Logo

Yaşarlar, nə yaşayar, nə yaşamaz...

06.07.2022 17:22 456 baxış
IMG

Dahi Üzeyir bəy Hacıbəyli "Qərəz, getdim..." başlıqlı yazısında müsəlmana qəzet oxumağın vacibliyini yana-yana çatdıraraq yazırdı: "... qәzetsiz bu saat dünyada dolanmaq çәtindir. Bir bu qәdәr әhvalat vaqe olur, bunları eşidib bilmәk hәr kәsә vacibdir..."

Atalarımız deyib ki, qulaq gündə bir (oxu: min) söz eşitməsə kar olar. Düşünsək ki, bugünün adamı informasiya dövründə yaşayır, demək məlumatın da bolluğu qaçılmazdı. Bəzən beyin xəbər çoxluğuna, məlumat zənginliyinə də müəyyən mənada tab gətirmir. Ələlxüsus da bunlar yalan xarakterli, piar kampaniyalı məlumat olarsa. Ən dəhşətlisi terror, müharibə, intihar, zorakılıq, ailə-məişət xarakterli xəbərlərdi. Acı da olsa təəssüflə deyə bilərəm ki, bu gün oxucu sayı qazandıran da, baxış və gəlir gətirən də sadaladığımız "qara" mövzulardı.

Vaxtilə fərqli üsluba sahib olan qələm adamı Əziz Nesin yolda bir dilənçi uşaqla qarşılaşır. Uşağın adının Yaşar olduğunu öyrənir. Bu acı talehli uşağın adı yazıçının beynində düşündüyü hekayəyə sərlövhə olur: "Yaşar nə yaşar, nə yaşamaz" Buradakı 'yaşamaq" ifadəsi fərdin yoxsul durumda olmasına işarədir. İndi söhbət açacağım məsələdəki yaşamaq ifadəsi, doğrusu yaşamamaq sözü intiharla bağlıdır. Artıq tez-tez intihar hadisəsi haqqında oxuyur, bu səpkili xəbərlə qarşılaşırıq. Bunlar da Əziz Nesinin sözlərini redaktə edib, və bugünün acı həqiqəti kimi söyləməyimə gətirir: "Bu günün Yaşarları (oxu:uşaqları) nə yaşar, nə yaşamaz".

Bugünün təəssüflə oxunan acı xəbəri - növbəti intiharı. Hadisə əyalətlərin birində cərəyan edir. Oxuyuram ki, on yeddi yaşlı uşağın həyatına qıyması telefonunun ailə tərəfindən alınmasıdır. Ortaya belə bir sual çıxır, telefon gənclərə neçə yaşında alınmalıdır?! Çox valideyn "Universitetə daxil ol sənə ən bahalı telefonu alacayıq" deyir. Bu fikir nə dərəcədə düzgündü: təhsilə görə mükafatlandırmaq? Hesab edirəm ki, yanaşma dəyişilsə effektli olar. Yeniyetmə də ağlında formalaşdırmaz ki, mən universitetə daxil olsam telefon qazanacam. Tələbənin elə ilk qazancı Ali məktəb, sonra da ali biliklər... Valideyn uşağı bu istiqamətə kökləməlidi. Ümumiyyətlə, kor-koranə telefon istifadəsi, buna aludəçilik sonradan ciddi, hətta sonu pis məcraya yönələn nəticələr verir. 

Texnologiyaya oyun oynamaq, əyləncə şəklində yanaşmaq gələcək kadrların savadsız olmasına yol açır. Yeniyetmələri nəyəsə görə mükafatlandırmaq əvəzinə, müəyyən çərçivə daxilində istədiklərini alıb lakin limitli istifadə etmələrini öyrətsələr düz olmazmı? Düşünürəm ki, belə daha məqsədəuyğun olar. Başqa bir yöndən baxsaq, Allahın bizə nə qədər ömür verdiyini,bizim nə yaşayacağımızı bilmirik. 

Hər açılan səhər bəşər övladı üçün mükafatdır. Bu günü doyunca yaşamalı, təhsil, elm yolunda inamla irəliləməli, pis vərdişlərdən uzaq durmağı bacarmalıyıq. 

Cəmiyyətin "mən" anlayışından çıxmağı, "biz"ə doğru hərəkət etməyi doğru olar. Birlik şəklində, mənəvi dəyərlərə sadiqlik ruhunda yaşamaq isə sabahkı mənəvi, maddi, fiziki fəsadların qarşını alar. 

Cəmiyyət ailələrin birliyidir. Ailədə valideyn amili olduqca zəruridir. Hər ailənin ən başlıcası missiyası təlim, tərbiyə və təhsildən keçir. Bu təqdirdə uşaqların mənəvi sağlam, şüurlu böyüməsi, anlamaq qabiliyyəti, dərk bacarığı formalaşır. Uşaq, oxumağa, qidalanmağa, istirahətə, dostlarla zaman keçirməyə, sosial şəbəkə ilə məşğul olmağa ayıracaq vaxta nəzarət etməyi də bacarır.

Bəzən psixoloqlara ənənəvi, şablon və bəsit suallar ünvanlanır: "Biz nə edək ki, övladlarımız (2-7 yaş aralığı) telefondan əl çəksin?". Körpəyə, uşağa telefon verəndə bunu düşünmədinizmi? Başa düşməsə belə ona hər hansı nağıl kitabını oxumaq, və ya dilinin tam açılması üçün ünsiyyətdə olmaq, parkda gəzdirmək olmazmı? Sözsüz, cizgi filminə də baxmalıdır, lakin bu niyə televizor üzərindən yox məhz telefon üzərindən edilir?! 

Valideynlər övladları ilə kifayət qədər zaman keçirsə onları düzgün böyütsə qadağa və qaydaları sərt olmayacaq şəkildə tətbiq etsələr ölkədə intihar sayları da inanıram ki, azalacaq...

Hamar Quluzadə,
BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi

Xəbər lenti