Logo

Təhsildə pillə-pillə...

23.02.2023 11:17 330 baxış
IMG

Nicat Dilqəmli

Elm və təhsil sahəsi, bu istiqamətdə həyata keçirilən tədbirlər, layihələr hər zaman vətəndaşların diqqətindədir. Bu marağı və müraciətləri nəzərə alaraq ötənilki buraxılışlarımızda təhsil sahəsində mövcud olan boşluqlar və problemlərə aid xüsusi rubrika həsr etmişdik - araşdırdıq, təhlil etdik, nəticə və həll yollarını tapmağa çalışdıq. Heç şübhəsiz, Azərbaycanda aparılan uğurlu təhsil siyasəti nəticəsində ölkəmizin təhsil sistemi bu gün dünyanın bir çox qabaqcıl ölkəsi ilə müqayisə edilə biləcək səviyyəyə gəlib çatmağa qədər inkişaf edib. Müəyyən xırda boşluqların isə operativ şəkildə aradan qaldırılması sevindiricidir. 2022-ci il ölkəmizin təhsil sahəsi üçün olduqca uğurlu bir il olaraq tarixə qovuşdu. Əldə olunan uğurlar, qarşıya qoyulan hədəflərə nail olunması, sistemli, davamlı inkişaf xətti üzrə dinamik, səmərəli fəaliyyət - bütün bunlar deyilənləri bir daha təsdiq edir.

Elm və təhsil sektorunun mütəmadi olaraq aktual mövzular sırasında olması, bu sahəyə ictimaiyyətin xüsusi diqqəti məsul şəxslər tərəfindən də zaman-zaman dilə gətirilir. Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda keçirilən seminarda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev də bu barədə danışıb. Nazir bildirib ki, təhsil sahəsi daim ictimai müzakirə mövzusudur: “Təhsil elə bir sahədir ki, daima ictimai müzakirə olunur, həmişə ictimaiyyətin diqqətindədir. Bu müzakirələrdə təhsildə nəticə nədir sualının verilməsi və cavabını tapması olduqca vacibdir. Bu məsələdə əsas olan fakt və rəyləri bir-birindən ayırmaqdır”. Nazirin sözlərinə görə, nəticəyönümlü maliyyələşməyə keçid həm ictimaiyyətlə, həm maliyyə nəzarət qurumları, həm də digər aidiyyəti orqanlarla birgə düzgün diskussiya və dialoq üçün təhsilin nəticəsi nədir sualının cavabını müəyyən etməyə imkan verir: “Bütün müzakirə və mübahisələrimiz ölçüləbilən bu nəticələr əsasında olmalıdır. Bununla da şəxsi rəylər mübahisəsi etməmiş olarıq. Çünki şəxsi rəylərə əsaslanan mübahisənin təhsil üçün heç bir faydası olacağına inanmıram”. E.Əmrullayev deyib ki, yaxşı nəticəyə çatmaq üçün kifayət qədər vəsait lazımdır.

“Bir şeyi ölçmədən ona necə nail olmaqla bağlı suallar ortaya çıxır. Bizim üçün bu yanaşmanın üstünlükləri ilk növbədə təhsil siyasəti sahəsində olan ictimai müzakirələrə konkretləşmənin gəlməsi və istinad nöqtəsinin formalaşmasıdır. Təhsil islahatı Azərbaycan üçün sosial-iqtisadi prioritetlərdə müəyyən olunmuş indikatorlara nail olmaq deməkdir”, - nazir əlavə edib.

Təhsil sahəsində əldə olunan uğurların sayı getdikcə artır. Əldə olunan müsbət nəticələr - nailiyyətlər ətrafında təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədovla müzakirə apardıq.

Ekspert ilk olaraq Azərbaycan təhsil tarixində ilk dəfə olaraq bölgələrdə təhsilin yerli icra hakimiyyətlərinin tabeliyindən çıxarılmasını diqqətə çatdıraraq Regional Təhsil İdarələri yaradılmasının qısa müddətdə bölgələrdə müsbət dəyişikliklərlə müşayiət edildiyini bildirdi. K.Əsədov sertifikasiya imtahanları haqqında da söz açaraq bunun təhsil verənlərin kompetensiyalarının yüksəldilməsinə yönəlmiş fəaliyyət olduğunu vurğuladı: “Müstəqillik illərində ilk dəfə olaraq Azərbaycan müəlliminin bilik və bacarıqlarının yoxlanılması üçün sertifikasiya imtahanları keçirildi. Sertifikasiya imtahanı nəticəsində müəllimlər differensiallaşmış əmək haqqı alacaqlar ki, bu da ədalətli yanaşmadır”.

Tələbələr üçün güzəştlər

“Təhsil haqqını ödəyə bilməyənlər üçün dünyada ən yumuşaq şərtlər və sadə prosedur qaydaları ilə tələbələrə güzəştli kredit verilməsi üçün Təhsil Tələbə Kredit Fondu yaradılıb ki, bu da ali və orta ixtisas təhsilinin əlçatanlılığının təmin olunmasına xidmət edir”.

Yerli fənn olimpiadaları daha şəffaf keçirilir

“Hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təhsilində aparıcı yer tutan STEAM Azərbaycanda da uğurla tətbiq olunmaqdadır. Yerli fənn olimpiadaları daha şəffaf şəkildə təşkil edilir və beynəlxalq olimpiadalarda qazanılan medalların sayı, əyarı yüksələn xətlə artır”.

Tədqiqatların həcmi və əhatəsi genişləndirilib

“Orta məktəblərə yeni fənn Təbiət fənni əlavə olunub ki, bu da şagirdlərin yeni strukturda bilik və bacarıqlarının artırılmasına yönəlmişdir. Təhsil İnstitutu tərəfindən təhsil sahəsində tədqiqatların həcmi və əhatəsi ciddi şəkildə genişləndirilib, beynəlxalq qiymətləndirmə vasitələri haqqında indeksli jurnallarda dərs olunan məqalələrin sayı artıb”.

Təhsilin İnkişafı Fondunun yaradılması, uşaq bağçaları...

“Ali təhsilin beynəlxalq rəqabətliliyinin yüksəldilməsi üçün, əhəmiyyətli layihələrin dəstəklənməsi üçün Təhsilin İnkişafı Fondunun yaradılması çox böyük hadisədir. Uşaq bağçaları 10 ildən sonra Elm və Təhsil Nazirliyinə verildi ki, ümumiyyətlə, bağçaların tarixində ilk dəfə bu müəssisələrə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə və müsahibə vasitəsilə həyata keçirilir”.

Peşə təhsili sahəsində uğurlar

“Peşə təhsili müəssisələrinin inkişaf etdirilməsi üçün ciddi addımlar atılıb, ilk dəfə olaraq onlara təqaüd verilməsi qaydaları bilik və bacarıqlarınına uyğun pilləli tətbiq edilib”.

Müəllimlərin işə qəbulunda...

“Müəllimlərin işə qəbulu üzrə imtahanların məzmunu, müsabiqənin seçim kriteriyaları dəyişdirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş və ya müharibə iştirakçısı olmuş şəxslərin özlərinin və ya ailə üzvlərinin işə qəbulu prioritet məsələ kimi qəbul edilmişdir”.

Müasir təhsil ocaqları

“Hazırda ölkəmizdə bütün şagirdlərin təxminən 90 faizi müasir tələblərə cavab verən təhsil ocaqlarında oxuyur. Bu sahədə Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önündədir. Bununla əlaqədar diqqəti bir fakta yönəltmək istərdim. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” və “Uşaq evləri və internat məktəbləri” proqramları çərçivəsində son 10 ildə 2 mindən çox yeni məktəb tikilmiş, 1500-dən çox məktəb, 1000-dən çox uşaq bağçası əsaslı təmir olunmuşdur.

Ümumtəhsil məktəblərinin müasir avadanlıqlarla təmin edilməsi, kompüterlə təchizatı sahəsində də xeyli iş görülmüş, elektron təlim materiallarından istifadəyə xüsusi diqqət yetirilmişdir”.

Artan mövqe

“Azərbaycanda təhsil sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Əsası Ulu Öndər tərəfindən qoyulan təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bütün sahələrlə yanaşı, təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində icra edilən Dövlət proqramları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. Ölkə rəhbərinin müvafiq göstərişləri əsasında atılan addımlar, öz bəhrələrini verən Dövlət proqramları təhsil sistemində yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir.

Ümummilli lider Heydər Əliyev deyirdi ki, şagird və tələbələrin dövrün tələbləri səviyyəsində formalaşması üçün təlimin keyfiyyəti, yüksək savad, dərin bilik verilməsi yeganə şərt deyil. Bu məsələyə xüsusi diqqət yetirən Heydər Əliyev digər mühüm amili də təhsil alanların mənəvi kamilliyində, əqidə saflığında görürdü. Başqa sözlə, Heydər Əliyev təlimində təhsillə tərbiyənin, mükəmməl biliklə yüksək mənəviyyatın vəhdəti son dərəcə mühüm prinsip kimi əsaslandırılmışdır. Təhsil ocaqlarının tərbiyəedici funksiyasına xüsusi diqqət yetirən ümummilli liderin aşağıdakı sözləri də bu ali həqiqətin ifadəsidir: “Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.

19 olimpiada və müsabiqə - 72 medal

“2022-ci ildə Azərbaycan məktəbliləri. ümumilikdə, 19 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 2 qızıl, 22 gümüş, 48 bürünc medal olmaqla, ümumilikdə, 72 medal əldə ediblər. Bu, kifayət qədər böyük uğurdur.

2022-ci ildə STEAM layihəsi 318 ümumtəhsil məktəb və 19 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə, 135 000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib. Müasir dövrün tələbləri üçün bu çox vacibdir”.

Məktəbəqədər təhsildə inkişaf

“İlk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə təşkil edilib. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsinə 5 508 nəfər namizəd dəvət olunub. Onlardan 4 539-u test imtahanında iştirak edib. Müsahibələrə 775 nəfər dəvət edilib. Onlardan 739 namizəd müsahibə mərhələsində iştirak edib, 366 nəfəri isə uğur qazanıb. Bu, məktəbəqədər təhsilin inkişafı üçün çox vacib amildir. 10 may 2022-ci il tarixində Prezident İlham Əliyev tərəfindən Füzuli peşə liseyinin təməli qoyulub”. 

Ümumilikdə, son illərədək rəqəmlərinə baxsaq görərik ki, bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlib.

Xəbər lenti