Logo

Novruz Qartal: Kirayə qaldığı evdən son mənzilə köçən sənətçi - FOTO

16.01.2022 11:23 781 baxış
IMG

Novruz Qartalın ölüm xəbərini teatrsevərlər üzüntü ilə qarşıladı. Aktyorun ağır xəstəliyi, evsizliyi, çətin sosial-maddi durumu haqqında media və sosial platforma paylaşımları bir-birini əvəz etdi. Novruz Qartal uzun müddətdir xəstə idi: insult keçirmişdi, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu. Amansız xəstəliklə mübarizədə milyonlarla insan kimi o da aciz idi...

Kaspi.Az-ın bu haqda yazısını təqdim edirik:

Novruz Qartal ömrünü teatra həsr etmişdi. 1967-ci ildə Şəmsi Bədəlbəylinin dəvəti ilə səhnəsinə çıxdığı Musiqili Komediya Teatrı ona dünyanın ən müqəddəs məkanları qədər əziz idi. O, bu teatrın səhnəsində “Toy kimindir”də Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda xidmətçi, “Sevindik qız axtarır”da tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç, “Bankir adaxlı”da Dilənçilər padşahı, “Əlin cibində olsun”da Dilənçi, “Aldın payını, çağır dayını” komediyasında Əhmədi Biqəm və s. obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmişdi. Səhnəyə, teatra məhəbbətini özü üçün “Əgər aktyor teatrdan gedərsə, bir aydan sonra dünyasını dəyişəcək. Aktyorun canı səhnədə çıxmalıdır...” fikirləri ilə məzhəbə çevirmişdi. Novruz Qartal Azərbaycanın Əməkdar artisti fəxri adına, bir neçə dəfə Prezident mükafatına layiq görülmüşdü. Onkoloji xəstəliyə təslim olmasaydı, yenə də teatrın səhnəsində olacaqdı. Teatr rəhbərliyi də indiki kimi təsdiqləyəcəkdi: “Təqaüd yaşına çatmasına baxmayaraq, bu gün də o, teatrın aktyor heyətinin üzvüdür, yaşına və yaradıcılığına uyğun rollarda çıxış edir...”

Novruz Qartal tamaşaçı sevgisi qazanan aktyor idi. Həyat ondan bir çox maddi nemətlərini əsirgəsə də, “Tamaşaçı sevgisini qazanmaq hər sənətkara nəsib olmur” deyə özünə təsəllisini əlindən ala bilməmişdi. O, bu sevgini gerçəkdən qazanmışdı. “Aktyor olmaq asandır, ancaq gərək insan sənətkar olasan. Gənclərə də qayğı göstərəsən. Çünki biz məktəb görmüşük. Mən Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Münəvvər Kələntərli, Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov kimi görkəmli sənətkarlarla ünsiyyətdə olmuşam, onlardan öyrənmişəm. Öyrəndiklərimi də bu gün gənclərə əsirgəmirəm. Çünki onlardan qayğı görmüşəm və mənim də borcumdur ki, həmin qayğını yetişən nəslə əsirgəməyim” sözləri dilinin əzbəri idi.

Novruz Qartal “Kaspi”yə dəfələrlə müsahibələr vermişdi. Hər dəfə də içində ötən illərə dərin nostaljisi olduğunu gizlətməmişdi. Teatrın qaynar dövrünü, müqtədir sənətkarlarla bir səhnəyə çıxmasını yada salır, tamaşaçıların ara verməyən alqışlarını yuxu kimi xatırlayırdı:

“O dövr başqa idi, bu dövr isə tam başqadır. O illərdə tamaşaçılarla ünsiyyət daha çox idi. Tez-tez rayonlara qastrollara çıxırdıq. Azərbaycanın bütün bölgələrində, kolxoz və sovxoz işçiləri qarşısında, pambıq tarlalarında çıxışlar edirdik. Bu cür səfərlərimiz həftələrlə, aylarla davam edirdi. Tamaşaçılarla belə canlı ünsiyyət çox maraqlı idi. Bu gün isə həmin sistem dağılıb. Düzdür, indi də tamaşaçılarımız teatra gəlirlər. Hər bir tamaşaçının öz zövqü var. Elə tamaşaçı var, bayağı gülüşləri xoşlamır, əsl sənət görmək istəyir. Elə tamaşaçı da var ki, ən mənasız şeylərə gülür. Bu, təbii haldır. İnsanlar cürbəcürdür. Sadəcə, aktyor çalışmalıdır ki, obrazı düzgün oynasın. Əgər aktyor öz rolunu düzgün oynasa, gülüş də öz-özünə gələcək”.

Novruz Qartal hələ 65 yaşı olanda yubileyi ilə bağlı “Kaspi”yə verdiyi müsahibəsində kirayədə yaşamasından gileylənmişdi. “Sizə ev verilməsi ilə bağlı müraciət etmisinizmi?” sualıma “Etmişəm, hələ ki, bir şey yoxdur. Yenə ümidimi itirmirəm. Mən öz işimi gənclikdə necə sevirdimsə, indi də elə sevirəm. Məni işə bağlayan maddiyyat deyil. Çünki bizim nəsil səhnə fədailəridir. Bizim üçün səhnəsiz dayanmaq mümkün deyil” deyə cavab vermişdi. Təəssüf ki, o vaxtdan həyatla vidalaşdığı günə qədər bu mövzuda heç nə dəyişmədi. Bu illər ərzində aktyorun evsizliyi kimsəni narahat etmədi. Ev alması üçün teatrın müraciəti lazımi ünvanlara göndərilmədi. Mədəniyyət Nazirliyindən “Sənə hələ borclarımız var. Hələ borcumuzu ödəməmişik” deyə aktyora açılan məmur zəngi də onu kirayədən xilas etmədi.

Novruz Qartal 74 yaşında yenə də kirayədə yaşayırdı. Müsahibələrində təkrar-təkrar “Kirayədə yaşayıram…” deyə vurğulayırdı. Elə baş və epizodik rollarında oynadığı teatrın səhnəsini evi bilirdi. Evsizliyi ilə bağlı müsahibələrində giley-güzar etsə də, idarə və təşkilatların qapısını döyməyi, məktublar yazmağı, səlahiyyətli şəxslərin rahatlığını pozmağı sevmirdi:

“Mən həmişə sadə insan olmuşam. Gəncliyimdə də belə idim, indi də beləyəm. Ac və susuz olduğumu da heç vaxt heç kimə bildirmirəm. Heç vaxt qürurumu əyməmişəm. Düşünmüşəm ki, teatrda bilirlər. Cəbhələrdə oldum, fikir vermədim. Düşündüm, yaxşı olacaq. Qapı döymək, ona-buna yalvarmağı bacarmıram. İnsanlara yaxşılıq etdim, rəhmət qazandım. Hamı üçün yaşamışam. Özüm üçün utanardım nəsə edim. Mənim üçün səhnədə olmaq daha önəmlidir”.

Parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva da onun ağır sosial durumu ilə bağlı müvafiq qurumlara çağırış etmişdi:

“Novruz Qartal hər zaman bir sənətkar kimi ön cəbhələrdə əsgər və zabitlərimizin qarşısında çıxış edib, mədəniyyət sahəsinə öz töhfələrini verib. Novruz Qartal bu gün çox ağır vəziyyətdə kirayədə yaşayır. Sosial-maddi durumu çox çətindir. Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini birotaqlı da olsa, öz evində yaşamaqdır. Mən müvafiq dövlət qurumlarına, tikinti şirkətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş sənətkarın son arzusunun həyata keçməsi üçün dəstək göstərməyə çağırıram”.

 

Aktyorun həyat yoldaşı Zərqələm xanımın “55 il teatrda can qoyan aktyor bu gün kirayələrdə ölür. Aidiyyəti qurumlar hara baxır? Çox şikayət etmişik, cavab verən olmayıb. Heç 55 ilin də aktyorunun meyiti kirayədən götürülərmi?” məzmunlu fəryadına da cavab verən tapılmadı.

“Gərək aktyorun nazını çəkəsən” deyən Novruz Qartal qızının evindən son mənzilə köçdü. O, həyatın nazsız, sığalsız-tumarsız həqiqəti ilə çoxdan barışmışdı: “Neyləmək olar? İnsanlar həyatda bir gün olduqları kimi, bir gün də yoxdurlar. Sənət isə daimidir…” deyirdi.

Novruz Qartal da beləcə fani dünyaya vida etdi. İşıqlı dünyada ayağını öz mənzilində rahat uzatmaq arzusunu da özü ilə apardı. Kirayə evdən son mənzilinə köçdü. Teatrsevərlərə isə yaddaşımıza həmişəlik yazılan maraqlı rollar yadigar qoydu…

Xəbər lenti