Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları, magistrant və tələbələri üçün Elektron nəşrlər fənnindən "Elektron qəzetlər" mövzusunda ustad dərsi keçib.
Rəşad Məcid əvvəlcə son dövrlər Bakı Dövlət Universitetində təşkil olunan ustad dərslərini yüksək qiymətləndirdiyini bildirib. Eyni zamanda rəhbərlik etdiyi qəzetlə BDU arasında olan əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Rəşad Məcid mühazirəsində əvvəlcə “525-ci qəzet”in yaranması və inkişaf tarixi haqqında məlumat verərək qəzetin yeni dövrün reallıqlarına uyğun olaraq artıq uzun müddətdir ki, fəaliyyətini ənənəvi formatla yanaşı, elektron qəzet versiyasında davam etdirdiyini qeyd edib. Bildirib ki, XX əsrin 90-cı illərindən başlayaraq yeni media növü - elektron media meydana gəlməyə və formalaşmağa başlayıb. Yeni media sürətlə cəmiyyətdə öz mövqeyini möhkəmləndirib, ona böyük maraq və tələbat yaranıb, ənənəvi qəzetlər elektron versiyalarını təqdim etməyə üstünlük veriblər. Artıq ənənəvi jurnal və qəzet mütaliəsinin yerini hər an yenilənmək imkanına malik olan elektron informasiya resurslarının aldığını diqqətə çatdıran məruzəçi ölkəmizdə fəaliyyət göstərən elektron qəzetlər, onların iş prinsipləri, perspektivləri və hədəfləri barədə məlumatlar verib, bir sıra müqayisəli təhlillər aparıb. Mühazirə zamanı “525-ci qəzet”in elektron versiyasından nümunələr – mətn, illüstrasiya və videofraqmentlər nümayiş etdirilib. Mühazirədə ənənəvi qəzetlərdən fərqli olaraq, elektron media resurslarında multimediya komponentlərinin yer almasının üstünlüklərindən bəhs olunub, çağdaş dövrdə informasiyanın məzmunu ilə yanaşı, onun təqdim olunma forması, elektron qəzetlərin bədii və texniki tərtibatı kimi məsələlər şərh edilib.
Ustad dərsi auditoriya tərəfindən böyük maraqla dinlənilib, Rəşad Məcid tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.