Bayram günlərini, öz ad günlərini sadə vətəndaşlarla, bölgələrdə mühüm tədbirlərdə iştirak etməklə keçirən Prezident İlham Əliyev bu dəfə də ənənəsinə uyğun olaraq 28 May Müstəqillik Günündə işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfər etmiş, Laçına köçürülmüş ailələrlə görüşmüşdür.
Görüşdə 28 Mayın ikiqat bayram olduğunu vurğulayan Prezident İlham Əliyev laçınlıları öz doğma yurdlarına qayıdışı münasibətilə təbrik etmiş və vətəndaşlara mənzillərin açarlarını şəxsən təqdim etmişdir. Prezidentin çıxışında qeyd olunmuşdur ki, uzun fasilədən sonra Laçın sakinlərinin öz doğma yurdlarına qayıdışı Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk mərhələdə Laçında 4 min insanın yerləşdirilməsi nəzərdə tutulur. Şəhərin baş planı artıq hazırdır. 7-8 ay ərzində Laçında 700 bina inşa edilmişdir ki, onların da 620-si fərdi yaşayış binası, 9-u isə çoxmənzilli binalardır. Burada insanların rahat yaşaması üçün bütün lazımi şərait yaradılır. Tibb məntəqəsi və məktəbin yeni tədris ilinə qədər hazırlanması nəzərdə tutulur. Aqropark və Sənaye Parkı yaradıldıqdan sonra 1100-dən çox iş yerinin açılması mümkün olacaqdır ki, bu da vətəndaşların işlə təmin olunmasına imkan verəcəkdir. Cari ilin sentyabr ayına qədər Zabux kəndinin də tamamilə inşa edilib zabuxluların sərəncamına verilməsi nəzərdə tutulur.
Laçın rayonunun işğal olunmasını böyük faciə adlandıran Prezident İlham Əliyev 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində isə Kəlbəcərin işğal olunmasını haqlı olaraq o dövrdə nəyin bahasına olursa olsun hakimiyyəti ələ keçirməyə çalışan iqtidar mənsublarının xəyanəti kimi qiymətləndirmişdir. Laçının azad edilməsi Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında qazandığı parlaq qələbədən sonra mümkün olmuşdur. Çünki indiyə qədər aparılan danışıqlarda Ermənistan tərəfi görüntü xatirinə, ictimaiyyəti aldatmaq üçün iştirak edir, işğal etdikləri torpaqlardan çıxmaq istəmirdilər. Haqlı istəyimizi reallaşdırmaq üçün güclü orduya və bunun üçün də güclü iqtisadiyyata malik olmaq tələb olunurdu ki, bu da Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Həmin vaxtdan inkişaf yoluna qədəm qoyan Azərbaycan dünyada nümunəvi ölkə və sabitlik məkanı kimi tanınmağa başlamışdır. Danışıqlar aparılan müddətdə qurduğumuz güclü ordu və yetişdirdiyimiz vətənpərvər, milli ruhlu gənclər torpaqlarımızı işğaldan azad etmişdir. Cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhəddinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurmaqla ərazi bütövlüyümüzü tam bərpa etmiş olduq. Bu gün əldə etdiyimiz nailiyyətlər ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, iqtisadi cəhətdən tam müstəqildir. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Beynəlxalq konvensiyalara zidd olaraq Laçın və Kəlbəcərdə qanunsuz məskunlaşma aparan Ermənistan bu gün artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmır. Son vaxtlar beynəlxalq təşkilatlar da bizim mövqeyimizlə razılaşırlar, çünki biz haqlıyıq və tələblərimiz beynəlxalq hüquq normaları çərçivəsindədir.
Prezident İlham Əliyevin çıxışında səsləndirilən mühüm məqamlardan biri də Ermənistana və onun havadarlarına ünvanlanmış mesajlar oldu. Cənab Prezident qeyd etdi ki, “müstəqillik” və separatizm xülyası artıq keçmişdə qaldı, indi şərtlər dəyişib. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Burada bizimlə yaşamaq istəyən ermənilər Azərbaycanın bayrağını və qanunlarını qəbul etməlidirlər. Əks halda Qarabağda kök salmış və təxribatlar törətməklə məşğul olan erməni silahlıları ilə birlikdə ərazimizi tərk etməlidirlər. Naxçıvana yolumuz açılmalı, ədalətli və beynəlxalq şərtlər əsasında sərhədlərin delimitasiyası yekunlaşmalıdır. Əgər onlar bunu istəmirlərsə o zaman biz istədiyimiz yerdə dayana və sərhəddi müəyyən edə bilərik. Çünki indiki Ermənistan əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bəli, doğrudan da indiki halda sülh müqaviləsinin imzalanması və qarşılıqlı münasibətlərin qurulması daha çox Ermənistana lazımdır. Qarabağdakı erməni tör-töküntüləri və onlara qahmar çıxanlar bu xəbərdarlıqdan nəticə çıxarmasalar yaxın vaxtlarda “dəmir yumruğ”un dalğasını hiss etməli olacaqlar.
Şikar Baxışov
Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin müəllimi