Logo

Müəllim peşəsindən gözləntilər

03.12.2021 13:51 352 baxış
IMG

Təhsil İnstitutu sorğu vasitəsilə ictimaiyyətin rəyini öyrənib

Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) əməkdaşlığı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən həyata keçirilən “Ümumi təhsil pilləsində qiymətləndirmə üzrə milli siyasətin gücləndirilməsi və müəllimlərin peşə standartlarının hazırlanması” layihəsi çərçivəsində ümumi təhsil pilləsində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlərin peşə standartları hazırlanır.

İctimaiyyətin müəllim peşəsi haqqında fikrini öyrənmək məqsədilə ARTİ tərəfindən onlayn sorğu keçirilib. Sorğuda ümumilikdə 636 respondent iştirak edib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin böyük əksəriyyəti müəllimin ixtisası (91%), sinfin idarəolunması (79%), pedaqoji-psixoloji (78%), İKT-nin tətbiqi (75%),müxtəlif tipli uşaqlarla iş (72%), metodik (67%), o cümlədən səmərəli öyrənmə mühitinin təşkili (65%) və qiymətləndirməyə (65%) dair bilik və bacarıqlara malik olmasını mühüm hesab edir. Qeyd olunanlarla yanaşı, onlar müəllimdə, həmçinin planlaşdırma (55%), pedaqoji-psixoloji (51%) və elmi-dünyəvi (50%) bilik və bacarıqların olmasını məqsədəuyğun bilirlər (şəkil 1).

Eyni zamanda, sorğu iştirakçıları müəllimin milli-mənəvi (85%), öyrənənlərə şəxsiyyət kimi yanaşma (82%), humanistlik (76%) və demokratik (64%) dəyərlərə sahib olmasının vacibliyini vurğulayırlar (şəkil 2).

Respondentlər müəllimin öz peşəkar inkişafına maraqlı olmasının (99%) və bu inkişafyönümlü prosesin davamlı olaraq aparılmasının (95%) əhəmiyyətini qeyd edirlər. Sorğu iştirakçıları müəllimin peşəkar inkişafınındövlətin təhsil siyasətinə (68%) və təhsilalanların təlim nəticələrinə (66%) əsasən həyata keçirilməsini məqsədəuyğun sayırlar. Müəllimin inkişafında peşəkar ünsiyyət və əməkdaşlığın vacib rol oynadığını düşünən respondentlərin sayı 92% təşkil edir (şəkil 3).

Yalnız müstəqil öyrənmə bacarığına malik müəllimin eyni bacarıqlı şəxsiyyət formalaşdıra bilməsi fikri ilə 43% iştirakçı razı, digər 43% isə qismən razıdır. Sözügedən fikirlə razı olan sorğu iştirakçıları həm də müəllimin öz peşəkar inkişafına maraqlı olmasını (100%), bu prosesdə ünsiyyət və əməkdaşlığın əhəmiyyətini (99%) və həmin prosesin davamlı olmasını (97%) qeyd edir.

Respondentlərə təşəkkür edir və bu mövzuda sorğuların davam edəcəyini bildiririk.

Həbibə NƏZİROVA,

ARTİ-nin layihə koordinatoru

Xəbər lenti