Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilmişdir.
21 Fevral - Beynəlxalq Ana Dili Günü bütün dünyada hər kəsin öz ana dilini inkişaf etdirmək hüququnun təsdiqidir. Hər bir millətin ən mühüm və ən güclü vasitə kimi maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən onun ana dilidir. Hər bir dil özündə bir tarix yaşadaraq xalqın mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Bütün dünya dövlətlərində olduğu kimi 21 Fevral - Beynəlxalq Ana Dili Günü ölkəmizdə də qeyd olunur. Azərbaycan dili də bizim keçmişimizi, bu günümüzü gələcək nəsillərə çatdıran ən mühüm ünsiyyət vasitəsidir. Ana dili xalqın ən böyük milli sərvəti, genetik qan yaddaşıdır. Xalqın keçmişi ilə gələcəyini əlaqələndirən, varlığını yaşadan, onun milli-mənəvi dəyərlərini qoruyan ən mühüm vasitədir. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq onun qabaqcıl ziyalılarının, ictimai xadimlərinin fəaliyyətinin nəticəsidir.
Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində milli-mənəvi dəyərlərin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, yazılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan müstəqilliyin qorunması, ana dilimizin rolunun artırılması və dövlətçiliyin əsas atributlarından biri kimi inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərinin yaşadan, inkişaf etdirən onun dilidir” konsepsiyasını həyata keçirən Ulu Öndər istər 70-80-ci illərdə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ana dilinin hüquqi statuslarının qorunmasını qətiyyətlə həyata keçirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Respublikanın Konstitusiyasında Azərbaycan dilinin rəsmi olaraq xüsusi maddə kimi qəbul edilməsi bütün sahələrdə onun inkişafına təminat verdi. Aparılan dil siyasəti nəticəsində dil dövlətçiliyin əsas atributlarından hesab olundu.
Azərbaycan siyasi müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına - Azərbaycan dövlətinin Əsas Qanununa dövlət dili haqqında ayrıca maddənin daxil edilməsi dövlət rəhbərinin ana dilinin inkişafı ilə bağlı apardığı çoxillik mübarizənin məntiqi nəticəsi idi. Ulu Öndər fəaliyyəti dövründə Azərbaycan dilinə mənəvi varlıq kimi yanaşaraq bu dilin adının dəyişdirilməsinin yolverilməz olduğunu xarakterizə etmişdir. “Bizim də öz qədim torpağımız, o taylı, bu taylı 40 milyondan çox millətimiz, məhz özümüzə mənsub adət-ənənəmiz, tariximiz, ədəbiyyatımız, dünyanın ən zəngin dillərinə meydan oxuya bilən öz heyrətamiz, əvəzsiz qədim Azərbaycan dilimiz var. O bizim ana laylamızdır, qılıncımızdır, xilaskarımızdır, ən böyük mənəvi sərvətimizdir. Zaman-zaman onu bütün yasaqlardan, hər cür təhlükələrdən, hücumlardan canımızla, qanımızla qoruyub saxlamışıq, bu günə gətirib çıxarmışıq. Bizim üçün nə onun özünü, nə də adını heç nə əvəz edə bilməz.”
Azərbaycan dilinin dövlət dili adlandırılmasının siyasi mahiyyəti odur ki, dövlət dili böyük ictimai-siyasi hadisədir, dilin rəsmi, diplomatik, hüquqi sənədlərdə, inzibati orqanlarda, hərbi sahədə dil kimi işləkliyi təmin edilir. Elmi, texniki, sosial, iqtisadi nailiyyətlərin, ölkənin daxili və xarici siyasətinin bu dildə ifadə olunması dövlət dilinin funksionallığını şərtləndirən əsas amildir. Heydər Əliyevin dil siyasətində Azərbaycan xalqının tarixi dəyərləri, dilin mənşəyi, formalaşması, sabitləşməsi kimi məsələlərə obyektiv şəkildə yanaşılaraq ciddi elmi faktlarla əsaslandırılır. Dövlətçilik quruculuğunda dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba problemləri, tarixilik, müasirlik, varislik və ənənə əsas prinsiplərdən biri kimi inkişaf etdirilir.
Azərbaycan dilinin inkişafı, qorunması, fəaliyyətinin təmin edilməsi kimi tarixi missiyanın yerinə yetirilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun çıxışlarında dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba məsələləri dərin məntiqi mühakimələrlə əsaslandırılırdı. Ana dilinin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə yeni sərəncamın verilməsi dövlətimizin ana dilimizə - dövlət dilinə çox böyük önəm verdiyini, ona həm dövlətçilik atributu kimi, həm də milli dövlət quruculuğunun mühüm amili kimi yanaşdığını sübut edir. Bu baxımdan Azərbaycan Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malikdir. Ulu Öndər bu fərmanda Azərbaycan Respublikasının onillik inkişaf təcrübəsi haqqında danışarkən qeyd etmişdir ki, “Ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, dövrün milli-mədəni inkişaf tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə edilir. Əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi təsir göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir”. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllinə yeni istiqamət verdi. Ulu Öndərin Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Müstəqilliyin ilk ilində, 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. H.Əliyev yazırdı: “Biz indi latın əlifbasına keçirik. Görürsünüz ki, keçmək də çətindir. Bu barədə qərar qəbul edilərkən nə qədər müzakirələr gedirdi. Kimi deyirdi keçək, kimi deyirdi keçməyək. Hətta bəziləri deyirdi gəlin ərəb əlifbasına qayıdaq. Xatirimdədir, 1990-1991-ci illərdə belə söhbətlər gedirdi. Qərar qəbul olunub, ancaq biz latın əlifbasına keçə bilmirik. Mən göstəriş vermişəm və bütün dövlət sənədləri latın əlifbası ilə yazılır”. Latın qrafikalı əlifbaya keçmək ideyası müstəqilliyin qorunmasında yeni bir mərhələ oldu. 18 iyun 2001-ci il tarixli fərmanda yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.
Qəbul edilmiş əlifbanın tətbiqi problemlərinin həllində, beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesini sürətləndirilməsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərmanının mühüm rolu olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi və qədimliyi barədə mükəmməl təsəvvür yaradılmışdır. Xüsusən, faktlara əsaslanaraq Azərbaycan dilinin mənşəyi, tarixi yaşayış məskənləri ilə bağlı yanlış konsepsiyaya son qoyulmuşdur. Fərmanda Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etdirilməsi üçün həm hüquqi-siyasi, həm də elmi nəzəri istiqamətlər müəyyənləşdirilmişdir. Azərbaycan xalqının milli müstəqillik və dövlət müstəqilliyi əldə etdiyi dövrdə yürüdülən dil siyasəti milli dilin inkişaf etdirilməsinin təməl daşları olaraq qəbul olunur və onun ideyaları fundamental konseptual əsaslarda inkişaf etdirilir.
Bu istiqamətdə atılmış vacib addımlardan biri də Ulu Öndərin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Belə bir qanunun qəbulu Heydər Əliyev tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla və dolğun aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıyır və bununla yanaşı, həm də ana dilinin dövlət dili kimi hüquqi statusu möhkəmləndirilir. Ölkə həyatında dilin tarixi, müasir vəziyyəti və onun hüquqlarının etibarlı şəkildə müdafiə olunması, hüdudlarının genişlənməsi məsələləri böyük dövləti əhəmiyyəti öz təsdiqini tapır. Bu qanunun hazırlanması müstəqilliyimizin bəhrəsidir. Müstəqillik illərində bir çox sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafında, qorunmasında dövlət siyasətinin tərkibi kimi həyata keçirilmişdir. Bu siyasət Heydər Əliyevin 1969-cu ildən başlayaraq dil haqqında apardığı dil quruculuğu konsepsiyasının davamıdır. Ölkə daxilində dilin qorunması və inkişafının həyata keçirilməsində “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun Azərbaycan dövlətçiliyinin həyata keçirdiyi milli siyasətin tərkib hissələrindəndir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tövsiyələri əsasında dilin inkişaf qanununun hazırlanması, onun dövlət dili səviyyəsində inkişaf təminatının yaradılması ana dili haqqında ardıcıl siyasətin davam etdirilməsidir.
Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulamış, dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkmişdir. Həmçinin qeyd edirdi ki, Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan, müasir dövrün ən müxtəlif ictimai-siyasi, elmi-mədəni, fəlsəfi-intellektual məzmun və hadisələri, informativ mənzərə bu dildə çevik, səlisliklə əksini tapa bilir. Azərbaycan dilinin zəngin lüğət tərkibi, minillər boyu xalqımızın varlığını yaşatması əvəzsiz hadisədir. Dil siyasətində Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inam və uğurla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində dövlətin əsas atributlarından olan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin dövlətçiliyin inkişafı və Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif dövlət tədbirlərində çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə həyata keçirilmişdir. 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinin inkişaf etdirilməsinə dövlət qayğısının növbəti nümunəsidir.
Azərbaycan dövlətinin apardığı ardıcıl, əzmkar dil siyasətinin fonunda müşahidə olunan real mənzərə göstərir ki, dilimizin qorunması uğrunda mübarizənin səmərəli olması üçün dövlət dilinin statusunu və işləkliyini bütün sahələrdə təmin etməklə yanaşı, cəmiyyətimizdə, xüsusən ziyalı mühitində elmi dilin formalaşdırılması, ana dilimizi mükəmməl bilməyin, düzgün işlətməyin norması, yüksək insani dəyər və vətəndaşlıq keyfiyyəti kimi qəbul edilməsinə nail olmaq lazımdır. Müasir dövrün tələblərini, konkret olaraq, qloballaşma prosesini nəzərə alaraq Azərbaycan dilinin istifadəsi və tətbiqinə dövlət qayğısının artırılması, ana dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsi təmin edilir. Buna görə də müstəqil Azərbaycan dövləti onun rəsmi atributlarından biri kimi təsdiq olunmuş rəsmi dilin ölkə həyatının bütün sahələrində maneəsiz işlədilməsinin, qorunmasının və onun taleyi ilə bağlı bütün məsələlərin həllinin təminatçısı kimi öz vəzifəsini əsaslı və davamlı olaraq yerinə yetirir. Ötən illərdə Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olması, bu ümummilli ünsiyyət vasitəsinin tam işləkliyinin təmin edilməsi ilə bağlı mükəmməl hüquqi-normativ baza yaradılması müstəqillik tariximizin önəmli gerçəkliklərindən biridir. Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələlər daim nəzarətdədir. Fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemləri, insanların texnoloji yenilikləri sürətlə mənimsəmələri, maneəsiz informasiya mübadiləsi imkanlarının artması dövlət dilini zənginləşdirməklə yanaşı, onun qorunması zərurətini yaradır. Hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, beynəlxalq aləmdə diplomatiyaya yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dil siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Aparılan dil siyasəti Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi işinin mötəbər siyasi-hüquqi təminatıdır.
Sayalı SADIQOVA, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA-nın Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor