Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) növbəti ümumrespublika elmi seminarı keçirilib.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə GGİ alim və mütəxəssisləri ilə yanaşı, BDU-nun əməkdaşları akademik Vasif Babazadə, g.-m.e.d., professor Nazim İmamverdiyev və başqaları iştirak ediblər.
Elmi seminarı giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə iştirakçılara elmi məruzəçi ABŞ-ın Mayami Universitetinin Geologiya və Ətraf Mühit, Yer Elmləri Departamentinin professoru, bir sıra yüksək impakt faktorlu jurnalların (“Elsevier Science”, “Springer” və s.) həmredaktoru Yıldırım Dilek haqqında tanışlıq xarakterli məlumat verib, qonağın aldığı təhsil, akademik və tədqiqat, eləcə də tədris fəaliyyəti barədə danışıb.
Sonra məruzəçi Yıldırım Dilek “Ərəbistanönü və Hindistanönü regionlarında kontinental kolliziya zonalarının kaynozoy tektonikası və kimyəvi geodinamikası: Anadolu - Qafqaz - Tibet əlaqəsi” mövzusunda təqdimatla çıxış edib.
Alim məruzəsində Alp-Himalaya kolliziya zonasının geoloji təkamülü haqqında məlumat verib. Qeyd edib ki, tədqiqat ərazisində bir çox dünya alimləri Ərəbistan və Hindistan plitələrinin Avrasiya plitəsiylə toqquşması modelini qəbul edirlər. Lakin məruzəçinin fikrincə, sözügedən orogen zonada bu plitələrin toqquşmasından daha əvvəl kiçik ölçülü plitələrin, ada qövslərinin hərəkəti, onların bu hərəkət nəticəsində gömülməsi və yeni təbəqələrin əmələgəlməsi prosesləri yer alıb.
Məruzəçi, həmçinin Miosen-Dördüncü dövrü əhatə edən maqmatik süxurların kimyəvi tərkibləri haqqında məlumat təqdim edib, qırışıqlıq zonasının müxtəlif seqmentləri arasında müqayisəli təhlil aparıb.
Yıldırım Dilek ətraflı və maraqlı təqdimatdan sonra iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Akademik Akif Əlizadə elmi seminar iştirakçıları və GGİ rəhbərliyi adından qonağa təqdimata görə təşəkkür edib, həmçinin gənc tədqiqatçılara məruzəçinin iş prinsipindən, özəlliklə onun tədris prosesində geoloji fikrin tarixi, fəlsəfəsi, geosiyasət və s. cəhətlərin tədbiqinə diqqət yetirməyi tövsiyə edib.