Logo

Elektron təhsil niyə populyardır?

30.12.2021 17:47 1036 baxış
IMG

Son onilliklərdə informasiya texnologiyalarının inkişafı bu texnologiyaların insan fəaliyyətinin bir çox sahələrində geniş tətbiqinə səbəb olmuşdur. Təhsil sektoru da istisna deyil.

E-təhsil (elektron təhsil)  20-ci əsrin sonlarında Qərb ölkələrində yarandı və təhsilin  sürətli inkişafına təkan verdi. Təhsilin elektron formalarının yaranması və fəal şəkildə yayılması bir çox ölkələrin təhsil sistemlərinin dünyada gedən inteqrasiya proseslərinə, informasiya cəmiyyətinə doğru inkişafa adekvat cavabı  idi.

Elektron təhsil  (E-learning  ingilis dilində olan “electronic learning”-in qısaldılmış formasıdır) informasiya və elektron texnologiyalardan istifadə ilə təşkil edilən təlim sistemidir. E-təhsilə  YUNESKO mütəxəssisləri tərəfindən belə tərif verilir: “e-Learning – İnternet və multimediadan istifadə edərən təlim  texnologiyasıdır”.

21-ci əsrin əvvəllərində (əslində elə indi də)  ölkəmizdə elektron təhsil texnologiyasının zəif  inkişaf tempi  açıq aşkar   hiss edilirdi.  Bir çox ölkələrdən fərqli olaraq bizdə   elektron təhsil formalarından geniş miqyasda istifadə olunmurdu. Hazırda dünya  təhsil  sistemində elektron təhsilin geniş tətbiqi üçün texniki zəmin yaradılıb. Bundan əlavə, bəzi hallarda elektron təhsil  ideyalarının həyata keçirilməsi müasir texniki vasitələrin imkanlardan geri qalır. Bu təhsil sisteminin ətalətliyi  ilə  əlaqədardır. Buna baxmayaraq, hər il elektron təhsil texnologiyalarından istifadə getdikcə daha da geniş vüsət almaqdadır.

Hal-hazırda elektron təhsil, bir qayda olaraq, ikinci ali təhsil almaq, əlavə təhsil almaq və ya mütəxəssislərin yenidən hazırlanması və təkmilləşdirilməsi üçün istifadə olunur. Dünya təcrübəsi  göstərir ki, elektron təhsil (e-learning) əyani təhsilə əlavə yeni  imkanlar yaradır.  

Elektron təhsilin üstünlükləri

Elektron təhsil sistemlərinin populyarlaşmasının və geniş tətbiqinin bir çox səbəbləri var. Əvvəla, bunlar elektron təhsilin “klassik” öyrənmə metodlarından olan aşkar üstünlükləri ilə əlaqədardır.

Distant təhsil müəllimlərə və tələbələrə bir-birindən xeyli məsafədə olaraq təhsil almağa   imkan verir. Elektron təhsil sistemlərindən istifadə təhsili daha əlçatan edir, çünki bu, təhsil alanların daha geniş təbəqəsi üçün təhsil xidmətləri göstərilməsinə imkan verir. Korporativ təlim zamanı elektron forma əsas istehsal fəaliyyətini dayandırmadan, baş ofisdən və tədris mərkəzindən uzaq məsafədə olmasına  baxmayaraq, şirkətin bütün filial və bölmələrində işçilərin mərkəzləşdirilmiş qaydada təlim keçməsinə imkan verir. Məsələn, iş günü ərzində və ya asudə vaxtda, ya da təlim üçün ayrılmış vaxtda əməkdaşlar təlim ala bilirlər.

Təlim  almağın reallığı  və resursların  açıqlığı mütəxəssisə təhsili  peşə fəaliyyəti ilə birləşdirərək, parallel olaraq həyatının istənilən  mərhələsində təhsil almağa imkan verir. Alimlərin son araşdırmaları göstərdi ki, elektron təhsil ənənəvi öyrənmə ilə müqayisədə 50-70% vaxta qənaət edə bilər. Qənaət olunan vaxtın həcmi öyrənilən fənndən, eləcə də formatdan asılıdır.

İqtisadi səmərəlilik

Ənənəvi kurslarla müqayisədə tam hüquqlu e-kursların hazırlanması dəfələrlə baha başa gəlir.  Buna  baxmayaraq, e-formadan istifadə edərək bir tələbənin təhsil haqqı əyani təhsillə müqayisədə xeyli aşağıdır. Təlimdə çox sayda tələbə iştirak etdikdə elektron təhsilin maliyyə səmərəliliyi xüsusilə nəzərə çarpır. Elektron təhsil adi öyrənmə formatından daha ucuzdur.  Bu, yol xərclərinin aşağı olması, başqa şəhərdə yaşayış xərcləri və təlimin təşkili (sinif otaqlarının icarəsi, kommunal xərclər, işçilərin əmək haqqı, müəllimlər üçün əlavə xərclər və s.) xeyli az  olması hesabınadır. Orta hesabla, elektron təhsil  ənənəvi  təhsillə müqayisədə hər tələbəyə 50-60%-ə qədər qənaətə  imkan verir.

Təlimin fərdiləşdirilməsi, əlilliyi olan şəxslərin təlimə cəlb edilməsi

Elektron təhsil sistemlərinin tətbiqi fərdi öyrənmənin üstünlüklərini  (öyrənmənin keyfiyyəti baxımından) kütləvi təhsilin üstünlüyü (səmərəlilik baxımdan) ilə  birləşdirməyə imkan verir.

Tədris sisteminin proqram təminatı kurrikulumun tələbləri, müəllimlərin və ya təlim şəraitinin ehtiyac və xüsusiyyətlərinə fərdi qaydada  uyğunlaşmasını təmin etməlidir. Müstəqil təlim kursları (modulları) kompleksindən siz fərdi və ya qrup ehtiyaclarına cavab verən xüsusi kurrikulum formalaşdıra bilərsiniz.

Elektron təhsil tələbələrdə  bu gün hər insan üçün zəriru olan özünütəhsil bacarıqlarını inkişaf etdirir. Tələbə özü sərbəst olaraq  öyrənmə tempini, intensivliyini, modulların sayını, ayrı-ayrı bölmələrin öyrənilməsi ehtiyacını və s. müəyyən edir. Tələbə  dərslərin başlama vaxtını təyin etməkdə tədris müəssisəsindən və müəllimdən asılı deyil, o, əlverişli özünə uyğun vaxtda məşğul olur.

Bəzi tələbələr üçün tədris  prosesinin psixoloji amili vacibdir. Psixoloji nöqteyi-nəzərdən elektron təlim sistemlərindən istifadə nəzarət fəaliyyətini (qiymətləndirmə, sınaq, imtahan) yerinə yetirərkən müdavimlərin yorğunluq, gərginlik  dərəcəsini azalda bilər. Bundan əlavə, qiymətləndirmədə subyektiv amillər istisna olunur.

Elektron təhsil sistemləri bir sıra xüsusiyyətlərdən - yaşayış yerindən, sağlamlıq vəziyyətindən, maddi rifahdan asılı olmayaraq təhsil üçün bərabər imkanlar təmin edir. Elektron təhsil çox çevikdir - siz onu istədiyiniz zaman, istənilən məkanda  başlaya və davam etdirə bilərsiniz. Hər bir tələbə üçün onun iş rejimi və təlim ehtiyacları nəzərə alınmaqla fərdi tədris planı hazırlana bilər.

Dos. İlham Əhmədov

Xəbər lenti