Valideyn və müəllimlər həmin görüşü sevinc və qürurla xatırlayırlar
Azərbaycan xalqının başı üzərində Günəş kimi parladı O. Elə bir Günəş ki, tarixin bütün dönəmlərində nuru, ziyası, hərarəti nəsildən-nəslə tükənməyən qüdrətlə ötürüləcək, ömrümüzün məna və məzmun çalarlarını daim zənginləşdirəcək. ...Ümummilli Lider Heydər Əliyev tez-tez təhsil ocaqlarında olur, müəllim və şagird kollektivləri ilə görüşür, onların arzu və istəklərini dinləyirdi. Onun tez-tez təhsil ocaqlarında görünməsi həm şagirdlərdə bayram əhvali-ruhiyyəsi yaradırdı, həm də pedaqoji kollektivlərin məsuliyyətini daha da artırırdı. Neçə onilliklər geridə qalsa belə hələ ötən əsrin sonlarında Heydər Əliyevin əlamətdar günlərdə baş çəkdiyi təhsil ocaqlarında dahi insanın tarixin yaddaşına qızıl hərflərlə yazılan müdrik kəlamlarını həmin unudulmaz görüşlərin iştirakçıları dönə-dönə xatırlayırlar. Həmin dövrlərdə Heydər Əliyevin qarşısında şagird kimi çıxış edənlərin əksəriyyəti bu gün artıq valideyn, bəziləri isə elə həmin təhsil ocağında müəllim kimi çalışır. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev Bakının Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Bilik Günü”nə həsr olunan tədbirdə iştirak edib, gələcəyin layiqli vətəndaşlarını hazırlayan pedaqoji kollektivin üzvlərini və şagirdləri təbrik edərək onlara məsuliyyətli və şərəfli vəzifələrini yerinə yetirməkdə mətinlik və əzmkarlıq arzulayıb. Həmin tədbirdə zamanında söylədiyi tarixi bir fikri də iştirakçılar təkrarən Ulu Öndərin dilindən eşidəndə bir daha qürur hissi yaşayıblar: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!” Hər bir müəllimin, hər bir şagirdin yaddaşında əbədi möhürlənən xatirə kitabçasına çevrilib həmin görüş və o görüşdə söylənilən dahiyanə fikirlər.
“Gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməyi tövsiyə etdi”
...1997-ci ildə paytaxtın 18 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləmiş, hazırda təqaüddə olan Vaqif Hüseynlinin Ulu Öndər Heydər Əliyev şəxsiyyəti haqqında söylədiyi fikirlərdən onun yaddaşında bu dahi insanın əziz xatirəsinə hədsiz hörmət və ehtiram hissinin tükənməz olduğu aydın görünürdü. Vaqif müəllim söylədi ki, həmin il Heydər Əliyev pedaqoji kollektivi, müəllimləri, şagirdləri və valideynləri bayram münasibətilə təbrik edərək böyük nitq söylədi. Heydər Əliyev öz dərin məzmunlu nitqində gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməyi, Azərbaycan dövlət rəmzlərini şagirdlərimizə öyrətməyi, bayrağımıza, Vətənimizə, xalqımıza məhəbbət hissləri aşılamağı tövsiyə etdi. Artıq tarixə çevrilən həmin günün xatirəsi yaddaşlardan silinən deyil.
“Dahi insan təhsil ocağımızdan xoş təəssüratla ayrıldı”
Bəsti Ağayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini: - Hər dəfə o tarixi şəxsiyyət haqqında düşünəndə xəyal məni 1997-ci ilin 1 sentyabr tarixinə aparır. Həmin gün mən Heydər Əliyevlə üz-üzə dayanıb, tövsiyə və tapşırıqlarını dinləyirdim. Bu, mənə görə doğrudan da tarixi bir gün idi, çünki dünyaşöhrətli siyasətçi məktəbimizə qonaq gəlmişdi. Elmə, təhsilə mədəniyyətə, ölkəmizin gələcəyi olan gənc nəslin təlim-tərbiyəsinə xüsusi diqqət göstərən Ulu Öndərimiz şagird və müəllimlərimizi “Bilik Günü” münasibətilə səmimi qəlbdən təbrik etdi və çox geniş bir nitq söylədi.
Ulu Öndərimiz öz çıxışında təhsillə bağlı problemlərə də toxundu. Bildirdi ki, hər bir xalqın səviyyəsini müəyyən edən meyar onun bilik səviyyəsidir. Bilik səviyyəsini qaldırmaq üçünsə təhsilə daim diqqət göstərilməlidir.
Çıxışından sonra Heydər Əliyev sinifləri gəzdi və dərs prosesini seyr etdi. Sevinirəm ki, o dahi insan təhsil ocağımızdan xoş təəssüratla ayrıldı. O vaxtdan Ulu Öndərin bizə verdiyi tövsiyə və tapşırıqlar fəaliyyətimizin əsas istiqaməti olub.
...O vaxtdan artıq neçə illər ötüb... Ümummilli Lider, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının, 18 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin qəlbində əbədi yaşayacaqdır.
Heydər Əliyevin dühası, onun siyasi irsi xalqımızı xoşbəxt gələcəyə aparan bir yoldur. Bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət bir daha göstərir ki, bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və Azərbaycanın parlaq gələcəyinə əbədi işıq salır.
“Çıxışımı sona yetirəndən sonra Heydər Əliyev məni sorğu-sual etdi”
Tahirə Məmmədbəyova direktor müavini: - 1997-ci il sentyabrın 1-i məktəbimizim tarixində əlamətdar gün kimi xatırlanır. Eşidəndə ki, Prezident Heydər Əliyev məktəbimizə gələcək çox sevindim, həm də həyəcanlandım. Məktəbimizdə böyük canlama var idi. Həmin gün məktəbin şagirdi olan oğlum Lütfi Məmmədbəyov da tədbirdə Ulu Öndərə həsr olunan bir şeiri söyləyəcəkdi, mən isə çıxış edəcəkdim. Bu, mənim üçün həm məsuliyyətli, həm də olduqca qürurverici idi. Yeni tədris ilinin başlanması, Heydər Əliyevin “Bilik Günü”ndə məktəbimizdə qonaq olması əsl toy-bayram əhvali-ruhiyyəsi yaşatmışdı bizə. Mən çıxışımı sona yetirəndən sonra o, məni sorğu-sual etdi, - sən bu məktəbdə hansı vəzifədə çalışırsan? - söylədi.
Çalışdığım məktəbin məzunu, hazırda isə biologiya fənni üzrə metodbirləşmənin sədri olduğumu dedim. Hansı ali məktəbi bitirdiyimi soruşanda isə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirdiyimi söylədim. Dedi ki, bu, azdır, təhsilini davam etdir. Dahi rəhbərlə həmsöhbət olmağım sanki mənə güc, qüvvət verdi. Ümummilli Lider Heydər Əliyevin tövsiyələrinə əməl edəcəyimə söz verdim və növbəti il hazırlaşaraq aspiranturaya qəbul oldum, elmi iş götürdüm, müdafiə etdim, hazırda pedaqoqika üzrə fəlsəfə doktoruyam. Tam məsuliyyətimlə deyirəm ki, bu uğurumun təkanverici faktoru onun həmin görüşdə qarşıma qoyduğu vəzifə oldu. Heydər Əliyevin hər bir sözü, hər bir kəlməsi, hər görüşü pedaqoji kollektivlər üçün həyat dərsi idi. Paytaxtımızın orta ümumtəhsil məktəblərində hər il yeni dərs ili ərəfəsində onun şagird və müəllimlərlə görüşləri kövrək və təsirli məqamlarla yadda qalırdı. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə xalqımızın mədəniyyətinin, elm və təhsilin inkişafı məsələlərinə hədsiz diqqət göstərib. Onun adı müstəqil Azərbaycanın qurucusu və yaradıcısı kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb. O, dövrünün ən böyük filosofu, tarix yaradan qüdrətli sərkərdəsi olub.
“Heydər Əliyevin qarşısında hesabat vermək, onunla həmsöhbət olmaq qürurverici idi”
İsmayıl Muxtarov təqaüdçü müəllim: - Artıq mənim 72 yaşım var, ancaq o illər yaddaşımda hələ də təzə-tərdir. Yaxşı yadımdadır, məktəbimizdə “Bilik Günü”ndə Heydər Əliyev dərslərimizdə iştirak etdi. Mən hərbi hazırlıq fənnini tədris edirdim. O, mənim dərsimdə də iştirak etdi və şagirdlərin dəftərlərini vərəqlədikdən sonra mənə yaxınlaşıb soruşdu: - Hansı mənbədən yazdırırsan bu mövzuları?
Mən əyani vəsaitlərdən bəhrələndiyimi və müxtəlif ədəbiyyatlardan götürdüyüm qeydləri şagirdlərimə yazdırdığımı söylədim. Problemlərimizlə maraqlandı. Həyəcanlı olsam da özümü itirmədim və Ulu Öndərə paytaxtın bütün ümumtəhsil məktəblərində olduğu kimi bizdə də təlim silahlarının olmadığını söylədim. O yanında olan məsul işçilərə tapşırıq verdi ki, təlim silahlar məktəbə verilsin.
Heydər Əliyevin bütün sahələrlə bərabər təhsil sistemində də gördüyü mühüm işləri sadalamaqla qurtaran deyil. Böyük şəxsiyyət, müdrik insan olan Heydər Əliyevin qarşısında hesabat vermək, onunla həmsöhbət olmaq doğrudan da mənim üçün qürurverici idi.
Şanslı insanam ki, Ulu Öndər Heydər Əliyevlə görüşüb, ona öz əl işimi hədiyyə etmişəm
Əhəd Məmmədov, valideyn: - O vaxt mən şagird idim, 7-ci sinifdə oxuyurdum. Uşaq yaşlarımdan Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında heykəltəraşlıq dərnəyində məşğul olurdum. 1997-ci il “Bilik Günü” münasibətilə Heydər Əliyev bizim məktəbə gəlmişdi. Həmin tədbirdə mənim fərdi sərgim də nümayiş olundu. Ulu Öndər mənim sərgimə baxdı, çox da xoşuna gəldi. “Rəqqas” adlı işim xüsusilə diqqətini cəlb etdi. Mən həmin işimi ona hədiyyə etdim. O da üzərində imzası olan qələmini mənə hədiyyə etdi. Bugünədək həmin görüş yadımdan çıxmır və dahi rəhbərin nurlu çöhrəsi həmişə gözlərim önündədir. Çox xoşbəxtəm ki, bü cür tarixi şəxsiyyətlə hələ şagird ikən həmsöhbət ola bilmişəm və onun ibrətamiz kəlamları mənim gələcək həyat və fəaliyyətimə işıq saçıb. Heydər Əliyevin tövsiyəsinə əməl edərək mən orta məktəbi bitirəndən sonra 2001-ci ildə Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə daxil oldum və oranı bitirdikdən sonra fəaliyyətimi həmin ali məktəbdə davam etdirərək müəllim kimi çalışıram. Şanslı insanam ki, Ulu Öndər Heydər Əliyevlə görüşüb, ona öz əl işimi hədiyyə etmişəm, o da mənə bu gün həyatımda bərq vuran işıqlı yol arzulayıb. Hazırda iki övlad atasıyam. İkisi də 18 nömrəli tam orta məktəbin şagirdidir. Sevinirəm ki, bir vaxtlar şagird kimi getdiyim məktəbə bu gün artıq valideyn kimi gedirəm.
Sifai SƏFƏROVA