Logo

Ş.Mustafayev: Ortaq türk əlifbası dilimizi daha da gücləndirəcək

20.10.2025 15:05 49 baxış
IMG

Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev ortaq türk əlifbasının tətbiqi istiqamətində görülən işlər, eləcə də Akademiyanın elm və innovasiya sahəsindəki layihələri ilə bağlı açıqlamalar verib.

TƏHSİL.BİZ  xəbər verir ki, Ş.Mustafayev “TRTAVAZ”a verdiyi açıqlamada bildirib ki, "Ortaq əlifbanın qəbuluna inanırıq, bu addım dil və mənəvi bağlarımızı daha da gücləndirəcək. Nəqliyyat, enerji və rabitə əlaqələri isə türk dövlətlərinin davamlı inkişaf strategiyasında mühüm yer tutur".

Onun sözlərinə görə, Qəbələ Zirvəsində ortaq türk əlifbası ilə bağlı layihələr yenidən gündəmə gətirilib və ötən il qəbul olunmuş “Ortaq Türk Əlifbası Bəyannaməsi” bu istiqamətdə önəmli bir mərhələdir.

Akademiyanın artıq ortaq türk əlifbası ilə nəşrlərə başladığını qeyd edən Ş.Mustafayev deyib:
“Yeni əlifbanın imkanlarını nümayiş etdirmək məqsədilə Akademiya Abay Kunanbayevin “Qara sözlər” və Çingiz Aytmatovun “Ağ gəmi” əsərlərini ortaq türk əlifbası ilə eksperimental olaraq nəşr edib. Bu nəşrlər Türk dünyasının mədəni birliyinin konkret təzahürüdür. İnanırıq ki, ortaq əlifba dil və mənəvi bağlarımızı daha da gücləndirəcək, elmi və təhsil müəssisələri arasında əməkdaşlığı asanlaşdıracaq və ortaq mədəni inkişaf üçün möhkəm zəmin yaradacaqdır”.

Birinci Türkoloji Qurultayının 100 illiyi qeyd olunacaq

Türk dünyasının ortaq elmi və mədəni dəyərlərini gücləndirən layihələrdən danışan Ş.Mustafayev, hazırda “Türk dövlətləri tarixi” adlı akademik layihənin hazırlanmaqda olduğunu bildirib. O qeyd edib ki, gələn il Bakıda 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayının 100 illiyi qeyd olunacaq və bu yubileyin Türk dünyasının elmi birliyi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanacaq.

“1926-cı il Qurultayı türk dünyasının elmi və mədəni şüurunun oyanışının simvoludur. Həmin dövrdə ortaq əlifba, terminoloji birlik və ana dildə təhsil məsələləri ilk dəfə geniş miqyasda müzakirə olunmuşdur”, – deyə Ş. Mustafayev əlavə edib.

Mustafayevin sözlərinə görə, bu mövzular bu gün də aktuallığını qoruyur və yubiley tədbiri Türk dünyasının elmi inteqrasiyasını daha da gücləndirmək üçün imkan yaradacaq.

Türk Akademiyası bu çərçivədə Türk Dilləri Terminologiyası Lüğətləri Layihəsi üzərində də hazırlıqlar aparır. Ş.Mustafayev bildirib ki, 1926-cı il Qurultayının ortaya qoyduğu ortaq elmi və mədəni sahə yaratmaq ideyası bu gün də Akademiyanın fəaliyyətinə ilham verir.

Xəbər lenti