Ümummilli lider Heydər Əliyevin dövlətçilik, vətənpərvərlik fəlsəfəsinin təməlində Vətən sevgisi dururdu. İmperiya rejiminin qadağaları bu sevginin qabağında nə qədər sədlər çəksə də, o, Heydər Əliyevin gördüyü əzəmətli işlərdə özünü göstərirdi. Məşhur klassiklərdən biri, yazıçı-filosof Viktor Hüqo yazırdı ki, “həqiqi dövlət xadimlərinin üstün keyfiyyəti ondadır ki, hər bir zərurətdən fayda götürməyi bacarsın, hətta şəraitin ən qorxunc axarını belə dövlətin xeyrinə dəyişə bilsin”. Heydər Əliyev rəhbərlik etdiyi bütün işlərdə bunu ən doğru şəkildə bacarmış və həyata keçirmişdir.
Ulu Öndər Heydər Əliyevin avtobioqrafiyasının elə bir səhifəsi yoxdur ki, orada gördüyü işlərin sadəcə vəzifə borcları deyil, daha böyük amallar naminə atılan addımlar olduğunu dərk etməyəsən. O, harada olur olsun əzmkarlığı, rasional düşüncəsi, soyuq məntiqi və polad iradəsi sayəsində illər uzunu gizli saxladığı arzularına doğru yol açırdı.
Bu siyasət nəhənginin ən ali məqsədi böyük amalı heç şübhəsiz müstəqil, azad və demokratik Azərbaycan qurmaq olmuşdur. Məhz bu məqsəd bütün həyatı boyu onu mübarizəyə, çevik siyasi gedişlər etməyə və son nəticədə qalib gəlməyə məcbur etmişdir.
Ulu Öndər Heydər Əliyevin geniş bir dövrü əhatə edən müdrik siyasi fəaliyyəti konstitusiya, vətəndaş cəmiyyəti və onlarla digər sosial-mədəni və habelə iqtisadi sahədə olduğu kimi praktiki mahiyyətdə də Azərbaycanın milli dövlət quruculuğu salnaməsidir. Azərbaycan xalqına məxsus bütün geosiyasi yeraltı və yerüstü milli sərvətlər, milli iqtisadiyatımız, milli mədəniyyyətimiz, milli elmimiz, milli təhsilimiz, milli ədəbiyyatımız, milli teatrımız, milli musiqimiz, milli muzeylərimiz, milli məscidlərimiz, milli kitabxanalarımız, milli idmanımız, o sırada milli səhiyyəmiz və neçə-neçə sahəsi Heydər Əliyevin müdrik siyasəti, böyük zəhməti, peşəkar idarəçilik imkanları ilə sistemli şəkildə dəyərləndirilib, inkişaf etdirilərək milli dövlət ideyasına tam cavab verən səviyyəyə yüksəlmişdir.
Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun fəaliyyətini tam əhatə etmir. Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində, istərsə də, Şərqi Avropadan tutmuş, hətta, Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir.
Ümumi yanaşma Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını məhz Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra başlatdığı yönündədir. Ancaq Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövrünün ideoloji və siyasi əsaslarını formalaşdıran, onu idarə edən və yönləndirən əsas orqan idi. Və təəssüf ki, Sovet Azərbaycanı dövründə Ulu öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Azərbaycan xalqının, Azərbaycan ziyalısının, Azərbaycan dövlətçiliyinin, Azərbaycanın düşünən beyinlərinin başına gələn faciələrin əsas törədicisi və əsas ideyavericisi də, məhz, bu sistemdən doğurdu. Və biz bilirik ki, Sovet quruculuğu prosesində, 1937-ci il repressiyasında, həmçinin, ondan sonrakı dövrlərdə Azərbaycan xalqının ziyalılarına qarşı törətdiyi repressiyanın mərkəzi, məhz, təhlükəsizlik orqanları idi. Bu təhlükəsizlik orqanları sanki Azərbaycanın daxilində Antiazərbaycançı qüvvələrin mərkəzini, konsentrasiyasını təşkil edirdi. Bu yanaşma Ulu öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarına rəhbərlik edən günə qədər davam etdi. Onun rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından Antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Azərbaycançılıq ideologiyasının rüşeymi də, milli özünüdərk prosesinin rüşeymi də elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə Ulu öndər öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə Ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Hesab edirik ki, bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi.
Ötən əsrin 70-80-ci illərində Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdə onun sosial, iqtisadi və mədəni inkişafına, əslində isə çoxlarının birmənalı şəkildə qeyd etdiyi kimi, intibahına nail olmuş Heydər Əliyev yeni tarixi şəraitdə xilaskarlıq missiyasını öz çiyinləri üzərinə götürdü.
Müasir tariximizə Heydər Əliyevin möhtəşəm qayıdışı kimi daxil olan dövr Azərbaycanın iqtisadiyyatının dinamik inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi, dünya miqyasında nüfuzunun yüksəlməsi, ordumuzun qüdrətinin artması və digər uğurlarla müşayiət olunmuşdur. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı, insanları narahat edən, xalqı vahiməyə salan təhlükələr dəf edildi, xaos, anarxiya, hakimiyyət böhranı aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış seperatizmin, vətəndaş müharibəsinin qarşısı alındı, erməni təcavüzünün dərinləşməsi dayandırıldı, cəbhədə atəşkəs razılaşmasına nail olundu. ən başlıcası isə ölkəni bürümüş siyasi və iqtisadi tənəzzülə, hakimiyyət böhranına son qoyuldu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsinə çevrildi. Bölgənin enerji layihəsini dərindən dəyişdirən bu layihə Azərbaycana böyük iqtisadi və geopolitik dividendlər gətirdi.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü. Məhz bütün deyilənlərin nəticəsində yalnız Azərbaycan, həmçinin keçmiş SSRİ respublikalarından Rusiya və Ukrayna ittifaq büdcəsindən dotasiya almırdı. Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik, iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin bazisini təşkil edir. Bu baxımdan keçən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl hesab edilməlidir. Bu mənada, ulu öndərin bu fəaliyyəti ilə təkcə, İttifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanın möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoydu. Onun ikinci hakimiyyət illərində isə Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni dövr başladı. Hüquq siyasətinin əsas meyarı olan Konstitusiya ilə prokurorluq orqanlarına konstitusion status verildi, prokurorluq, məhkəmə hakimiyyəti sistemində təsbit edilməklə onun fəaliyyətinə Konstitusiyada xüsusi bir maddə həsr edildi. Konstitusiyaya əsasən, prokurorluq ərazi və ixtisaslaşdırılmış prokurorların Baş prokurora tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan statusunda təsis edildi.
Hüquq siyasətinə uyğun olaraq prokurorluğun qarşısında hüquq bərabərliyi, obyektivlik, qərəzsizlik, faktlara əsaslanma və digər mühüm prinsiplərə əməl edilməsi şərtləri qoyuldu, hüquqi tənzimləmə prosesində “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlar qəbul edildi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə təsdiq edildi ki, bu Əsasnamənin icrası ilə əlaqədar keçirilmiş işə qəbulla bağlı müsabiqələr prokurorluğun kadr korpusunun gənc mütəxəssislərlə formalaşdırılması üçün geniş imkanlar yaratdı ki, bu imkanlar nəticəsində bir çox həmkarlar kimi bizlər də prokurorluğun kadr korpusunun tərkibinə daxil olduq və bu səylər nəticəsində hazırda prokurorluq orqanlarında fəaliyyət göstərən prokurorluq işçilərinin böyük əksəriyyəti gənc prokurorluq əməkdaşlarından təşkil olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməyə başlandı. Hər kəsə məlumdur ki, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların əsasını və onun hüquqi bazasının təməlini ulu öndərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmiş və ali qanunda ilk dəfə olaraq cinayət mühakimə icraatında mühüm funksiyaları yerinə yetirməsi nəzərə alınmaqla ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, funksiyaları və səlahiyyət dairəsi qanunvericilik qaydasında təsbit olunmuşdur. Bir müddət sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etdi. Beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” Azərbaycan Respublikası qanunlarının və digər hüquqi aktların qəbul olunması ilə prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi baza dövrün tələblərinə və beynəlxalq standartlara uyğun formalaşdırıldı. Xüsusi vurğulanmalıdır ki, ulu öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin qəbul edilməsi və onun icraya yönəldilməsi Azərbaycan Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi əhəmiyyətli məsələnin hüquqi əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər rəhbər tutularaq, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsi nəticəsində prokurorluğun kadr tərkibinin yüksək mənəvi keyfiyyətlərə və dərin biliyə malik, geniş dünyagörüşü olan, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq, bir sözlə, püxtələşmiş gənc hüquqşünaslardan formalaşdırılmasına və mütəmadi olaraq yenilənməsinə müəssər olunmuşdur. 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi prokurorluğun əhəmiyyətini daha da artırdı. Beləliklə, ölkədə görülən nəhəng işlər çərçivəsində həyata keçirilən mütərəqqi islahatlar sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında struktur və mahiyyət baxımından tamamilə yenidən qurulmuş, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilmiş, fəaliyyəti, eləcə də vəzifələri və səlahiyyətləri beynəlxalq standartlara uyğun və müasir tələblərə cavab verən Azərbaycan Prokurorluğu formalaşdırıldı. Göründüyü kimi, Azərbaycanı bütün bəlalardan və çətinliklərdən məharətlə qorumaqla, qısa zaman ərzində ölkəsini olduqca çətin vəziyyətdən yüksək peşəkarlıqla çıxarmış müdrik lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət qurumlarının, o cümlədən prokurorluğun müasir dövlət təsisatına çevirilməsi istiqamətində görülən əhəmiyyətli işlərin nəticəsində prokurorluq demokratik orqan kimi tamamilə yenidən təşkil olunaraq, dövlət orqanları sırasında öz layiqli yerini tutdu və bununla da, dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildi.
Ulu Öndər Heydər Əliyev çıxışlarında qanunun aliliyini yüksək dəyərləndirərkən, prokurorluqda da bu prinsipə dönmədən əməl olunmasının zəruriliyini xüsusi vurğulayır, qurumun fəaliyyətini mühüm dövlət təsisatı kimi yüksək qiymətləndirirdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prokurorluğuna inamını və əminliyini çıxışlarında da vurğulamışdır. Ulu Öndər Heydər Əliyev 28 noyabr 1998-ci ildə Prokurorluq orqanlarının yaranmasının 80 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirdəki çıxışdında bildirmişdir: “Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Bu sözlər prokurorluq işçilərində hər zaman böyük ruh yüksəkliyi yaratmaqla, onları gündəlik işlərində daha böyük əzm və məsuliyyətlə çalışmağa sövq edib, insan hüquq və azadlıqlarının təmin olunmasında, cəmiyyətin inkişafına maneə törədən halların aradan qaldırılmasında, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşmasında mühüm rol oynayıb.
Dərin minnətdarlıq hisləri ilə qeyd olunmalıdır ki, Ulu Öndərin hakimiyyətə qayıdışından bu günədək olan dövr ərzində prokurorluğa olan dövlət qayğısı hər zaman hiss edilmiş, bu da prokurorluq işçilərini həvəsləndirməklə bərabər, onların xidməti vəzifələrinin icrası zamanı daha məsuliyyətli olmaları ilə nəticələnmişdir. Qeyd etmək zəruridir ki, bütün hüquq-mühafizə orqanlarına, həmçinin prokurorluğa hərtərəfli diqqət və dövlət qayğısı göstərilməsi ənənəsi, bu gün də davam etdirilir. Müdrik rəhbər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq verdiyi səmərəli tövsiyələr əsasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarında yeni müstəvidə və yüksək intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq və azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur. İftixar doğuran haldır ki, Azərbaycana ümummilli lider Heydər Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, ulu öndərin siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirmiş, özünü xalqın birinci xidmətçisi hesab etməklə millətinə xidməti həyat amalına çevirmiş İlham Əliyev kimi aqil lider, dünya şöhrətli şəxsiyyət və peşəkar siyasətçi rəhbərlik edir. Məhz möhtərəm Prezident cənab İlham Əliyevin hərtərəfli elmi biliyi, uzaqgörən düşüncəsi, mükəmməl rəhbərlik qabiliyyəti və misilsiz xidmətləri sayəsində ölkəmiz dünyada böyük nüfuz qazanaraq ən qüdrətli dövlətlər sırasında özünəməxsus yerini müəyyən etməklə söz sahibinə çevrilmişdir. Möhtərəm Prezidentin vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşması, onların ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsi, bir çox hallarda şəxsən qərar qəbul etməklə üzləşdikləri bütün çətinlikləri aradan qaldırması dövlətin və rəhbərinin vətəndaşa verdiyi yüksək dəyərin təcəssümüdür. Uzaqgörən strateji inkişaf kursunu müasir müstəvidə zənginləşdirməklə dövrün tələblərinə uyğun şəkildə reallaşdıran cənab İlham Əliyev təvazökarlığı, sadəliyi və verdiyi vədləri mütərəqqi əməllərlə doğrultmağı ilə xalqın sonsuz rəğbətini qazanmışdır. Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, müdrik liderimizin analoqu olmayan siyasəti alternativi istisna edir. Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm siyasi iradəsinin, sarsılmaz qətiyyətinin və yorulmaz fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdəti dövlətimizin qüdrətlənməsinə, ölkəmizin hərtərəfli, dayanıqlı inkişafına və qazanılan ardıcıl uğurlara əlverişli zəmin yaratmış, Azərbaycan Respublikasının dönməz müstəqilliyinin qorunmasına, müstəqil dövlət siyasətinin həyata keçirilməsinə və regionda, o cümlədən beynəlxalq arenada söz sahibi olmasına əvəzedilməz tövhələr vermişdir. Ümumilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin çıxışlarında Azərbaycan Prokurorluğu və prokurorlar haqqında sərf etdiyi sözlər Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Prokurorluğuna göstərilmiş etimadın, əminliyin və inamın Prokurorluq orqanları tərəfindən doğruldulmasını göstərməklə yanaşı, dövlət başçısının da prokurorluq orqanları və prokurorluq orqanlarının əməkdaşları barəsində olan müsbət fikirləri vurğulamışdır.
Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində əzəli və əbədi torpaqlarımız işğaldan azad olundu. Azərbaycan ordusu müasir hərb tariximizin ən parlaq səhifəsini yazdı. Yeni əsrin yeni müharibə modelini dünyaya təqdim etdi. Misilsiz qələbə, şanlı zəfər Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi, ölkəmizi qalib dövlət kimi bütün dünyaya tanıtdı. Ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət alması, doğma yurda "Böyük Qayıdış"ın başlanması ilə sevinir, qürur hissi keçiririk. Ölkə həyatının bütün sahələrində əldə edilən uğurlar, müasir çağırışlar, qlobal əhəmiyyətə malik prioritet və hədəflər prokurorluq işçilərinin qarşısına çox mühüm, təxirəsalınmaz vəzifələr qoymuşdur. Xocavənd rayon prokurorluğunun işçiləri də dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı barışmaz mövqe tutmaqla ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasında, insan hüquq və azadlıqlarının müdafiəsində, qanunun aliliyinin təmin edilməsində bundan sonra da əzmlə, yüksək məsuliyyət və peşəkarlıqla çalışacaqlar.
Nəriman İbrahimli
Xocavənd rayon prokurorunun köməkçisi