuş oldu. Bu məktəb Şuşanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında, Şuşa əhalisinin maariflənməsində mühüm rola malik olub. Şagirdlərin sayına görə bu məktəb nəinki bütün Zaqafqaziyada və Qafqazda, hətta bütün Rusiyada birinci yeri tuturdu. Qəza məktəbləri yerləşdikləri ərazidə yeganə təhsil müəssisəsi olmaqdan əlavə, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərirdi. Şuşa məktəbi bu sahədə geniş mədəni-maarif işi aparırdı. Şəhərdə musiqiyə, ədəbiyyata maraq göstərilməsi məktəbdə müxtəlif mədəni tədbirlərin keçirilməsinə kömək edirdi. Eyni zamanda, bu məktəb Azərbaycanın o dövrki inkişafı üçün fəaliyyət göstərən şəxslərin yetişməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Nazir müavini qeyd edib ki, hazırda Şuşa rayonu üzrə 21 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə çalışan 480 nəfərə yaxın pedaqoji işçi 4000-dən artıq şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Dövlət tərəfindən Şuşa təhsilinə həmişə böyük diqqət yetirildiyini vurğulayan Firudin Qurbanov əlavə edib ki, bu gün də Şuşa məktəbləri, Şuşa müəllimləri harada olmalarından asılı olmayaraq, uşaqların əsl vətəndaş kimi və vətənpərvər böyümələrinə, biliklərə yiyələnmələrinə məsuliyyətlə yanaşırlar. Şuşa məktəbləri, Şuşa müəllimləri doğma torpaqlarımıza qayıdış ruhu ilə yaşayır. Onları yaşamağa və işləməyə ruhlandıran böyük inam, Vətənə məhəbbət, gələcəyimiz olan uşaqlarımıza yüksək bilik verilməsidir.
Nazir müavini çıxışının sonunda tədbirdə müzakirə edilən önəmli məsələlər, çıxışlarda səsləndirilən dəyərli fikirlər və irəli sürüləcək təkliflərin seminarın işinə töhfə verəcəyinə və gələcəkdə bununla bağlı keçiriləcək görüşlər, tədbirlər üçün Şuşada təhsilin inkişafının təmin olunmasında faydalı olacağına əminliyini ifadə edib.
"Şuşa dərsi”nin moderatoru, T-NETWORK-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov öz növbəsində T-N-NETWORK olaraq Təhsil Nazirliyinin dəstəyi ilə silsilə olaraq təhsilin inkişafı istiqamətində müzakirələr təşkil etdiklərini vurğulayaraq, belə müzakirələri dəstəkləyən Təhsil Nazirliyinin rəhbərliyinə T-NETWORK komandası adından xüsusi təşəkkür edib. Bildirilib ki, “Şuşa dərsi” Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planının tərkib hissəsidir.
Müzakirələrdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Şahlar Əsgərov, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Asif Cahangirov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Şuşada da məktəb direktorları işləmiş, hazırda Şuşa rayonu 5 nömrəli tam orta məktəbin direktoru olan Şükür Nəsibov, Şuşa rayonu 19 nömrəli tam orta məktəbin direktoru Rafael Məmmədov, vaxtilə Şuşada müəllim işləmiş, hazırda isə Şuşa rayonu 6 nömrəli tam orta məktəbdə direktor kimi fəaliyyətini davam etdirən Naimə Əliyeva, eyni adlı məktəbin müəllimi Raisə Fərəcova, Şuşa rayonu 24 nömrəli ümumi orta məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək öz təcrübələrini paylaşıblar.
Müzakirələr vasitəsilə "Şuşa məktəblərinin uğur sirri nədir?, Şuşadakı məktəblər hansı ənənələri ilə seçilib?, Hazırda bu ənənələrdən hansılar davam etdirilir?, Bu günün məktəblərinin Şuşa məktəblərindəki təlim-tədris praktikasından öyrənəcəyi nələr var?, Dahilər yetişdirən məktəblərin xüsusiyyətləri nələrdir?, Daha bir Ü. Hacıbəyovun, Firudin bəy Köçərlinin və digər dahi şəxslərin yetişməsi üçün nələr etmək lazımdır?” kimi suallara cavab axtarılıb.
Təhsil Nazirliyinin rəsmi "Facebook” səhifəsi üzərindən canlı yayımlanan və təhsil ictimaiyyətinin böyük marağına səbəb olan “Şuşa dərsi”ni 30 minə yaxın insan izləyib.