Logo

İŞĞALÇI BİR ŞƏHƏR-DÖVLƏTDƏN TARİXİ DƏYİŞDİRƏCƏK BİR İMPERİYAYA UZANAN YOL – HET İMPERİYASI

19.06.2022 19:15 688 baxış
IMG

           Hetlər (Hititlər) 3800 il öncə, Tunc dövründə Anadoluda ilk mədəniyyətin təməllərini atdılar.Yaxşı, bəs Anadoluya Qafqazlardan köç edən bir qövm bir əsrdən qısa bir müddətdə yarımadanın super gücünə necə çevrildi?

          Uzun müddət Anadolunun ən əhəmiyyətli yaşayış məntəqələrindən biri olan qədim şəhər sahibləri hattilər tərəfindən “Hattuş” adlandırılmış, Het hakimiyyətinə keçdikdən  sonra “Hattuşa” adını almışdır.Yazılı mənbələrə görə, şəhər hetlərin də ilk kralı olan, Kuşşara şəhərinin kralı Anitta tərəfindən e.ə. 1700-cü illərdə tutulmuşdur. Məhvi və lənətlənməsi də yenə Anitta tərəfindən həyata keçirilmişdir.Təxminən, 1 əsr sonra I Hattuşili tərəfindən yenidən qurulan şəhər 400 ildən çox hökm 

sürən sivilizasiyanın paytaxtı oldu.Əksəriyyəti Böyük Kral IV Tudhaliya dövrünə aid bir çox məbəd, yaşayış məskənləri və şəhər divarları bu gün də gözlə görülə bilir.

          Hattuşa (Boğazköy) 4000 il əvvəl hattilər tərəfindən qurulub.Anittanın məşhur lənətindən (bu gil lövhə Het dilində ilk sənəd sayılır) 1 əsr sonra Kral Labarna buraya gələrək şəhəri tutur və Het krallığını qurur.Hattuşa Het mədəniyyətinin mərkəzi idi.Dolayısıyla, hetlərin kimlər olduğuna dair ilk ipucular burada yatır...

          Mesopotamiya və Anadolunun ən böyük metropolislərindən biri olan Hattuşanın İncil və Tövratın bir çox yerində adı keçdiyi üçün, xüsusilə, Qərb alimləri XVIII əsrdən etibarən Anadoluya gəlmiş və buranı araşdırmağa başlamışlar.

          Hattuşanın qalıqları ilk dəfə 1834-cü ildə Çarlz Teksier (Charles Texier) tərəfindən aşkar edilmişdir.Teksier xarabalığı Heredotun qeyd etdiyi Med şəhəri Pteria olduğunu zənn edir.Lakin 1907-1912-ci illər aralığında aparılan qazıntılar nəticəsində bu qalıqların Hattuşaya aid olduğu müəyyən edildi. Mustafa Kamal Atatürkün göstərişi ilə bölgədəki qazıntılar əhəmiyyət qazanır.Qazıntılar nəticəsində üzə çıxarılan əsərlər hazırda Çorum Muzeyi ilə Anadolu Mədəniyyətləri Muzeyi və İstanbul Şərq Əsərləri Muzeyində sərgilənir.1906-ci ildən etibarən sistemli şəkildə arxeoloji qazıntılara başlanmışdır.115 ildir ki, burada arxeoloji araşdırmalar fasiləsiz olaraq aparılır.Buna baxmayaraq tapılan abidələrin sayı var olduğu düşünülən abidələrin cəmi 30-35 %-i təşkil edir.Ərazisi təxminən 180-200 ha arasında dəyişir.Bu da günümüzdə 400 futbol stadionuna bərabər bir sahəni əhatə edir.Hattuşa antik şəhəri Çorumun 65 km Cənub-qərbində Boğazqalada yerləşir.Şəhər Aşağı Yuxarı şəhər olmaqla 2 hissədən ibarətdir.1 km-dən böyük olan Yuxarı şəhərdə saray və məbəd qalıqları var.Şəhər 7 km uzunluğunda divarlar ilə əhatələnib və divarlardakı 8 qapıdan şəhərə giriş-çıxış təmin olunurdu.Boğazköyün kəşfiylə birlikdə 10 mindən daha çox tapılan mixi yazılı daşlar 1906-cı ilə qədər çox az məlumata malik olan hetlərin tarixini, dinini, mədəniyyətini və s. araşdırmağa imkan verdi.

          Hetlər 3500 il əvvəl minlərlə insanın yaşaya biləcəyi möhkəm bir metropolis quracaq bir texnikaya malik idilər.Lakin bu özü ilə bir neçə problem gətirirdi.Bunlardan biri də ərzaq problemi idi.Hetlər əkinçi bir toplum idi.Buna görə də Het qanunlarının 200 maddəsindən 40-ı əkinçilik və maldarlıq ilə əlaqədər idi.Bundan əlavə, hetlər istifadə etdiklərindən daha çox istehsal etmək gücünə malik iqtisadiyyata sahib olduqlarından Hattuşada böyük ərzaq anbarları inşa edirdilər.Bir anbarda 30 min insana 1 ildə kifayət edəcək qədər ərzaq toplanırdı.Bunun sayəsində 1 il boyunca şəhərdən kənara çıxmadan ərzaq ehtiyacı qarşılanırdı.Bununla yanaşı, şəhərin su ehtiyacını qarşılamaq üçün dövrünə görə inqilabi bir ixtiraya imza atdılar.Şəhərin cənubunda, indiki Göypınarda tarixin ilk su anbarını tikdilər. Anbar e.ə. 1240-cı illərdə, təxminən, 3250 il əvvəl quruldu.100x100 m olan bənd 25 min kub su saxlama həcminə malik idi.Sonralar bir çox belə bəndlər inşa olundu.Romanın məşhur su kəmərlərindən 1000 il əvvəl gildən düzəltdikləri boru xətləri ilə şəhəri su ilə təmin etdilər.Hetlər şəhərdən kənarda qazdıqları çuxurları gil ilə suvayaraq bəndlər yaradır, yerin altından kilometrlərlə uzaqdan şəhərə su kanalları çəkərək suyu şəhərdəki hovuzlarda saxlayırdılar.Beləcə, həm şəhərin su ehtiyacını qarşılamış, eyni zamanda da, tarixin ilk kanalizasiya sistemini də qurmuş oldular.Yəni bir yandan şəhərə içməli su daxil olarkən, digər yandan artıq su şəhərdən xaric olunurdu.Eyni zamanda, tarixin ilk poternli (tunelli) qala divar sisteminin əsası qoyuldu, yəni bütün divarların altına tunellər qazıldı.Hetlər şəhərin cənubunda güclərinin bir simvolu olaraq və böyük ehtimal ayinlərinin 

keçirildiyi yerlərdən olan yarımpramida (Yerkapı) tikdilər.Bu da hetli səfirlərin Misirə gedib gəldikləri və oradakı piramidaların təsirində qalaraq öz şəhərlərində də buna bənzər bir tikili inşa etdikləri fikrini yaradır.

          Hetlər başda Kapadokiya olmaqla, Mərkəzi Anadolu və Suriyaya qədər uzanan geniş bir ərazini əhatə edirdi.Gil lövhələrdə adı keçən 1500-dən çox Het yaşayış məskənlərinin bəziləri 250-300 insana malik kiçik qəsəbə olarkən, bəziləri də 30 minə qədər insanın yaşadığı metropolislər idi. E.ə. 1500-ci illərdə dünya əhalisi 55 milyona yaxın, Het imperiyası isə 3 milyonun üzərində insan sayısına malik idi.Bu günki dil ilə desək, hetlər  BMT-də qeydiyyatda olan 206 ölkənin 69-dan daha çox əhali sayısına malik idi.Bəs hetlər kağızın ixtira edilmədiyi bir zamanda və bir ucundan digər ucuna at üzərində 20 günə gedilə bilən bir coğrafiyanı necə idarə edirdilər?

          Hattuşada kəşf edilən 25 min gil lövhədən 80 min kitab səhifəsinə bərabər mətn ortaya çıxarılıb.Tarixin ilk arxiv sənədləri olan bu mətnlər dini rituallardan qanunlara, dualardan yemək reseptlərinə qədər bir çox fərqli məsələləri əla alır.Yazı mədəniyyətinə gil lövhə üzərində heroqlif və mixi yazı sistemi aid idi. Üçbucaq qələmlə yazaraq deyil, gil lövhə üzərinə basaraq və qələmi müəyyən tərəflərə çevirərək yazırdılar.Əhalinin çox az qismi oxuma-yazma bilirdi və buna görə də katiblər kral fərmanlarının altında digər şəhərdəki katib dostlarıyla söhbət edə bilirdilər.Katiblik elit bir peşə idi.Daxili yazışmalarda hetcə, xarici yazışmalarda isə akkadca istifadə olunurdu. Çünki o zamanın beynəlxalq dil Akkad dili idi.Het dili Hind-Avropa dil ailəsinin atası hesab olunur. (Anna-ana, atta-ata).Həmçinin, ilk şiş kababın ixtiraçıları da hetlər idilər.

          Qədim Anadolu adət-ənənəsinin ataları da onlar hesab olunur.Çoxarvadlılıq və başlıq pulu geniş yayılmışdı.Het qanunları olduqca qatı idi.Təmizliyə aşırı diqqət yetirilirdi.Het qanunları natəmizliyə, hətta ölümlə belə cavab verirdi.Yeməkdən tük çıxarsa,aşçı və ailəsi edam edilirdi.Kəsilən tükləri kiminsə tarlasına atmaq qadağan idi.Het qanunlarında cəzanın şəxsiliyi yox idi və irsi xarakter daşıyırdı.Yəni cəzasını çəkmədən ölən atanın cəzası övladlarına miras qalırdı.İnkişaf etmiş inanc sistemi həyatlarının hər sahəsini əhatə edirdi və şəhərlərinin mərkəzləri də məbədlərdən ibarət idi.Hattuşada 3500 il öncə çox görkəmli bir məbəd ucalırdı.Eyni zamanda, sirri indiyə kimi açılmayan və bu dünyaya aid olmadığı düşünülən hetlərin sirli yaşıl daşı da bu məbəddə yerləşir.

          Hetlər inkişaf etmiş bir mədəniyyət olmaqla yanaşı, həm də döyüşçü bir xalq idi.E.ə. 1590-cı illərdə Babil krallığını dağıdıb Hammurapi sülaləsinə son qoyan hetlər 2 əsr sonra da Şərq qonşusu olan Mitanni çarlığını fəth etdilər.İmperiyalarının III əsrində Anadoludan çıxıb Suriyaya girdilər və dövrün digər super gücü olan Misir padşahlığı ilə üzbəüz gəldilər. E.ə. 1295-ci ildə dövrün 2 super 

gücü Suriyada qarşı-qarşıya gəldi. II Ramzes və II Muhattali Hümsdə (Suriya) Kadeş şəhərində tarixin bilinən ilk meydan döyüşünə başladılar və sonda ilk yazılı müqavilə olan Kadeş müqaviləsi imzalandı. Kral II Şuppiluliumanın e.ə. 1207-ci ildə taxta çıxmasına qədər müqavilə qüvvədə qaldı.Kralın taxta çıxışı sonun başlanğıcını gətirdi.Hökmdarlığı zamanında bir çox daxili və xarici problemlərlə mübarizə apardı.Qıtlıq bütün ölkəni məhv edirdi.Bundan əlavə, II Şuppiluliumanın getdikcə daha da artan aqressiv münasibəti və şəhərlərini yağmalamağı ölkədəki hüzuru çox qaçırırdı.Bu arada, kral imperiya vətəndaş müharibəsinin astanasında ikən Kiprə tarixin ilk dəniz səfərinə çıxdı və fərqində olmadan pusquda gözləyən daha bir düşməni oyandırdı.Axey kralı Aqamemnon uzun zaman idi ki, Anadoluya çıxmaq üçün doğru zamanı gözləyirdi.Kipr səfəri ona istədiyi fürsəti verdi və o da, ilk iş olaraq Troyaya hücum etdi. E.ə. 1180-ci ildə baş vermiş Troya müharibəsi, əslində, yunanların Het yarımadasına giriş döyüşüdür.Buna görə Troyanın çöküşü Het dövrünün sonunu gətirdi.Taxta çıxışının 29-cu ilində müəmmalı bir şəkildə taxtdan əl çəkərək Hattuşadan qaçdı və həmin zaman kəsiyində imperiya tarixin dərinliklərinə qarışdı.

          Hetlərin özünəməxsus və bənzəri olmayan mədəniyyəti Assur və Urartu mədəniyyətlərinə də güclü təsir göstərmişdi.Boğazkale (Hattuşa) 1986-cı ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Nəticə

Anadolunun ilk imperiyası olan Het dövləti haqqındakı yazı işimin informasiya bazasının əsasını son 10 ildə bölgədə aparılan araşdırma və çap olunan nəşrlər təşkil edir.İstinad və qaynaqlardan da göründüyü kimi Het dövlətinin qurucusu, Het-Misir müharibəsi və Kadeş müqaviləsinin imzalanma illəri, imperiyanın anidən yoxa çıxması və Axey kralı haqqında fərqli hipotizlər mövcuddur.Nəzərə alsaq ki, dünyada hər bir zərrəcik daim hərəkətdədir və heç nə qalıcı deyil, o zaman bu qədər çoxlu hipotizlərin olması o qədər də əhəmiyyətli sayılmaz.Əhəmiyyətli olan hetlərin yaratdıqları özünəməxsus mədəniyyətin dövrümüzə qədər gəlib çatması və gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilməsidir.

 

ƏDƏBİYYAT:

Türk dilində :

  1. Hetler: Anadolu’nun ilk imparatorluğu.Gizemli tarih.TRT Belgesel, 2021.
  2. “TÜRKİYE’NİN UNESCO DEĞERLERİ VE TURİZM POTANSİYELİ”. Konya, "Eğitim yayınevi", 2018, 396 səh.
  3. Dr. Kemalettin Köroğlu. “Eski Anadolu tarihi”. İstanbul, Anadolu Üniversitesi, 2011, 155 səh.
  4. Dr.Erkan Konyar. “Eski Anadolu tarihi-I”. İstanbul Üniversitesi, 283 səh.

 

Azərbaycan dilində :

  1. Telman Orucov. “Ümumdünya tarixi (I kitab)”. Bakı, “Adiloğlu” nəşriyyatı, 2011, 340 səh.
  2. Maral Manafova. “Mədəniyyət tarixi və nəzəriyyəsi”. Bakı, “Sabah”, 2010, 876 səh.
  3. İlqar Hüseynov, Nigar Əfəndiyeva. “Qədim dünya mədəniyyəti”. Bakı, “Mars-print” NPM, 2009, 428 səh.
  4. Qaşqay Solmaz Mirtağı qızı. “Ön Asiyada miqrasiya proseslərinə dair”. Bakı, “Şərq-Qərb”, 2009, 120 s.
  5. Yusif Yusifov. “Qədim Şərq tarixi”. Bakı, “Şərq-Qərb”, 2007, 536 səh.

 

Bəxtiyar Azəri

Xəzər Universitetinin tələbəsi

Xəbər lenti