Logo

Beynəlxalq qiymətləndirmə tədqiqatları barədə müəllimlərin məlumatlılığı artırılıb

06.08.2022 16:45 280 baxış
IMG

Beynəlxalq qiymətləndirmə düşərgəsinə yekun vurulub

Bu günlərdə Lənkəranda Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq qiymətləndirmə düşərgəsi təşkil olunub. Üç gün davam edən düşərgədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan 35 müəllim iştirak edib.

Bəs, düşərgədə müəllimlər hansı istiqamətlər üzrə məlumatlanıb? Onlar beynəlxalq qiymətləndirmə tədqiqatlarına uyğun hansı fəaliyyətlərə cəlb olunublar? Suallarımıza cavab tapmaq məqsədi ilə ARTİ-nin direktor müavini Ülkər Babayeva ilə əlaqə saxladıq, düşərgədə həyata keçirilən fəaliyyətlərlə bağlı fikirlərini öyrəndik.

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva bizimlə söhbətində beynəlxalq qiymətləndirmə düşərgəsindən söz açıb. Düşərgənin təşkilində əsas məqsədin müəllimlərin Beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarət olduğunu bildirib: “Düşünürəm ki, bu, düşərgə iştirakçıları üçün yaxşı fürsət idi. Müəllimlər müxtəlif araşdırma və müzakirələrə cəlb olunmaqla PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olub, eyni zamanda müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə ediblər.”

PISA

Ülkər Babayeva düşərgədə ayrı-ayrı günlərdə həyata keçirilən fəaliyyətlər haqqında danışıb. O, bildirib ki, ilk gün düşərgə iştirakçılarına PISA-Beynəlxalq Qiymətləndirmə tədqiqatı haqqında geniş məlumat çatdırıldıqdan sonra auditoriya 4 qrupa bölünüb. Qruplar müvafiq tapşırıqlar üzrə təlimatlanıb, yaşadıqları ərazini mədəniyyət və tarix, rəqəmsal təsvir, iqtisadi və fiziki baxımdan araşdırıblar. Araşdırmalar əsasında hər bir qrup təlimata uyğun müxtəlif tipli mətn nümunələri yaradıb və PISA yönümlü tapşırıq nümunələri hazırlayıb.

PIRLS

Ülkər Babayeva bildirib ki, PIRLS IV sinif şagirdlərinin oxu savadlılığını ölçən beynəlxalq qiymətləndirmə tədqiqatıdır. Düşərgə iştirakçılarının bu tətqiqat üzrə maariflənməsini və müvafiq bilik, bacarıqlara yiyələnməsini təmin etmək üçün uyğun fəaliyyətlər həyata keçirilib. Düşərgə iştirakçılarından ibarət auditoriya qruplara bölünərək bildikləri bir neçə hekayəni təhlil edib, seçdikləri süjet xətti üzrə yeni hekayələr qurub. Sonra iştirakçılar həmin yeni hekayələr əsasında PIRLS yönümlü tapşırıq nümunələri hazırlayıblar.

TIMSS

TIMSS - Beynəlxalq Qiymətləndirmə Tədqiqatının əhəmiyyətindən və aktuallığından da söz açan Təhsil İnstitutunun direktor müavini iştirakçıların bu tətqiqata da xüsusi maraq göstərdiyini diqqətə çatdırıb. Ülkər Babayeva deyib ki, müəllimlərə həm riyaziyyat, həm təbiət elmləri üzrə nümunə suallar təqdim edilib. Bundan əlavə, düşərgə iştirakçıları ARTİ tərəfindən verilmiş istiqamətlərə istinadən TIMSS yönümlü tapşırıq nümunələri hazırlayıblar.

TALIS

TALIS-Beynəlxalq Qiymətləndirmə Tədqiqatı haqqında da danışan Ülkər Babayeva bildirib ki, Azərbaycan TALIS beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində iştirak edib. Pilot mərhələnin əsas məqsədi tədqiqatın sınaq mərhələsində istifadə olunacaq sualların respondentlər tərəfindən anlaşıla bilən olub-olmadığını yoxlamaqdır. Düşərdə iştirakçıları TALIS tədqiqatının tələblərini nəzərə alaraq, Azərbaycan təhsil sistemində müəllimlər üçün ən vacib səriştələri seçib bu səriştələrə dair nümunə peşə standartları hazırlayıblar.

Yekunda ARTİ-nin direktor müavini Ülkər Babayeva müəllimlər üçün təşkil olunan Beynəlxalq qiymətləndirmə düşərgəsinin davamlı olaraq digər regionlarda da keçiriləcəyini bildirib.

Niyazi RƏHİMOV

Xəbər lenti