Logo

"Təhsil sahəsindəki islahatların əsas məqsədi təhsilin inkişafını təmin etməkdir" - Ekspert

14.01.2022 15:26 521 baxış
IMG

"Fərqli yanaşmalar həmişə olub, bundan sonra da olunacağı istisna deyil. İstənilən fərqli yanaşmalara baxmayaraq, DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alan oxuculara müraciətini təqdir edir və bu müraciəti Dövlət İmtahan Mərkəzinin geniş ictimaiyyət üçün daim açıq olmasının növbəti təzahürü kimi qiymətləndirirəm.Ümid edək ki, növbəti həftə ərzində “Abituriyent” jurnalının xüsusi buraxılışlarında 9 və 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və digər zəruri materialların dərc olunacağı isə yəqin ki, imtahanların problemsiz ötüşəcəyinə öz yardımçı təsirini göstərməmiş olmayacaq".

Bu sözləri "Tehsil.biz"ə açıqlamasında tanınmış təhsil eksperti Nadir İsrafilov DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alan oxuculara müraciətinə münasibət bildirərkən deyib.

Ekspert bildirir ki, bir az dərinə getsək, bəlkə də təhsilimizdə elə bir məqam yoxdur ki, cəmiyyətin bütün maraqlı dairələri tərəflərindən birmənalı qarşılansın, diskussiyalara, polemikalara, səbəb olmasın: "Kifayət qədər müddət keçməsinə baxmayaraq, bu günün özündə belə ən çox mübahisələndirilən predmetlərdən biri də məhz, 2008-ci ildən respublikanın ümumtəhsil məktəblərində tətbiq olunan tədris fənn kurikulumlarıdır. Səbəb isə birmənalıdır və zaman-zaman təhsil rəsmiləri tərəfindən də etiraf olunub. “Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq.” (Mikayıl Cabbarov) ; “20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil.” (Məleykə Abbaszadə) Lakin “müəllimləri buna lazımi səviyyədə hazırlamadıq”;  “müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar” kimi ifadələr heç də o anlama gəlmir ki, Nazirlər Kabinetinin 2006-cı il oktyabrın 30-dakı 233 nömrəli qərarı ilə təsdiqlənən Azərbaycanda Ümumi Təhsilin Konsepsiyasından və konseptual xarakterli çərçivə sənədi əsasında hazırlanan və Nazirlər Kabinetinin 2009-cu il yanvarın 13-dəki 9 nömrəli qərarı ilə təsdiq edilənən “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”ndan imtina etməliyik".

N.İsrafilov qeyd edib ki, kurikulum hələ ki, yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçid vasitəsi kimi, Azərbaycanda Ümumi Təhsilin Konsepsiyası olaraq qalır və bu mənada da yeni nəsil kurikulumları hazırlanana qədər  ümumi orta təhsil bazasında müvafiq fənn kurikulumlarının təlim nəticələri əsasında buraxılış imtahanlarının keçirilməsi üçün yetərli sayılacaqdır: "Təkmilləşmə və yeniləşmə ilə əlaqədar işlər isə gedib və bundan sonra da gedəcəkdir. Yəni, vəziyyətin daha optimal variantı üzrə istər Təhsil Nazirliyi, istərsə də DİM müvafiq və davamlı işlər görür. Bir də ki, müracətdə də qeyd edildiyi kimi buraxılış imtahanlarının elmi-statistik təhlilləri həm 9, həm də 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında tətbiq olunan imtahan modellərinin fənn kurikulumlarının tələblərinə və dərsliklərin məzmununa tam uyğun olduğunu təsdiq edir. Başqa sözlə 2022-ci ildə də buraxılış imtahanları mövcud qaydalar əsasında fənn kurikulumlarının tələblərinə uyğun keçiriləcəkdir. Müraciətdə əsas narahatçılığa səbəb olan məqama da aydınlıq gətirilib: “Cari dərs ilində buraxılış imtahanlarının dərs ilinin ikinci yarısında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb".

"Hazırda təhsil sahəsində həyata keçirilən islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, o cümlədən də qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti yaranıb və bundan sonra da yaranacaq. Bu baxımdan geniş ictimaiyyəti maraqlandıran və narahat edən istənilən məsələnin gündəmə gətirilməsi, ümumi ictimai rəyin öyrənilməsi və buna müvafiq təkliflərin hazırlanması və təqbiq edilməsi baxımından çox faydalıdır. Təəssüf ki, maarifləndirmə işinin lazımı səviyyədə olmamasından, bəzən məsələnin qoyuluşu bir çoxları tərəfindən düzgün anlaşılmır, müxtəlif öncəgörmə xarakterli mülahizələrin irəli sürməsinə, cəmiyyətdə bir növ çaşqınlıq yaradılmasına rəvac verir. Ona görə də istənilən məsələyə aydınlıq gətirilməsi ilk olaraq rəsmi dairələrdən gətirilməlidir ki, məsələnin əsl mahiyyəti düzgün anlaşılsın, başa düşülsün, başqa istiqamətlərə yozulmasın. Fərqli yanaşmalar həmişə olub, bundan sonra da olunacağı istisna deyil. Bununla belə, istəsək də istəməsək də, kurikulum bütün müsbəti ilə, mənfisi ilə artıq ümumtəhsil konsepsiyamıza çevrilib – bizimkiləşib. Biz isə onu özümüzə uyğunlaşdıra bilmiriksə, özümüzü ona uyğunlaşdırmaq zorundayıq", - Nadir İsrafilov bildirib.

Fəqan Əzimli

Xəbər lenti