Logo

Prezident təqaüdçüsü: “Bakı Ali Neft Məktəbinin tələbələri mənə motivasiya verirdi”

22.10.2021 08:48 523 baxış
IMG

Prezident təqaüdçüsü Tamerlan Ağayev 2004-cü il martın 1-də Siyəzən rayonunda doğulub. 1-ci sinifdən 6-cı sinfədək Siyəzən rayonu 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Sonra bir il Quba İstedad liseyində təhsilini davam etdirib. Respublika Fənn müsabiqəsində Fizika fənni üzrə qızıl medal qazanıb və Bakıda Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyinə qəbul olunub. Həmin məktəbin məzunudur. Dəfələrlə Respublika Fənn olimpiadalarında nailliyyətlər qazanan və Beynəlxalq olimpiadalarda iştirak edən Tamerlan 679.6 balla Bakı Ali Neft Məktəbinin Kompüter mühəndisliyi ixtisasına qəbul olunub.  

- Bakı Ali Neft Məktəbində təhsil almaq istəyi necə yarandı?

- Bakı Ali Neft Məktəbi çox tanınmış, nüfuzu yüksək olan ali məktəbdir. Buranın tələbələri hər yerdə - həyatda, sosial şəbəkələrdə, tanışlar arasında qarşıma çıxırdı. Onların uğurları ilə tanış olurdum və bu, mənə motivasiya verirdi. BANM-in tələbələri hər zaman göz önündədirlər. Ona görə də bu Ali Məktəbi seçmək qərarına gəldim.
 
- Kompüter mühəndisliyi ixtisasına həvəsiniz necə yarandı?

- Artıq insan əməyi kompüter,robot əməyi ilə əvəzlənib. Onlayn, distant təhsil və bir çox sahələrdə işlər kompüterlə idarə olunur. Artıq kompüter dövrüdür. Buna görə də gələcək yalnız kompüterlə bağlıdır.
 
- Sizin kimi uğurlu abituriyent olmaq istəyənlərə nə məsləhət görürsünüz?

- Yüksək bal toplamaq üçün iki əsas şərt var: intizam və vərdiş. İntizamlı olmaq vərdişə çevrilir. Əgər intizamlı olsaq, bizim üçün çətin olan şeylər bir müddət sonra normal, adi gələcək. Yüksəklikdən,  çətinlikdən qaçmaq lazım deyil. Bacardığınız qədər çox çalışmaq lazımdır. Bir müddət sonra beyin buna öyrəşir və artıq adiləşir. Məsələn, bir günə 100 test işləmək bu gün çətindirsə, bir ay sonra artıq asan olur. Bacardığım qədər hər gün nəsə etməyə çalışırdım. İstirahət vaxtımda da nəsə edirdim. İstirahət də etmək lazımdır. Ancaq nizam-intizamlı olsaq, vaxtımızı da düzgün bölə bilərik. Çox zaman vaxt azlığından şikayət edirlər. Amma gün 24 saatdır, bunun 8 saatını yatıb, 8 saatını dərsdə olsaq, qalan 8 saat boş qalır. Vaxt çoxdur, sadəcə əsas məsələ onu düzgün bölməkdir. Mən vaxtımı düzgün bölürdüm.
 
- Gələcək hədəfləriniz nədir?

- Həyatda ən böyük məqsədim, hədəfim kompüter mühəndisliyi ixtisası üzrə uğurlu mütəxəssis, yaxşı insan olmaq və öz ətrafımdakı insanları da bu yola, təhsilə, elmə cəlb etməkdir.
 
- Tələbəlik həyatına başlamısınız. Təəssüratlarınız necədir?

- Tələbəlik həyatı asan deyil, amma xoşdur. Nə qədər çətin olsa, nəticəsi bir o qədər gözəl olur. Nizam-intizamlı olsaq, bir müddət sonra buna da öyrəşəcəyik.  
 
- Asudə vaxtlarınızda nə işlə məşğul olursunuz?

- Sağlamlıq üçün idmanla məşğul oluram. İdmanla məşğul olmaq tədrisə də böyük kömək edir. Sağlam bədəndə sağlam ruh, sağlam düşüncə olar. Bir məqalə oxumuşdum, oradan yadımda qalıb ki, dərs oxuduqdan sonra idmanla məşğul olmaq oxuduqlarımızın yaddaşımızda daha yaxşı qalmasına kömək edir. Bunu təcrübədən keçirdim və nəticəsini gördüm.

Xəbər lenti