1728-ci ildən distant təhsilin ilk nümunələrini görmək mümkün olsa da, e-öyrənmə termin kimi 1999-cu ildə qəbul olunmuşdur. Belə ki, bu təhsilalma forması daha müxtəlif situasiyalara uyğunlaşma və təhsildə bərabərliyi təmin etmə imkanları yaradır. Ölkəmizdə və dünyada müəyyən kritik anlarda (məsələn, COVID-19 pandemiyası kimi) təhsil sistemində daha çox istifadə olunsa da, postpandemiya dövründə ənənəvi təhsillə yanaşı onlayn təhsil proqramlarının və qarışıq təhsil formasının geniş yayılması gözlənilir. Bu səbəbdəndir ki, ölkəmizdə məsafədən təhsilin müxtəlif formalarının tanınmasına və keyfiyyət standartlarının izahlarında onların spesifik tələblərin də nəzərə alınmasına ehtiyac vardır. Müxtəlif maraqlı tərəflərin bu məsələyə diqqətini çəkmək və potensialın artırılması məqsədilə 21-23 aprel 2021-ci il tarixlərində Azərbaycan RespublikasıTəhsil İnstitutunun tərəfdaşlığı ilə “Azərbaycan ali təhsil müəssisələrində onlayn tədris prosesinin monitorinqi və qiymətləndirilməsi” mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri Təhsil Nazirliyi, Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə baş tutmuşdur. Təlimlərdə spiker qismində Kataloniya Universitetinin Keyfiyyət Təminatı Agentliyində Keyfiyyət Təminatı şöbəsinin müdiri Dr. Esther Huertas Hidalgo və Estoniyanın Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyinin qiymətləndirmə direktoru vəzifəsində çalışan xanım Liia Lauri çıxış etmişdir. Bu məqalə təlimlərdə müzakirə olunan məsələləri digər aidiyyəti və maraqlanan şəxslər ilə bölüşmək məqsədi daşıyır.
İlk öncə qeyd etmək lazımdır ki, onlayn təhsil ənənəvi təhsil ilə eyni olmasa da, onun ekvivalentidir. Bu, o deməkdir ki, onlayn təhsil ənənəvi təhsil ilə eyni keyfiyyətə və dəyərə malik olmalı və belə təhsil proqramları da tanınmalıdır. Onlayn təhsilin keyfiyyətinin təmin olunması üçün ali təhsil müəssisələrində müvafiq e-öyrənmə strategiyasının olması vacibdir. Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydaların onlayn təhsilə də tətbiqi şamil olunsa da, bəzi standartların tətbiqində müəssisələr tərəfindən nəzərə alınmalı məqamlar vardır. Oxucular çətinliklər yaşana biləcək standartlar ilə bağlı ətraflı məlumatı bu sənəddən əldə edə bilərlər: https://www.enqa.eu/wp-content/uploads/Considerations-for-QA-of-e-learning-provision.pdf. Nəzərə almaq lazımdır ki, mövcud milli meyarlar onlayn təhsildə ekvivalent keyfiyyətin təmin olunmasına yol açmaya bilər. Bu səbəbdən mövcud indikatorların onlayn təhsilin də xüsusiyyətlərinə uyğunlaşdırılmasına ehtiyac duyulur.
Onlayn təhsildə ən əsas diqqət yetirilməli məqamlardan biri biliyin qiymətləndirilməsidir. Yaranan ən böyük problemlərdən biri plagiat, akademik bütövlüyün pozulması və s. kimidir. Müəllifliyi və autentifikasiyanı müəyyən etmək üçün texnologiyanın olmaması və e-qiymətləndirmə keyfiyyətinin təmin edilməsi məqsədilə Avropa çərçivəsinin olmaması ilə bağlı boşluğu doldurmaq üçün Avropa İttifaqı 18 partnyorun iştirak etdiyi TESLA layihəsini 2016-2018-ci illərdə maliyyələşdirmişdir.Bu layihə çərçivəsində müxtəlif alətlər ilə yanaşı e-qiymətləndirmənin keyfiyyətinin təmin olunması məqsədilə çərçivə yaradılmışdır. Sözügedən çərçivə sənədində qeyd olunan standartların mövzularına aşağıdakılar daxildir:
1) E-qiymətləndirmənin keyfiyyət təminatı üçün siyasətin, strukturların, proseslərin və resursların mövcudluğu - burada əsas məqam e-qiymətləndirmənin etik və leqal standartlara uyğunluğu və təşkilati mədəniyyət və dəyərlərdə öz əksini tapmasıdır. E-qiymətləndirmə müəssisənin pedaqoji modelinə, akademik və hüquqi qaydalarına uyğun olmalıdır. Xüsusən, onlayn təhsil proqramlarını yaradan ali təhsil müəssisələri e-öyrənmə vəe-qiymətləndirmə ilə bağlı siyasətlər formalaşdırmalıdır.
2) Öyrənmənin qiymətləndirilməsi - e-qiymətləndirmə metodları fərqli olmalı, öyrənmə prosesinin vaxtında və ədalətli qiymətləndirilməsini təmin etməlidir. Tələbələrin fərqliliklərini nəzərə almalı və onların iştirakçılığını artırmalıdır.
3) Autentifikasiya, şəffaflıq və müəlliflik - e-qiymətləndirmənin təhlükəsiz və məqsədəuyğun olması vacibdir. Autentifikasiyanı və müəllifliyi müəyyənləşdirmək üçün tədbirlər görülməli və təhsilalanların bölüşdükləri şəxsi dataların (məlumatların) təhlükəsizliyi barədə onlara zəmanət verilməlidir.
4) İnfrastruktur və resurslar - təlim nəticələrinə çatmaq üçün imkanlar yaradan müvafiq texnologiyaların istifadəsi nəzərdə tutulur.
5) Təhsilalana dəstək - burada təhsilalanların pedaqoji, texnoloji və administrativ ehtiyacları qarşılanmalıdır. Təhsilalanların effektiv və yaxşı təmin olunmuş dəstək xidmətləri barədə məlumatlı olması, onlara əlçatanlığı və onlardanistifadəsi gözlənilir.
6) Professor-müəllim heyəti - professor-müəllim heyəti qabaqcıl və innovativ pedaqoji təcrübələr (e-qiymətləndirmə də daxil olmaqla) barədə təlimləndirilməli və texnologiyadan istifadə edə bilmələri üçün onların bacarıqları artırılmalıdır.
7) Öyrənmə analitikası - müəssisənin informasiya menecmenti sisteminin olması nəzərdə tutulur.
8) İctimai informasiya - müəssisə tərəfindən e-qiymətləndirmə metodları və resurs tələbləri barədə bütün maraqlı tərəflərin düzgün şəkildə məlumatlandırılması gözlənilir.
Digər diqqət yetirilməsi vacib məqamlardan biri tələbə yönümlü öyrənmənin təşkilidir. Belə ki, e-öyrənmədə yaxşı tələbə təcrübəsinin nə olduğunu müəyyən etmək çətindir və müxtəlif indikatorlar nəzərdən keçirilməlidir. Təhsilin onlayn formada verilməsi ömürboyu təhsili təşviq edərək fərqli tələbə cəmiyyətlərinin ehtiyaclarını qarşılamağa, onların rəqəmsal bacarıqlarını artırmağa, tədrisin zaman və yerdən asılı olmayaraq təşkilinə, innovativ təlim və tədris metodlarının istifadəsinə və s. şərait yaradır. Lakin texnologiyadan çox, öyrənmə yenə də əsas diqqət mərkəzində olmalıdır. Onlayn təhsildə də tələbələrin öyrənmə prosesində aktiv rolunu təmin etmək üçün onlayn iştirakçılığı həvəsləndirmək və bir sıra alətlər yolu ilə artıraraq interaktivliyin zəif olması problemini aradan qaldırmaq, e-öyrənmədə ən uyğun pedaqoji modelin seçilməsini qərarlaşdırmaq, tələbələrin öyrənmə nəticələrinə çatmaları məqsədilə professor-müəllim heyətini müvafiq məzmun və tapşırıqları verməsi üçün təlimləndirmək, düzgün biliyin qiymətləndirilməsi metodlarından və alətlərindən istifadə etmək nəzərə alınmalıdır. Müəssisələrin adekvat və əlçatan öyrənmə resurslarının və tələbə dəstək mexanizmlərinin olması da tələbə yönümlü öyrənmə üçün əsasdır ki, müəssisələr tələbələrin ehtiyaclarına yönəlik dəstəyi təmin etmək üçün onların profillərini yaxından araşdırmalı və təhlil etməlidir.Ümumiyyətlə, nəzərə alınmalıdır ki, tələbələr də tədrisin keyfiyyətinin (həm daxili, həm də xarici) təmin olunmasında əsas rol oynamalıdır. Onların tədrisin monitorinqi və qiymətləndirilməsi prosesində iştirakını təmin etmək üçün isə xarici təcrübədə olduğu kimi müvafiq təlimdən keçmələri mütləqdir. Ölkəmizdə ali təhsil müəssisələrinin xarici keyfiyyətdən məsul struktur ilə birgə kredit qarşılığında belə kursları təşkil etmələri tövsiyə olunur.
Avropada ali təhsil müəssisələrinin onlayn təlim və tədris prosesini qiymətləndirməsi üçün müxtəlif alətlərdən istifadə edirlər. Belə alətlərin ölkəmizdə istifadə olunması da mümkündür və arzuolunandır. 2020-ci ildən başlayaraq Avropa İttifaqının maliyyələşdirdiyi Rəqəmsal Ali Təhsil layihəsi (DigiHE) tərəfindən gücləndirilmiş rəqəmsal təlim və tədrisi qiymətləndirmək məqsədilə ali təhsil müəssisələri üçün 20 fərqli özünüqiymətləndirmə modelləri, alətləri və çərçivələri təhlil olunmuşdur. Həmin sənəd ilə qeyd olunan keçidə daxil olaraq tanış olmaq mümkündür: https://eua.eu/downloads/publications/digi-he%20desk%20research%20report.pdf. Sənəddə güclü və zəif tərəfləri qeyd olunan alətlərə DigiCompOrg çərçivəsini, SELFIE platformasını, HEInnovate modelini, E-xcellence modelini misal göstərmək olar. Sözügedən modellər, çərçivələr və ya alətlər arasından hansını istifadə edəcəyinə ali təhsil müəssisələri öz ehtiyaclarına uyğun qərar verməlidir.
Onlayn təhsil prosesinin monitorinqini və qiymətləndirilməsini təşkil etmək üçün təlimatlar yaradanda nələr nəzərə alınmalıdır?Təbii ki, burada əsas məqamlardan biri mövcud keyfiyyət təminatı sistemidir. İnstitusional, yoxsa proqram keyfiyyət təminatına fokuslanılacağı dəqiqləşdirilməlidir. Kontekstlə bərabər təlimatın məqsədi də müəyyən olunmalıdır. Bu zaman ali təhsil müəssisələrinə indikatorların qoyulması, onlayn təhsilin keyfiyyəti ilə bağlı minimum tələblərin, yoxsa mükəmməllik səviyyəsinin izah olunması, ali təhsil müəssisələrinin öz daxili keyfiyyət təminatı sisteminin yaradılmasına dəstəyin verilməsi və ya ölkə səviyyəsində yeniliklərin izlənilməsi kimi hədəflərin müəyyən olunması gözlənilir. Üçüncüsü isə bu təlimatın necə və hansı alətlərin köməyi ilə hazırlanması məsələsidir. İlkin olaraq mövcud keyfiyyət təminatı prosedurları çərçivəsində müəyyən dəyişikliklərin edilməsi və ya yeni fərqli tələblərin yaradılması sualı yaranır. Daha sonra mövcud standartlar və izahlar onlayn təhsil perspektivindən təhlil edilməlidir. Xüsusilə qeyd etmək lazımdır ki, ənənəvi təhsil üçün olan meyarlar/standartlar ilə onlayn təhsilin standartları bir-birindən fərqlənməməlidir. Sadəcə meyarlar hər bir təhsil növünün xüsusiyyətlərini özündə əks etdirməlidir. Boşluqlar varsa, onlayn təhsil perspektivinə mövcud tələblər/izahlar uyğunlaşdırılmalı və ya aydınlaşdırılmalıdır.Həmçinin qeyd etmək lazımdır ki, fərqli maraqlı tərəflərin bu prosesdə iştirakı vacibdir. Bu səbəbdən Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, ali təhsil müəssisələri, professor-müəllim heyəti, tələbələr və s. kimi maraqlı tərəflər arasında əməkdaşlıq vasitəsilə bu meyarlar formalaşdırılmalıdır.
Abutab ABBASOVA,
Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsildə innovasiyalar şöbəsinin müdiri vəzifəsini icra edən, baş mütəxəssis