Son illərdə erkən yaşda repetitor yanına göndərilən şagirdlərin sayı artmaqdadır. Xüsusilə 1-3-cü siniflər arasında valideynlərin uşaqları üçün təhsildənkənar dəstək axtarması müzakirə mövzusudur. Valideynlər bu addımı atarkən əsasən uşaqlarının akademik cəhətdən irəliləməsini və uğur qazanmasını istəyirlər. Lakin erkən yaşda bu cür təzyiqin uşaqların inkişafına və psixologiyasına necə təsir etdiyini dərindən araşdırmaq vacibdir.
Valideynlər övladlarını erkən yaşdan repetitor yanına göndərməkdə bir neçə səbəb göstərirlər. İlk növbədə, məktəb proqramının kifayət etmədiyini düşünən valideynlər, uşaqlarının əlavə təhsil alaraq yüksək nəticələr əldə etməsini istəyirlər. Bu, xüsusilə şəhər yerlərində daha çox müşahidə olunur. Valideynlər arasında rəqabət ruhu da bu addımı motivasiya edən amillərdəndir. Bir çox valideyn düşünür ki, digər uşaqlar repetitor dəstəyi alırsa, onların uşağı geri qalmamalıdır.
Digər bir motivasiya isə gələcəkdə uğurlu təhsil kariyerası üçün bünövrə qoymaqdır. Valideynlər uşaqlarının məktəbdə müvəffəqiyyətli olmasını, daha sonra yaxşı universitetlərə qəbul olmasını istəyir və bu səbəbdən də erkən yaşdan əlavə tədrisə üstünlük verirlər. Nəticədə repetitor yanına göndərmək, valideynlərin uşaqlarının gələcəyinə investisiya kimi gördükləri bir addımdır.
Erkən yaşda təhsildənkənar təzyiqin, xüsusən də repetitor dəstəyi ilə, uşaqların inkişafına müsbət və mənfi təsirləri var. İlk baxışda, repetitor dəstəyi şagirdin dərslərdə daha sürətli irəliləməsinə və sinif yoldaşlarından fərqlənməsinə kömək edə bilər. Lakin bu dəstək çox vaxt akademik təzyiqin artmasına, uşağın məktəb təcrübəsindən zövq almasını əngəlləyir.
1-3-cü sinif şagirdləri, əsasən, oyun vasitəsilə öyrənən və sosial bacarıqlarını inkişaf etdirən yaşdadırlar. Bu yaşda tədris prosesində sərt akademik təzyiq onları psixoloji baxımdan yükləyə bilər. Uşaqların oyun, yaradıcılıq və istirahət üçün kifayət qədər vaxtı olmadıqda, onların tədrisə marağı azala, məktəbə qarşı mənfi münasibət formalaşa bilər. Bu təzyiq həmçinin uşaqlarda yorğunluq, motivasiya itkisi və hətta tükənmişlik sindromuna səbəb ola bilər.
Erkən yaşda uşaqlar təməl biliklər və bacarıqlar əldə edirlər: oxuma, yazma, hesablama və düşünmə. Bu dövrdə əsas məqsəd uşağın təhsil sahəsində ilkin addımlarını dəstəkləmək, marağını artırmaq və onun təbii öyrənmə prosesi üçün mühit yaratmaqdır. Lakin repetitor tədrisində çox vaxt diqqət biliklərin təkrarlanması və nəticələrin əldə edilməsinə yönəlir. Bu, uşağın öyrənmə prosesində daha az yaradıcılıq və təcrübə əldə etməsi ilə nəticələnə bilər.
Repetitor yanına göndərilən şagirdlər çox vaxt təkrarlayıcı və mexaniki öyrənmə prosesinə məruz qalırlar. Bu cür yanaşma, uşaqların bilikləri dərin şəkildə qavraması yerinə, sadəcə qiymətlər və nəticələrə fokuslanmasına gətirib çıxarır. Halbuki bu yaşda daha çox maraq doğuran, şagirdlərin öyrənmə sevgisini inkişaf etdirən təhsil mühiti daha səmərəli ola bilər.
Erkən yaşda repetitor təzyiqinə alternativ olaraq, uşaqların təhsilinə daha yaradıcı və oyun əsaslı yanaşmalar tətbiq etmək mümkündür. Bu yaş dövründə uşaqların maraqlarını artırmaq üçün oyun, təcrübə və qrup işi kimi metodlar tətbiq edilməli, uşaqların maraqları və təbii bacarıqları dəstəklənməlidir. Əks halda, erkən yaşda çox böyük akademik təzyiq onları gələcəkdə təhsildən uzaqlaşdıra bilər.
Valideynlər üçün ən yaxşı yanaşma, məktəblə yaxından əməkdaşlıq edərək uşağın inkişafına nəzarət etmək və yalnız lazım gəldikdə əlavə dəstək almaqdır. Əgər uşaq çətinlik çəkirsə və ya xüsusi diqqət tələb edən sahələrdə geridə qalırsa, bu zaman repetitor köməyi nəzərdən keçirilə bilər. Ancaq bu, uşağın ümumi təhsil təcrübəsinin bir hissəsi olmalı, onun yeganə məqsədi olmamalıdır.
Erkən yaşda repetitor dəstəyi valideynlərin uşaqlarının gələcəyinə dair narahatlıqlarından qaynaqlanır. Lakin bu tədris təzyiqi, uşaqların emosional və akademik inkişafına mənfi təsir göstərə bilər. Valideynlər erkən yaşda uşaqlarına akademik təzyiq göstərməkdənsə, onların təbii maraqlarını inkişaf etdirməyə və oyun vasitəsilə öyrənmələrinə imkan verməlidirlər. Bu yanaşma uşaqların gələcək təhsil uğurları üçün daha sağlam bir təməl yaradacaqdır.
Bəhman Hüseynli, Müstəqil Təhsil Tədqiqatçısı