Logo

Ədəbiyyatın yaddaşı

17.01.2022 08:59 557 baxış
IMG

Ekspertlər deyirlər ki, 2021-ci il ədəbiyyatımız üçün çox aktiv, maraqlı olub. Onların fikrincə, bu il ədəbiyyat, söz adamlarına 2022-ci il üçün yeni üfüqlər açdı.

05 yanvar 2021-ci il tarixində  Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə "Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı mədəniyyətimiz, ədəbiyyatımız, xüsusən də mənəviyyatımız üçün çox əlamətdar oldu. "Nizami Gəncəvi İli” həm də "Ədəbiyyat İli” demək idi. Bu il ölkəmizdə dahi ədibin həyat və yaradıcılığı haqqında çoxsaylı tədbirlər keçirildi və görkəmli şairin ədəbi irsinin dünyanın müxtəlif ölkələrində yayılması, kitablarının kütləvi tirajlarla çapı ilə yadda qaldı.

Kitab sərgiləri və iki Xalq şairi itkisi

Ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ev sahibliyi etdi. Eyni zamanda adıçəkilən nazirlik tərəfindən I Gəncə Kitab Sərgisi təşkil olundu. Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı görkəmli söz ustadının yaradıcılığına olan marağı daha da artırdı. Bu il həmçinin iki dəfə "Qanun” nəşriyyatının təşkilatçılığı ilə Əl Oyunları Sarayında Milli Kitab Satış Sərgisi baş tutdu. İki xalq şairi – Musa Yaqub və Fikrət Qocanın vəfatı isə ilin üzücü xəbərlərindən oldu.

Gənclərin qazandığı mükafatlar

Gənc yazar Ümid Nəccari Belçikanın nüfuzlu "Bogdani” beynəlxalq mükafatını qazandı. Həmçinin gənc şair Ramil Əhməd Türkiyədə dünyanın müxtəlif ölkələrindən təhsil alan 892 tələbənin iştirak etdiyi "Uluslararası Eser Yarışması”nda "Elma sodası" şeiri ilə 2-ci yeri tutdu, həmçinin o, Anarın "Çəpəki Yağış" əsərinin tərcüməsinə görə 3-cü yerə layiq görüldü.

"Yeni dəb”in 6 kitabı, "Bayraqdar” toplusu  

Azərbaycan Dövlət Tərcümə Mərkəzi 150 cildlik "Dünya Ədəbiyyatı İnciləri” seriyasını təsis etdi. Beynəlxalq ədəbi əlaqələr baxımından əlamətdar olan 2021-ci ili Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi, Qəbul komissiyasının sədri, tanınmış şair, tərcüməçi Səlim Babullaoğlu belə xarakterizə etdi: "Bu il "Yeni dəb” (Dünya Ədəbiyyatı Kitabxanası) seriyasından 6 kitab çap edildi: Luici Pirandello, Luiza Qlük, Nikolae Spetaru, Tumas Tranströmer, Nizar Qəbbani, Maqsud İbrahimovun kitabları. Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş və 30 ukraynalı şairin  şeirlərinin toplandığı "Vüqarlı Dneprin suları axsın” şeir antologiyası nəşr olunub. Ukraynada isə azərbaycanlı nasirlərin Qarabağ haqqındakı nəşr əsərlərindən ibarət "Bayraqdar” adlı proza toplusu yayımlandı. Rumın şairi Mihay Emineskunun şeirlər kitabı Azərbaycan dilində yayımlanıb. Seyfəddin Hüseynlinin redaktorluğu ilə "Dünya Ədəbiyyatı” jurnalının "Pakistan” və "Türkiyə” xüsusi nömrələri oxucuların ixtiyarına verilib. Türkiyədə "Təmrin” jurnalının sayları görkəmli alim  Şirməmməd Hüseynov və şair Nurəngiz Günə həsr olundu. 40-dan çox dünya şairlərinin şeirlərini tərcümə etdim, həmin nümunələr "Ədəbiyyat qəzeti”ndə dərc olundu. N.Gəncəvinin müasiri olan 10 avropalı şairin şeirlərini də dilimizə çevirdim”.

"Qarabağ dastanı”nın təqdimatı

AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza isə baş tutan tədbirlərdən söz açdı: "Bu il Şuşada Vaqif Poeziya Günləri keçirildi. Biz yazarlar cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən həmin poeziya bayramında iştirak etdik. Bu il həm də Yazıçılar Birliyinin növbəti qurultayının elan olunması ilə yadda qaldı. Birliyin sədri Anar müəllim cənab Prezidentdən AYB-nin növbəti qurultayının Şuşada keçirilməsini xahiş etdi. Cənab Prezident də bu təklifi müsbət qarşıladı. İlin sonuna doğru pandemiya ilə bağlı qapanmalar qismən yumşalandan sonra bəzi yazarlarımızın yubileyini AYB-nin Natavan klubunda keçirdik və "Qarabağ dastanı” və Vaqif Poeziya günləri haqqındakı "Bütün yollar Şuşaya aparır” kitablarının təqdimat mərasimlərini keçirdik. Cənab prezident bir qrup mədəniyyət adamlarını fəxri adla təltif etdi”.

"Molla Nəsrəddin” jurnalının ensiklopediyası

Ədəbiyyat elmindəki yeniliklər barədə isə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gülnar Səmabəhs etdi: "Bu il institutumuzun "Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan "ASOS indeks” sisteminə daxil edildi. İlk dəfə olaraq "Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanıb çap olundu. İnstitut tərəfindən "Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin dördüncü cildi nəşr edildi. "Ədəbiyyat qəzeti”nin Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və "Ulduz” jurnalı ilə birlikdə hazırladığı "Nizami Gəncəvi İli” Xüsusi buraxılışlarının təqdimatı keçirildi. İnstitutda "Pakistan ədəbiyyatı mərkəzi” fəaliyyətə başladı. Akademik İsa Həbibbəylinin on dildə "Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı, eyni zamanda "Nizami Gəncəvi almanaxı”nın ikinci cildi nəşr edildi. "Arı” və "Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edildi. Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının yeni üzvləri və sədri seçildi”.

Görülən işlərdən də məlum olur ki, 2021-ci il ədəbiyyatımız üçün çox aktiv, maraqlı olub. Bu il ədəbiyyat, söz adamlarına növbəti il üçün yeni üfüqlər açdı… Əlbəttə sadalanan işlər üç ədəbiyyat adamının xatırladığı ədəbi işlər, fəaliyyətlər idi. Nə qədər çox söz adamı danışsa, görülən işlərin siyahısı da o qədər uzanar...

Hazırladı: Fərid Hüseyn (Kaspi qəzeti)

Xəbər lenti