Tarixin tarixi günü. Tarixin 28 May günü. Tarixin bir xalqın varlığından doğan Respublikasının, vətəndaşının, Bakı Dövlət Universitetinin, professor-müəllim-tələbə heyətinin günü.
Günün işarəsi - Bakı Dövlət Universiteti günün işartısı - şəfəqləri ilə sübh tezdən oyanıb. Xoşbəxtdir. Ruhludur. Gözləri önündə Jurnalistika fakültəsinin müəllim və tələbələrini "görür". Qürurludur. Yenə də xoşbəxtdir... Daha çox Jurnalistika fakültəsinin birliyinə, sağlam ənənələr, xətir-hörmət üzərində qurulan və bir ömür boyu davam edən müəllim və tələbə dostluğuna.
Biz tələbələr də xoşbəxt, taleli, bəxtliyik... Ağgünlüyük - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi olduğumuz üçün. 28 Maygünlüyük - müstəqil Azərbaycan Respublikasının vətəndaşı olduğumuz üçün.
Qəlb evimiz - Darülfünun yanından çiyin-çiyinə yola çıxdıq. Aydınlıq, elm yolunun cəfakəş müəllimləri - Ustad Cahangir Məmmədli, Zaur Babayev, Gülnarə Sadıqova bizə səfər bələdçiləri oldu. Ünvana ruhumuzdan keçərək yetişdik.
Qubaya yenicə varid olmuşduq ki, bir də gördük bütün tələbələr Cahangir Məmmədlinin ətrafına cəm oldu. Ustada izhari-sayğı və izhari-təşəkkür edən tələbələrdən biri Məleykə Qafarova; "Müəllimlə şəkil çəkdirək", - deyə sevinclə dilləndi. Beləcə bir şəklin tarixçəsi yarandı. Bir də qəlblərdə munis duyğular, saf hisslər...
Səbzpuş çəmən üstə açılan lalə, çobanyastığı və digər çiçəklərlə bərabər, qollu-budaqlı ağaclar altında süfrəmiz də açıldı. Ətrafında halə qurduğumuz masada bir-birimizə xoş günlər arzulayan ürəklər də açıldı...
Zaur Babayevin qəlbindən doğan hər nöqtəli sətri tələbə könlünə yol aldı, ruhu qidalandırdı. Gülnarə Sadıqova fikirlərinin mayasında tələbəyə olan sonsuz sevgi dayandı. Tələbə Ziyafət Əlisoyun coşqun sular kimi axıb qəlblərə yayılan nitqi, Dilşad Yusifovanın məsuliyyətdən irəli gələn fikirləri səfəri yadda qalan edən məqamlardan oldu. Beləcə, söz sözü çəkdi. Bu dəfə sözlər qəlbdən-qələmə deyil, qəlbdən-qəlbə yazıldı. Çıxışların mayasında eyni istəkdən doğan və hər dildə eyni anda: "Tanrı Ustadımız Cahangir Məmmədlini qorusun", "Fakültəmizin birliyi, müəllim-tələbə dostluğu əbədi olsun" - deyə səslənən arzular, dualar, alqışlar vardı. Və bir də səsi dağlara yayılan gurultulu alqışlar...
Tələbələrinə elmdən savayı həm də ürək və ruh zənginliyi bəxş edən Cahangir Məmmədli məclis əhlinin alqışı və xoş sözləri altında böyük alicənablıq göstərərək ayağa qalxdı. Səmimiyyət və sadəlikdə Ustad müəllimin alicənablığı, müdrikliyi, təmiz mənəviyyatı, bir sözlə yüksək əxlaqi məziyyətləri göründü.
Hava isti idi. Ağacların yarpaqları arasından günəşin isti şəfəqləri də məclisə "qatılmışdı". Ustad dilindən çıxan kəlamlar isə daha isti (!) idi. Cahangir Məmmədli fakültəmizin müəllim və tələbələrinə məclisdə olanların timsalında sağlıq arzuladı: "Hər birinizi öpüb bağrıma basıram" - söylədi. Əlini süfrədə olan soyuq içkilərə deyil, məhz isti çaya uzatdı, sonra da uca səslə: "Sizin sağlığınıza" - dedi.
Artıq səfər yekunlaşırdı. Göydə də günəş batmaq üzrə idi. Ancaq yerdəki günəşlərin - tələbələrin qəlblərində günəş seli çağlayırdı: əyilən günü dikəldib günə yenidən başlamaq istəyirdilər. Şəms Hüseynli, Nübar Allahverdiyeva, Hamar Quluzadə, Ataməli Əliyev nümunəsində hər bir tələbə günə gözəllik qatdı, rövnəqlik gətirdi.
Fürsətdən istifadə edən tələbələr Zaur Babayevin maraqlı yanaşması ilə kollektiv şəkil çəkdirdi. Həmin an şəklə ad da qoyuldu - "Əli Hacıyevin eşqinə". Həmin gün Əli Hacıyev, Samir Xalidoglu, Ramin Rzayev və digər müəllimlərimizin də ismi tələbə dilində və qəlbində idi. Tələbələrin bir arzusu da vardı: növbəti səfərlərdə müəllimlərimiz bizimlə birlikdə olsun.
Xoş minvalla, xoş halla Bakıya yola düşdük. Bu görüş bir çox məqamları ilə yadda qaldı. Ustad müəllimimiz Cahangir Məmmədlinin bizlərlə birlikdə olması silinməz bir xatirəyə çevrildi.
Bu ərəfələrdə doğma Bakı Dövlət Universitetində I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının keçirilməsi də tarixi bir məqam oldu. Digər bir tarix isə səmada yazıldı: “Texnofest-2022” festivalı ilə.
"Qırmızı" və "yüksəklik" rəmzi - Quba və Bakı səmasında ən yüksəkdə süzən qırmızı rəngli Türk şahinləri: Şanlı 28 May zəfərinə və 28 May səfərinə ucalıq qatdı. Şair demişkən: "İstəyim xalqıma hər an ucalıqdır, ucalıq".
Şəms Hüseynli,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi