“Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalı və incəsənət xadimləri haqqında”
Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər. Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir. Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır. Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır. Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, ondan sonrakı dövrlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir. Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. Xalqımızın milli şüurunun formalaşmasında məhz «Molla Nəsrəddin» jurnalının və Mirzə Cəlil fəaliyyətinin rolu misilsizdir. Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir. Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.
Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur. Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Adamlar üçün vacib olan bir sahə və onların sağlamlığının qorunması, insanların xəstəliklərdən xilas olması, sağlam insan yetişdirilməsi cəmiyyət üçün həm keçmişdə, həm indi, həm də gələcəkdə mühüm olan bir sahədir. Mustafa bəy Topçubaşovun öz fəaliyyətini bu sahəyə həsr etməsi heç də təsadüfi deyildir. Bu onun daxili mənəviyyatı ilə bağlıdır. Bütün həyatı, yaradıcılığı, fəaliyyəti göstərir ki, o, şüurlu olaraq bu sənətdən başlayıbdır. Ancaq yaşadıqca, yaratdıqca onun fəaliyyət dairəsi genişlənib, böyük alim, ictimai-siyasi xadim olubdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtulmasında, elmimizin, təhsilimizin inkişaflarında böyük xidmətlər göstəribdir. Füzuli təkcə Azərbaycanın, Şərqin deyil, bütün bəşəriyyətin dahi mütəfəkkiridir. Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. O, öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir. Şah İsmayıl görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirən insandır. Azərbaycanın qədim dövlətçiliyi Şah İsmayılın adı ilə bağlıdır. Məhəmməd Füzuli Azərbaycan xalqının böyük şairi, alimi, filosofu olaraq, eyni zamanda bütün türkdilli, türksoylu xalqlara, bütün türk, İslam dünyasına mənsubdur.
Keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur. Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər. Səməd Vurğun şerinin böyüklüyü, eyni zamanda gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeiri bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara Vətəni, milləti, torpağı sevməyi öyrədir. Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır. Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. O, gözəl oxuyur, musiqi alətlərində gözəl çalır, çoxlu gözəl mahnılar bəstələyib. Gözəl şəkil çəkməsinə, heykəltəraşlıq istedadına gəldikdə, bu da məlumdur. Görün, bir insanda nə qədər çoxşaxəli, böyük istedad cəmləşibdir. Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və indiyədək olduğu və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir. Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də, ümumiyyətlə, ədəbiyyata, şerə, mədəniyyətə olan münasibətimiz idi. Bəxtiyar Vahabzadənin hər bir əsəri dəyərlidir, qiymətlidir. Onun hər bir əsəri bizim mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı inkişaf etdirir. Bülbül sənəti Azərbaycanın musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. O, Azərbaycanın professional vokal sənətinin banisidir. Onun çoxşaxəli zəngin yaradıcılığı milli muğam ifaçılığının ən yaxşı ənənələrini və dünya vokal məktəbinin nailiyyətlərini ahəngdar şəkildə özündə birləşdirir.
Süleyman Rüstəmin şeirləri, əsərləri, bütün yaradıcılığı xalqımızda birinci növbədə Vətəni sevmək, Vətənə sadiq olmaq, vətənpərvər olmaq, millətimizlə, xalqımızla fəxr etmək hissləri, duyğuları yaradıb, inkişaf etdirib. Adamları insan, vətəndaş edən, insanları yüksək mənəviyyata qaldıran amillərdən biri də bizim mədəniyyətimizdir, ədəbiyyatımızdır, şeirimizdir. Süleyman Rüstəmin şeirləri, əsərləri bizim ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdirərək XX əsrdə keçdiyi böyük, mürəkkəb, çətin yolda xalqımıza dayaq olmuş, xalqımızı irəliyə aparmış, yüksəltmişdir. Böyük vətənpərvər şair-filosofumuz Məhəmmədhüseyn Şəhriyar klassik irs və müasir ədəbi həyatla bağlı bir sənətkar olmuşdur. O, böyük sənətkar, klassik-romantik poeziyanın mütərəqqi ənənələri ilə bədii ünsiyyətini qoruyaraq, dövrünün novator sənətkarı kimi çağdaş şeirin inkişafında müstəsna rol oynayan yeni ədəbi məktəbin yaranmasına nail olmuşdur. Mirvarid xanım Dilbazi Azərbaycan qadınının, anasının ən parlaq, ən gözəl nümunəsidir. Üzeyir Hacıbəyov çox gözəl, əzəmətli Dövlət Himni yaratmışdır. Mən hər dəfə ayrı-ayrı ölkələrdə Üzeyir Hacıbəyovun musiqisi ilə yaradılmış himnin səsləndiyini duyarkən qürur hissi keçirirəm. Təkcə ona görə yox ki, müstəqil Azərbaycanın Dövlət Himni dünyanın bir çox ölkələrində səslənir və Azərbaycanın Dövlət Bayrağı qalxır. Bir də ona görə ki, həqiqətən Himnin musiqisi çox cazibədardır, gözəldir. Mirzə Fətəli Axundov İslam dəyərlərini ən gözəl bilən şəxsiyyətlərdən biri olubdur. O, İslam dəyərlərinə çox sadiq bir insan olubdur. Amma eyni zamanda o, Azərbaycanın milli-mənəvi dəyərlərini, İslam dəyərlərini ümumbəşəri, Avropa dəyərləri ilə zənginləşdirərək dahiyanə və xalqımızın inkişafına çox böyük təsir göstərmiş əsərlər yaratmışdır.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyov nə qədər milli olubsa, o qədər də ümumbəşəri olubdur. Biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq. Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır. Dahi bəstəkar Üzeyir Hacıbəyov 23 yaşında yaratdığı “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. Cəmi 23 il ömür sürmüş Asəf Zeynallı Azərbaycan musiqi mədəniyyəti tarixinə romans, simfonik musiqi və şair kimi bir sıra yeni janrların ilk nümunələrini yaratmış böyük bəstəkar kimi daxil olmuşdur. Azərbaycan xalqı Hüseyn Cavidi çox yüksək qiymətləndirir və onun irsi əsrlər boyu yaşayacaqdır. Onun iradəsi, onun milliliyi və yaradıcılığının özünəməxsus xüsusiyyətləri gələcək nəsillər üçün də böyük örnək olacaqdır. Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxartmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi. Cəfər Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biridir. Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir.
Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır. Müslüm çox mahnılar yaratmışdır, yəni o, özünü bəstəkar kimi də gözəl tanıtmışdır. Ancaq onun ən görkəmli mahnısı Azərbaycana həsr etdiyi mahnıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir. Çoxlu ifaçılar olmuşdur. Əlbəttə, onların arasında, müğənnilərimiz arasında birinci yerdə unudulmaz Bülbül durur. Azərbaycan tarixinin bütöv bir mərhələsi onun adı ilə bağlıdır. Müslüm Maqomayev özünün gözəl mahnıları və incəsənət, mədəniyyət sahəsində görkəmli fəaliyyəti ilə Azərbaycanın tarixinə daxil olmuşdur. O, bizim mədəniyyətimizi, mahnı sənətimizi zənginləşdirmişdir, böyük məhəbbət, çox yüksək nüfuz qazanmışdır. O, Azərbaycan xalqının oğlu olaraq burada dünyaya gəlmiş və ilk addımlarını Azərbaycanda atmışdır, amma sonra, sadəcə, Azərbaycanın çərçivəsinə sığmamışdır. Bu da təbiidir. Çünki onun yaradıcılığı, onun sənəti, onun mahnıları daha geniş auditoriya, xalqla daha geniş ünsiyyət tələb edirdi. Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Bəhruz Kəngərlidən, Əzim Əzimzadədən başlayaraq, Azərbaycanda davamlı olaraq böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar. Niyazi olmasaydı, Qara Qarayevin əsərləri o cür yüksək səviyyədə təqdim edilə bilməzdi. Eləcə də Fikrət Əmirovun əsərləri. Onların hamısı bu simfonik orkestrdən və Niyazinin əlindən keçəndən sonra biz gördüyümüz səviyyəyə gəlib çatırdı.
Namaz Manaflı
Mingəçevir Dövlət Universitetinin dosenti