Logo

Pandemiya dövründə təhsil: Tələbələr və psixoloji problemlər

28.06.2021 11:27 485 baxış
IMG

Bir ildən çoxdur ki, ölkəmizi və  dünyanı öz caynağına alan "COVİD19" hələ də davam etməkdədir. Pandemiya dünya təhsil sisteminə də təsir etmişdir. Virusun insanlara yoluxmasının qarşısını almaq üçün görülən tədbirlərdən biri də təhsilə fasilə verilməsi oldu. Təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa müddət sürəcəyini gözləsək də, pandemiyanın kütləvi itkilərə müşayiət edilməsi səbəbindən təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladı.

 

Belə ki, ilk mərhələdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixli 35s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb həyata keçirilməsinə başlanıldı. Nazirlikdə 7/24 saat rejimində fəaliyyət göstərən qərargah yaradıldı və hər gün hər bir təhsil müəssisəsindən vəziyyətlə bağlı məlumatlar toplanılaraq ümumiləşdirildi və Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürüldü. Təhsil Nazirliyi tərəfindən yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə vəziyyətə həssas yanaşılaraq tibbi-profilaktik tədbirlərin görülməsi ilə bağlı təlimat məktubu göndərildi, təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı təhsilverənlər, təhsilalanlar və valideynlər arasında aktiv maarifləndirmə və izahat işləri həyata keçirildi. 
       

Yoluxma sayı azaldıqdan sonra isə məktəblər müəyyən qaydaları gözləməklə ənənəvi fəaliyyətə başladı. Amma universitetlərdə semestr onlayn təhsil olaraq başa vuruldu. Auditoriyadan uzaq düşən, 1 ildən çoxdur ki, parta arxasında əyləşməyən və ənənəvi formada dərsə gedə bilməyən tələbələrdə yeni sistemin psixoloji təsiri də çox oldu.

 

Bu barədə "Tehsil.biz"ə danışan psixoloq İlahə Dadaşova bildirib ki, dərsə gedə bilməyən tələbələrdə travmalar fərqli oldu:

 

“Bu vəziyyətin 1-ci kurslara təsiri fərqli oldusa, yuxarı kurslara bu yanaşma başqa şəkildə oldu. Eyni zamanda məzunlar öz məzun günlərini istədikləri kimi qeyd edə bilmədilər. Həmçinin sistemli dərsə gedə bilməmək tələbələrdə motivasiyanı aşağı saldı. Tələbələr nəyi necə edəcəklərini, məqsədlərini necə planlayacaqlarını təyin etməkdə çətinlik çəkdilər”. 

 

Bəs situasiyadan çıxış yolunu necə tapaq?

 

İlahə Dadaşova

 

Psixoloqun sözlərinə görə, hər bir halda tələbələr məqsədlərini düzgün təyin etməlidirlər:

 

"Məqsədlər iki cür olur. Uzunmüddətli məqsədlər və müəyyən zaman üçün olan məqsədlər. Uzunmüddətli məqsədə çatmaq üçün onları kiçik hissələrə ayıraraq aylıq, illik məqsədlər qurulmalıdır. Həmçinin davamlı olaraq uzunmüddətli məqsədlərini düşünsünlər".

 

Buna çatmaq üçün nələr etmək olar?

 

"Alternativ yollar axtarmaq lazımdır. Çıxış yolu bu formada ola bilər və hər bir yaranan vəziyyətdə müəyyən məqsəd üçün çalışdıqda heç nə tələbələrə çətin olmayacaq. İstər koronavirusun (COVİD19) yayıldığı bu zamanlarda, istərsə də digər vəziyyətlərdə tələbələr ruhdan düşməyəcək, əksinə daha da ruh yüksəkliyi və özlərinə inamlı şəkildə həyata baxışları dəyişəcək, daha da pozitiv olacaqlar”.

Xəbər lenti