Logo

Radiasiya Problemləri İnstitutunun alimləri Portuqaliyada keçirilən tədbirdə iştirak ediblər

19.03.2023 15:33 187 baxış
IMG

Radiasiya Problemləri İnstitutunun əməkdaşları HORIZON-MSCA-2021-SE-01 çağırışı üzrə qalib olmuş “Nüvə Təbabəti üçün Qabaqcıl Hibrid “Maqnit Rezonans/Pozitron Emissiya Tomoqrafiyası” Skanerləri üçün İnnovativ Fotodetektor Modulu” adlı layihənin başlama toplantısında iştirak edib.

Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasının alimləri fizika elmləri doktoru, dosent Fərid Əhmədov və fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov 13-16 mart tarixində Portuqaliyanın Lissabon şəhərində yerləşən Lusofona Universitetində təşkil olunmuş HORIZON-MSCA-2021-SE-01 çağırışı üzrə qalib olmuş “Nüvə Təbabəti üçün Qabaqcıl Hibrid “Maqnit Rezonans/Pozitron Emissiya Tomoqrafiyası” Skanerləri üçün İnnovativ Fotodetektor Modulu” adlı layihənin başlama toplantısında iştirak ediblər.

Toplantıda Avropa Komissiyası tərəfindən təyin edilmiş layihə nəzarətçisi Dr. Katarzyna Lyon, layihə kordinatoru professor Svitlana Lyubchyk (Lusofona Universiteti, Portuqaliya), qrup rəhbəri prof. Dr. Ercan Yılmaz (Bolu Abant Izzent Baysal Universiteti, Türkiyə), qrup rəhbəri prof. Dr. Michael Holik (Çex Texniki Universiteti-Eksperimental və Tətbiqi Fizika İnstitutu, Çexiya Respublikası), qrup rəhbəri prof. Dr. Ondrej Urban (Elektrik mühəndisliyi fakültəsi - Qərbi Bohemiya Universiteti, Pilsen, Çexiya Respublikası), qrup rəhbəri prof. Dr. Andriy Lyubchyk (CASCATACHUVA LDA (CASCATA), qrup rəhbəri prof. Dr. İgor Maliuk (Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutu, Ukrayna), qrup rəhbəri Dr. Fərid Əhmədov (Radiasiya Problemləri İnstitutu, Azərbaycan) və qrup rəhbəri Dr. Azər Sadıqov (RİNN nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan) tərəfindən çıxışlar edilib və konsorsium müqaviləsinin əsas maddələri müzakirə olunub. Layihənin iş paketləri üzrə qurumların vəzifələri və öhdəlikləri təsdiq edilib, həmçinin növbəti aylarda konsorsium üzvləri arasında müqavilənin imzalanması üçün razılıq əldə olunub.

Bununla yanaşı, toplantının iştirakçıları Lusofona Universitetində “Yaşıl enerji” istiqamətində yeni qurulmuş laboratoriyada aparılan elmi işlərlə tanış olub və bu sahədə gələcəkdə birgə əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan tərəfdən sözügedən görüşdə Radiasiya Problemləri İnstitutunun əməkdaşları Fərid Əhmədov və Qadir Əhmədov, RİNN nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları Cəlal Nağıyev, Azər Sadıqov və İnnovativ Elektronika və Dedektorlar MMC-nin əməkdaşı Mətanət İsmayılova iştirak ediblər.

Xəbər lenti