Qədim türk tayfası olan Kəngərlilər çox qədim tarixə malikdirlər. Onların Naxçıvanda məskunlaşması haqqında məlumatlar IV-V əsrlərə təsadüf edir. Tarixi mənbələrdən belə bəlli olur ki, Kəngərlilər çox igid və döyüşkən olublar. Hətta “1829-cu ildə Kəngərli nəslinin igidləri ayrıca beşinci alay yaradıblar”.
Onların igidliyi, döyüşkənliyi, mərdliyi haqqında 1833-cü ildə Viktor Qriqoryev “Naxçıvan əyalətinin statistik təsviri” kitabında yazırdı ki, “Kəngərlilər döyüşkən, işgüzar adamlardırlar, hərbiçidirlər. Qonaqpərvər və dostluqda möhkəmdirlər. Lakin heç vaxt təhqirə, incidilməyə dözmürlər və bunu yaddan çıxarmırlar. Çox məğrur və qürurludurlar”.
Məmmədqulu bəy Kəngərli də bu soyadın ən layiqli davamçılarından olub. Məmmədqulu bəy 1864-cü ildə Naxçıvanda Şəfi ağanın ailəsində dünyaya gəlib. Şəfi ağa Kəngərli Peterburqda ali təhsil almış dövlət qulluqçusu olub. O, ərəb, fars, rus dillərini yaxşı bildiyi üçün ilk təhsilini oğluna özü verib. Oğlunu savadlı hərbiçi görmək arzusunda olan Şəfi bəy balaca Məmmədqulunu əvvəl Tiflisdə, sonra isə Peterburqda Mixaylov Ali Topçuluq məktəbində oxudur.
Topçuzabit olan Məmmədqulu sonra Peterburq Universitetində hüquq fakültəsinə daxil olub və təhsilini başa vurduqdan sonra vətənə qayıdıb. Təmənnasız olaraq Naxçıvanda və İrəvanda həmyerlilərinin (xüsusən də savadsız kəndlilərin) hüquqlarını müdafiə edib.
Məmmədqulu bəy ciddi, nizam-intizamlı hərbiçi olmaqla yanaşı, həm də maarifpərvər, xeyriyyəçi, millətpərəst bir ziyalı olub. “1903-cü ildə İrəvanda Azərbaycan dilində orta təhsilli qız məktəbi açmış və məktəbli qızların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün öz hesabına Smolnı İnstitutundan məzun olan bir müəlliməni də işə dəvət etmişdir”.
Mütaliəni çox sevən Məmmədqulu bəy Naxçıvanda öz evində zəngin kitabxana yaradır və həmyerlilərinin ixtiyarına verir. Bu haqda Həmidə xanım Məmmədquluzadənin (Cavanşir) “Xatirələrim”dən oxuyuruq: “Tanınmış hüquqşünaslardan olan Məmmədqulu bəy Kəngərli Mirzə Cəlilin yaxın dostu idi. O, Məmmədqulu bəyin xətrini çox istəyir və onu yüksək qiymətləndirirdi. Mirzə Cəlil onun rəhbərliyi ilə vəkilliyə imtahan vermək üçün 300 cildlik kitabxanasında hüquqşünaslığa dair ədəbiyyatı oxuyub ekstern imtahana hazırlaşırdı”.
O günləri Mirzə Cəlil də belə xatırlayırdı: “Mən demək olar ki, hər gün Məmmədqulu bəy Kəngərlinin evinə gedir, saatlarla onun kitabxanasında oturur, özü ilə uzun-uzadı söhbətlər edir, hüquq fakültəsinə daxil olmağa hazırlaşırdım”.
20-ci yüzilliyin ilk illərində Çar hökuməti yenidən milli məsələ problemini ortalığa atır və müsəlmanlara qarşı birmənalı siyasətini davam etdirir. Xüsusən də Qarabağda və Naxçıvanda. Bu isə xalqımızın ziyalı, vətənpərvər oğullarını narahat etməyə bilməzdi.
Bu zaman Naxçıvanda Mirzə Cəlil, Eynəli bəy Sultanov, Qurbanəli Şərifov, Şahbaz və Əsəd ağa Kəngərlilər, Baxşəli ağa Şahtaxtlı və Məmmədqulu bəy Kəngərli bütün olaylara qarşı çıxaraq hökumətə etirazlarını bildirmək üçün üç nəfərdən ibarət nümayəndə heyəti təşkil edərək Peterburqa yola salırlar. Məmmədqulu bəyin mükəmməl hüquq təhsili olduğu üçün nümayəndə heyətinə rəhbərlik edir. O, bütün gücünü bu məsələnin həll edilməsinə yönəldir. “1905-ci ildə Peterburqda yüksək rütbəli hökumət məmurları ilə, xüsusən də Qafqaz canişini Vorontsov-Daşkovla görüşə nail olan Məmmədqulu bəy məsələni çox kəskin qoyur: “Müsəlmanların dini, milli ehtiyaclarını hökumətə bildirməklə yanaşı, onların da xaçpərəstlərlə bərabər hüquqlu sayılmasını tələb edir”.
Təbii, Məmmədqulu bəyin bu cəsarəti nə çar hökumətinin xoşuna gəlir, nə də onların sadiq nökərləri olan ermənilərin. Odur ki, Peterburqdan İrəvana qayıdan Məmmədqulu bəy bir müddət həm çar hökumətinin yerli çinovnikləri, həm də ermənilər tərəfindən güclü təqiblərə məruz qalır. Bu dəfə o yaxın dostu (həm də qohumu) Mirzə Cəlilin məsləhəti ilə Tiflisə üz tutur.
Yeri gəlmişkən bir faktı da qeyd edim ki, Məmmədqulu bəy Mirzə Cəlillə ikibaşlı qohum olmuşdur.
Sənədlərdən aydın olur ki, Mirzə Cəlilin birinci xanımı Həlimə 1897-ci ildə vəfat edib. Körpə qızı Münəvvərlə tək qalan Mirzə, 1900-cu ildə Məmmədqulu bəyin bacısı Nazlı xanımla ailə qurur. Bu haqda yenə də Həmidə xanımın xatirələrindən oxuyuruq: “Mirzə Cəlillə Nazlı xanımın evlilikləri böyük çətinliklə baş tutur. Mirzə Cəlil öz mənşəyinə görə Nazlı xanımın zümrəsinə mənsub deyildi. Zadagən deyildi, mülkiyyətsiz idi, hətta müəyyən bir xidməti vəzifəsi belə yox idi. Nazlı xanımın ailəsinin bütün üzvləri bu izdivacın əleyhinə idi, bircə Məmmədqulu bəydən başqa. Nazlı xanım əvvəllər Əliqulu bəy Şahtaxtlının zövcəsi olmuşdu və ondan Heydər adlı oğlu vardı. Nazlı xanım Mirzə Cəlilə ərə gedərkən oğlu Heydərin 10 yaşı vardı. Mirzə Cəlil öz bacısı Səkinə xanımı isə Məmmədqulu bəyə ərə verir. Bir ildən sonra Səkinə Məmmədqulu bəylə yaşamaq istəməyərək ata evinə qayıdır. Onlar boşanırlar.1903-cü ildə isə Nazlı xanım xəstələnir. Tezliklə xəstəliyi şiddətlənir və Nazlı xanım dünyasını dəyişir”.
Bu izdivaclar nə Mirzə Cəlilə, nə də Məmmədqulu bəyə xoşbəxtlik gətirməsə də, onların dostluğuna xələl də yetirə bilmir. Yuxarıda qeyd etdiyim kimi Məmmədqulu bəy Peterburqda milli məsələyə münasibətdə hökumətə etirazını kəskin bildirdikdən sonra ona münasibət dəyişir. Çar çinovnikləri və ermənilər onu ölümlə təhdid edirlər. Bunu eşidən Mirzə Cəlil ondan Tiflisə gəlməsini təkid edir. Mirzənin sözünü yerə salmayan Məmmədqulu bəy bacısı oğlu Heydərlə 1905-ci ilin avqustunda Tiflisə yola düşür. Buradan da Parisə getmək istəyən Məmmədqulu bəy Mirzə Cəlillə görüşüb Heydərlə Batuma yola düşür.
“Gəmiyə minərkən körpünün üstündə arxasınca göndərilən iki nəfər muzdlu qatil Məmmədqulu bəyi azyaşlı bacısı oğlunun gözləri qarşısında arxadan güllələyir. Bu dəhşətli qətli görən yeniyetmə oğlan huşunu itirib yerə yıxılır. Heydər özünə gələn kimi Mirzə Cəlilə teleqram vurur. Mirzə Cəlil təcili özünü Batuma çatdırır. Məmməd-qulu bəyin cənazəsini gətirib Tiflisdə nakam bacısı Nazlı xanımın yanında dəfn edir. Heydəri isə öz himayəsinə alır”.
Tədqiqat əsərlərinin birində Məmmədqulu bəyin ölümü haqqında yazılıb: “Məmmədqulu bəy İrəvan şəhərində türklüyün möhkəm dayaqlarındandı. O, həm vəkil kimi bu bölgənin türk-müsəlman əhalisinin hüquqlarını qoruyur, həm də məktəblər açaraq yerli xalqı maarifləndirirdi. Buna görə də çar hakimiyyəti onu ermənilərin əli ilə məhv etmək qərarına gəldi”.
Böyük təəssüflər ki, Çar hökumətinin elədiklərini sonra da Sovet hökuməti davam etdirdi. Özü də çox amansızcasına, minlərlə Məmmədqulu bəy kimi qeyrətli, vətənpərvər, millətsevər oğullarımızı müxtəlif yollarla məhv etdi.
Burada yadıma arxivdə oxuduğum fakt düşür: “1944-cü ilin 14 noyabrında Gürcüstanın Axalsix, Axalkələk, Adıgün və s. rayonlarda azərbaycanlılar (Qafqaz türkləri) yaşayan 220 kənd heç bir xüsusi dövlət qərarı və göstərişi olmadan, yalnız Moskvadan məsul şəxsin telefon zəngi ilə boşaldılmış və Orta Asiyanın səhralarına sürgün edilmişdir. Onların bir hissəsi (17 min uşaq) yollarda tələf olmuşdu”.
Halbuki bu zaman sürgün olunanların oğulları, ərləri, qardaşları müharibədə faşistlərlə ölüm-dirim savaşında “vətən” üçün canından, qanından keçirdi. “Böyük qardaş”ları isə onların qoca, xəstə, şikəst ata-anasını, arvad-uşağını silah altında vaqonlara yığaraq sürgünə göndərirdi. İllər sonra bu faktı özləri də həyasızcasına bəyan etdilər. “İzvestiya” qəzeti 19 avqust 1988-ci il tarixli sayında yazırdı: “Əsgər gedənlərin cəbhədən sağ qayıdanları qohum-əqrəbasını doğma yerlərində yox, sürgün yerlərində axtarmalı olmuşlar”.
Dahi Üzeyir bəy demiş, “Daha bəsdir”! Dosta dost, düş-mənə düşmən olaq!
Qərənfil Dünyaminqızı, əməkdar jurnalist