Mingəçevir Dövlət Universitetinin (MDU) Məktəbəqədər təhsil proqramı üzrə Özünütəhlil komissiyasının işçi qrupu Mingəçevir şəhər 10 saylı "Qərənfil" körpələr evi-uşaq bağçasında görüş keçirib.
Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, görüşdə çıxış edən uşaq bağçasının müdiri Aynur İsmixanlı məktəbəqədər təhsilin uşaqlarda təməl bacarıq və vərdişlərin inkişaf etdirilməsi baxımından çox önəmli təhsil pilləsi olmasından, bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən, habelə əmək bazarı-universitet qarşılıqlı əlaqələrinin hər iki tərəf üçün faydasından söz açıb.
Özünütəhlil komissiyasının sədr müavini, MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov universitetdə 2016-cı ildən məktəbəqədər təhsil proqramı üzrə kadr hazırlığının aparılmasından, müvafiq proqram üzrə kadr hazırlığının keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən, habelə kadr hazırlığı işində əmək bazarı-universitet qarşılıqlı əlaqələrinin faydasından bəhs edib.
Daha sonra uşaq bağçasının metodisti Təranə Mövsümova, tərbiyəçi-müəllimlər Bənövşə Əhmədova, Günay Kərimli, MDU-nun kafedra müdiri Fərəh Cəlil, Məktəbəqədər təhsil sahəsi üzrə mütəxəssislər İlhamə İsmayılova, Ayşən İsmayılova, Könül Cabbarova, Günel Nəcəfova çıxış edərək, məktəbəqədər təhsil pilləsinin müxtəlif problemləri, kadr hazırlığı məsələləri, təhsil proqramının monitorinqi və təkmilləşdirilməsi, bu sahədə məktəbəqədər təhsil müəssisələrinin və onların işçi heyətinin rolu mövzusunda fikir mübadiləsi aparılıb.