Logo

“Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Cəlilabadda biznes təlimlərinə start verilib

28.01.2022 17:36 1000 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Cəlilabad rayonunda biznes təlimlərinə start verilib.

Bununla əlaqədar olaraq 28 yanvar tarixində layihə çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində təlimlərə başlanılması ilə bağlı tədbir keçirilib. Tədbirdə tərəfdaş müəssisələrin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının regional nümayəndələri iştirak ediblər. Tərəfdaşlar layihənin məqsədi, mərhələləri və əldə ediləcək nəticələr barədə təqdimatlarla çıxış ediblər.

Təlimdə Cəlilabadda peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edir.  Cəlilabad Peşə Liseyində keçirilən təlimdə gənclər KOBİA-nın Cəlilabad KOB İnkişaf Mərkəzinin ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti, satış, korporativ idarəetmə, rəqəmsal bacarıqlar və bu kimi ilkin biznes biliklərinə yiyələnəcəklər. Təlimlər bir həftə davam edəcəkdir. 

2021-2023-cü illəri əhatə edəcək layihə ilk olaraq Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçiriləcək. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələri əhatə edir. Layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili alan və sahibkarlığa maraq göstərən sonuncu kurs tələbələrinin seçimi və maarifləndirilməsi həyata keçirilir. Sonra bu gənclər KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunur, onlara mentorluq dəstəyi göstərilir, biznes müəssisələrinə təlim və təcrübə səfərləri təşkil olunur. Üç ay davam edən biznes və peşə təlimlərini uğurla başa vuracaq gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqdır.

Sözügedən layihənin məqsədi peşə təhsil müəssisələrində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, həmçinin mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi və peşə təhsilinə marağın artırılmasından ibarətdir.

Xəbər lenti