Dünyanın təbəddülatı, kapitalizmin mənəvi dəyərlərə ziyan vurması, əksər cəmiyyətlərdə elmə marağın, təhsilə təlabatın azalması, mütaliə vərdişinin ərşə çəkilməsi bəşəriyyəti, elə bəşər insanının özünü də görünməz fəlakətə, sonsuz uçuruma sürükləyir. Görünən odur ki, elm, təhsil xəzinəsi hər zaman bütün xalqların üzünə açıq olub. Acı təəssüf ki, insanlar bu açıq xəzinədən yararlanmaq əvəzinə, ləl-cəvahirat, var-dövlət xəzinəsinin bağlı qapısını külüngləməyə, onu açmaq uğrunda sözün tam mənası ilə ölüm-dirim mübarizəsinə qalxmışlar. Bəsirət gözü bağlı olanlar anlamırlar ki, bu dünyada ləl-cəvahiratdan da önəmli olan Adəm övladının təhsili, tərbiyəsi, təmiz adı və pak qəlbidir.
Sosial element olaraq cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənən təhsil və tərbiyə geniş məfhum olmaqla bərabər, həm də bir-birinə bütün çalarları ilə bağlı olan qohum sözlərdir.
Yuxarıda da qeyd etdiyim kimi, qarmaqarışıq dünyamız gözlə görünməyən internet "toruna" bürünmüş, insanlar infantil (fiziki və mənəvi geriləmə) həyat tərzinə keçidin astanasında dayanmış, bir sözlə, kompüter əsrində kompüterin əsirinə çevrilmişik. Sözsüz ki, belə olan təqdirdə təhsil və təlimin deqradasiyası da qaçılmazdır.
Ancaq sevindirici hal ondan ibarətdir ki, bu gün Azərbaycan təhsilinə göstərilən dövlət qayğısı, bu sferada çalışan vicdanlı müəllimlərin gərgin əməyi nəticəsində təlim-tərbiyə məsələləri öz mahiyyətini, dəyərini, çəkisini qoruyub saxlamışdır.
Vətəni-əzizimiz Azərbaycanda həm öz cocuqlarımız, həm də burada yaşayan bütün balalar üçün rövnəqli, işıqlı baxçalar, məktəblər vardır.
Belə məktəblərdən biri də Bakı şəhəri Binəqədi rayonunda yerləşən, çoxillik şam, palıd və tut ağacları ilə əhatə olunmuş, sanki nağıllar aləmini xatırladan 267 nömrəli məktəbdir. Bu təhsil ocağı 1982-ci ildən məktəb, 2008-ci ildən isə məktəb-lisey kimi fəaliyyət göstərir, şagirdlərin təhsil yolunu nura boyayır.
Məktəbin məzunu olmasam belə, məktəbin səmimi kollektivi, apardığım müşahidələr, ümumilikdə məktəbin xoş aurası məni hər zaman özünə cəlb edib. Qələmə aldığım bu kiçik yazı da bu istəkdən doğdu, desəm, inanıram ki, yanılmaram.
Ən böyük istəyimiz isə dünyanı cənginə alan və adını belə dilimizə gətirmək istəmədiyimiz məlum bəlanın səngiməsi və təhsil ocaqlarının ənənəvi təhsil-təlim metoduna dönüşü idi.
Və gün yetişdi...
... Sentyabrın 22-si Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci və dördüncü sinifləri üzrə yeni dərs ilinə start verildi.
22 sentyabr tarixində bu müqəddəs günə, birliyə şahidlik etdik: məktəblər öz doğma balalarını ağuşuna aldı; könüllər sevindi; siniflər gözəl balaların isti nəfəsinə qızındı; onların saf gülüşünə sevindi, əl-qərəz pandemiyadan sonra təhsilin ilk gününə şahidlik etdik.
Həmin 22 sentyabr günü 267 nömrəli məktəb-liseyin müəllim-şagird kollektivi bu doğmalıq və xoşbəxtlik hisslərinin birgəlik anını doyunca yaşadı.(xoşbəxtliyin əbədi və əzəli olmasını arzu edirəm).
Yeni dərs ilinin başlanması münasibətilə məktəbin direktoru Rəna xanım Ağazadə rəsmi hissənin açılışını etdi. Dövlət himnimizin möhtəşəm sədasının sehri və bir də Rəna xanım Ağazadənin çıxışında duyulan sonsuz Vətən sevgisi açılış gününü duyğulu və yaddaqalan etdi. Vətəni bütövləşdirən, canları ilə bütöv Azərbaycan yaradan şəhidlərimizin əziz xatirəsi sonsuz sevgi və dərin ehtiramla yad edildi. Və bu ilin "Zəfər ili" olması diqqətə çatdırıldı.
Tədbirin yekunlaşmasını istəməsək də, ancaq ənənədən kənara çıxmaq olmaz. Beləcə, bu sehirli günün maraqlı tədbiri məktəb həyətində yekunlaşır, məktəb siniflərində isə tədrislə gözəl gün öz axarında davam edir.
Bütün siniflərdə ilk dərs Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, "Ordunun birinci əsgəri"(Mir Şahin Ağayev) İlham Əliyevin müqəddəs: "Qarabağ Azərbaycandır" - kəlməsinin qalibiyyət, qürur sevinci ilə açılır.
Bir ömür mənəvi borclu olduğumuz müəllimlərimiz ənənəvi şəkildə müqəddəs amalları uğrunda fədakar fəaliyyətlərinə başlayırlar.
Belə müəllimlərdən biri də xeyirxahlığı dünyanın günəşi adlandıran, öz şagirdlərini də günəşin parlaq zərrəsinə bənzədən, onların elmə yiyələnməsi, kamala yetməsi yolunda ömrünü şam kimi əridən, adını yuxarıda qeyd etdiyimiz məktəbin ibtidai sinif müəlliməsi Mədinə Şaxbanovadır. Pedoqoji fəaliyyətinin doqquzuncu payızında davranışında - zərif xanım həssaslığı, kübarlığı, alicənablığı hiss olunan, xarakterində - mətinlik, bütövlük, düzlük, halallıq və ən əsası səmimiyyət duyulan Mədinə Şaxbanova ilə ünsiyyət qurmaq, dərin və həssas fikirlərini eşitmək olduqca xoş təsir yaratdı. Hər bir şagirdi doğması qədər çox sevən müəllimənin sözün hər mənasında "birincilər" ilə tanış olmağın duyğusu, xoşbəxtliyi isə bizə (inanıram ki, əziz oxuculara da) sözlə ifadə edilməyəcək qədər saf hisslər, munis duyğular yaşatdı. Bu məqamdaca Mədinə Şaxbanovanın fikirlərini, düşüncələrini eşitmək, oxumaq tam yerinə düşər:
"Hər bir fərdin əqlini inkişaf etdirən, qanacaq və qabiliyyətini formalaşdıran ən başlıca üsul elm və mərifətdir. Sizinlə bayaq söhbət əsnasında buna həm də təhsil və tərbiyə də dedik. İstənilən elmi araşdırmaya nəzər yetirmək kifayətdir ki, hər bir fərdin təlim və tərbiyəsinin 4-6, bəzən də 7-8 yaşlarında formalaşdığını görəsiniz. Buna görə də uşaqların ailədə, məktəbəqədər və ibtidai sinifdə oxuduğu dönəmlərdə onları necə yetişdirsən, hansı təhsili aşılasan, hansı tərbiyədə böyütsən ömrünün bütün mərhələlərində özünü yaxşı və ya pis formada göstərəcək. Nəzərə almaq lazımdır ki, mühit amili olduqca vacibdir. Öyrətməyin öyrənməkdən çətin olduğunu düşünsək, müəllim və valideynin də işinin heç də asan olmadığını görmüş olarıq. Qədim dünyanın ilk filosoflarından sayılan Sokratın tələbəsi və Aristotelin müəllimi olan Platon deyirdi ki, əsl vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan kamilləşməsi vacibdir. Əhməd bəy Ağaoğludan bir iqtibas söyləmək isə tam uyğun olar: "Ailə, məktəb, ədəbiyyat, sənət, fikri və hissi cərəyanlar - bütün bunların hamısı tərbiyəyə daxildir”.
Bütün balalara təhsilli olmağı, heç bir uşağın təhsildən kənar qalmamağını arzu edirəm.
Azərbaycanda hər sahədə müşahidə olunan inkişaf təhsil sektorunda da nəzərə çarpır. Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. 2011-2021-ci illər Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması da buna əyani sübutdur.
Sonda dünyada yaşayan bütün azərbaycanlıları, haqqın yanında olan hər kəsi "Zəfər ili" münasibətilə təbrik edirəm. Bu ay yeni tədris ilinə, ənənəvi təhsil sisteminə qayıdış ayıdır və bununla əlaqədar olaraq, bütün şagird və tələbələrə dərslərində uğurlar diləyirəm. Onlar qalib bir ordunun - Vətən savaşından alnı açıq çıxan xalqın nümayəndələri olaraq bu il məktəbə ilk addımlarını atdılar. Qədəmləri uğurlu olsun".
Bu günün major notlara köklənmiş xoş təəssüratını bir ömür boyu yaddaşıma həkk edərək, məktəbdən ayrılıram. Və Mədinə müəllimənin sinif rəhbəri olduğu 1 f sinif şagirdlərinin uğurlarının axarlı, ömürlərinin isə daim baharlı olmasını arzu edirəm. Yazının son akkordlarını isə sabahın xoş xatirəsi olsun deyə, hər bir əziz şagirdlərin ad və soyadını böyük sevgiylə, müəllifin hədiyyəsi olaraq qeyd edirəm:
Əliyev İslam, Abdullayev Əli, Ağazadə Rəhmannur, Atakişiyeva Fidan, Babayev Mustafa, Dəmirova Arzu, Dənziyeva Əsma, Əbilova Aylin, Əhmədzadə Mədinə, Əliyeva Aydan, Əlizadə Ayxan, Əlizadə İnci, Əlizadə Zemfira, Heydərli Naim, Hüseynli Kənan, Hüseynzadə Mədət, İbrahimzadə Mətin, Kərimli Cahid, Kərimli Lalə, Kərimli Məryəm, Qasımova Aliya, Məhərrəmov Rüstəm, Məmmədəliyeva Leyla, Miriyev Emil, Musayeva Banu, Namazova Elmira, Oruczadə Renat, Rəhimli Mədinə, Rəhimova Məryəm, Rzayeva Aysel, Sadıq Ağa, Salahov Ağacəlal, Şəmmədli Sevil, Talıbova Sevda, Vəliyev Amin, Vəliyev Məhəmməd, Zeynallı Camal.
Əziz balalar, Sizin timsalınızda bütün cocuqların təhsil yolu açıq olsun.
Əsgər İsmayılov,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi