Logo

Əbədi çırağın işığı

30.06.2023 17:44 407 baxış
IMG

Azərbaycan xalqı çox istedadlı bir etnos olaraq dahi şəxsiyyətləri, o cümlədən böyük alimləri ilə hər zaman seçilmişdir. XX və XXI əsrlərdə yaşayıb-yaradaraq xalqımız qarşısında əvəzolunmaz xidmət göstərmiş, eyni zamanda dünya elminə də olduqca dəyərli töhfələr vermiş görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin bu sırada özünəməxsus yeri var. Elm xadiminin keçdiyi həyat yolu, apardığı tədqiqatlar və əldə etdiyi mühüm nailiyyətlər, nəzəri və praktiki əhəmiyyəti olduqca yüksək olan kəşfləri xalqımız üçün qürur mənbəyidir.

Ensiklopedik bilikləri, elmi erudisiyası və apardığı tədqiqatların dərinliyi, güclü və uzaqgörən məntiqi ilə hər zaman seçilmiş Cəlal Əliyevin elm üçün etdikləri, xüsusilə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində apardığı işlər beynəlxalq təşkilatlar, dünyanın aparıcı alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü İ.Tarçevski Cəlal Əliyevi belə xarakterizə etmişdir: "Mən Cəlal Əliyevi demək olar ki, yarım əsrdir tanıyıram. Onun bitkilərin fotosintezi və yeni buğda sortlarının yaradılması ilə bağlı araşdırmalarının nəticələri haqqında etdiyi çıxışlarını beynəlxalq və ümumittifaq konfranslarda dinləmişəm. Bundan başqa, mən onun doktorluq dissertasiya işi və müəllif materialları ilə də yaxından tanışam. Nə vaxtsa bu insanın doktorluq dissertasiyasına, demək olar ki, özü ilə hələ tanış olmadığım bir vaxtda müsbət rəy vermişdim".

Cəlal Əliyevin işləyib-hazırladığı ideal buğda modelləri əsasında yaradılmış yüksək məhsuldar və keyfiyyətli sortlar, bu sortların maksimum potensialına nail olmaq istiqamətində apardığı tədqiqatlar və əldə etdiyi elmi nailiyyətlər onu kənd təsərrüfatı istehsalında yüksək məhsuldar sortlar və intensiv təsərrüfatçılığa əsaslanan yeni inqilabi paradiqmanı təsvir etmək üçün istifadə olunan "Yaşıl inqilab" konsepsiyasının ataları sayılan professor N.Borlaug və professor M.Svaminathanla bir sırada qoymuşdur. Bu böyük alim-seleksiyaçılar özləri, eləcə də doktor F.Pfeyfer, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzinin Orta Asiya və Cənubi Qafqaz regional ofisinin rəhbərləri olmuş doktor S.Benival və professor R.Poroda, Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının prezidenti, akademik G.Romanenko, eləcə də digər tanınmış alim və elm təşkilatçıları Cəlal Əliyevi Azərbaycanda "Yaşıl inqilab"ın yaradıcısı kimi görmüş, bunu açıq şəkildə etiraf etmişlər. Doktor S.Benival görkəmli Azərbaycan alimini dünyanın elm korifeyləri, Nobel mükafatçıları ilə müqayisə edərək demişdir: "Əgər Nobel mükafatı müəyyən bir işin nəticələrinə görə verilirsə, Cəlal Əliyevin kompleks şəkildə apardığı tədqiqatların hər bir istiqaməti bundan yüksək qiymətə layiqdir".

Cəlal Əlirza oğlu Əliyev 95 il əvvəl - 1928-ci il iyun ayının 30-da qədim Naxçıvan şəhərində Azərbaycan tarixinə, dövlətçiliyinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş bir ailədə dünyaya gəlmişdir. O, 1946-cı ildə Naxçıvan Pedaqoji İnstitutunun Təbiət elmləri fakültəsini, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, əmək fəaliyyətinə 2-ci kursda oxuyarkən universitetin Bitki fiziologiyası kafedrasında laborant kimi başlamışdır. Cəlal Əliyev 1951-1954-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Bitki fiziologiyası laboratoriyasının aspirantı kimi akademik Müzəffər Abutalıbovun rəhbərliyi altında çalışmışdır. 1954-cü ildə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayan gənc mütəxəssis kənd təsərrüfatı bitkilərində gedən fizioloji və biokimyəvi proseslərin xüsusiyyətləri, bitkilərin məhsuldarlığına mikroelementlərin təsiri, bu amillərin fotosintez ilə qarşılıqlı əlaqəsi, fotosintez prosesinə xarici mühit amillərinin təsiri, habelə kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul alınmasında günəş enerjisinin faydalı iş əmsalını nəzərə almaqla bu prosesin optimallaşdırılması məsələlərini öyrənmişdir. Cəlal Əliyevin apardığı ilkin tədqiqatların mühüm nəticələri 1955-ci ildə müdafiə etdiyi "Buğdanın inkişafına və məhsuldarlığına mikroelementlərin təsiri" mövzusunda namizədlik dissertasiyasında öz əksini tapmışdır.

Cəlal Əliyev Elmi-Tədqiqat Əkinçilik İnstitutunda kənd təsərrüfatı bitkilərinin, xüsusən də dənli bitkilərin məhsuldarlıq proseslərini, onların fizioloji və biokimyəvi xüsusiyyətlərini yeni elmi yanaşmalarla tədqiq etməklə ərzaq və ətraf mühit problemlərinin həllinə real töhfələr verən, ideal göstəricilərə maksimum yaxınlaşan bitki sortlarının yaradılmasını həyat və fəaliyyətinin məqsədlərindən biri olaraq seçmişdi. Bu dövrdə gənc alimin uğurlu elmi tədqiqatlarının əsas yekunları 1971-ci ildə biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün müdafiə etdiyi "Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı" mövzusunda dissertasiya işində öz əksini tapmışdır.

Elmdə və kadr hazırlığında əldə etdiyi mühüm nailiyyətlər sayəsində görkəmli alim 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. Həyatın yaranması, üzvi aləmin əmələ gəlməsi, təbiətin əsrarəngiz və əvəzolunmaz inkişafı ilə əlaqədar olan fotosintez prosesinin əsaslı şəkildə öyrənilməsinə Azərbaycan elmi tarixində ilk dəfə akademik Cəlal Əliyev ciddi maraq göstərmiş, bu sahə onun elmi yaradıcılığının fundamental tədqiqat obyektinə çevrilmiş, alimin ardıcıl və məqsədyönlü fəaliyyəti kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının kompleks şəkildə tədqiqinə həsr edilmişdir.

Görkəmli alim apardığı multidissiplinar tədqiqat istiqamətlərinin inteqrasiyası ilə "yaxşı" fotosintez haqqında yeni təsəvvür yaratmış, kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə edilməsi üçün prosesin optimallaşdırılması problemlərini həll edən ideyalar irəli sürmüşdü. Cəlal Əliyev tərəfindən fotosintez və fototənəffüs proseslərinin müqayisəli tədqiqi ilə aşkar edilmişdir ki, fototənəffüs bitkilər üçün həyati əhəmiyyətli metabolik proseslərdən biridir. Onun fototənəffüs prosesi ilə bağlı əldə etdiyi qlobal nəticə dünya elm tarixinə qızıl hərflərlə yazılacaqdır.

Akademik Cəlal Əliyev yeni buğda sortlarının yaradılmasında, seleksiya prosesinin qısaldılmasında və səmərəliliyinin artırılmasında kompleks yanaşmanın vacibliyini israr etmiş, seleksiyaçılarla bərabər hər zaman fizioloqların, kimyaçıların, fitopatoloqların, entomoloqların birgə fəaliyyət göstərmələrini məsləhət bilmişdir. Böyük seleksiyaçı-alim uzun illər ərzində toplanmış zəngin elmi və praktiki təcrübəsi, orijinal tədqiqatçı yaradıcılığı, intuisiyası, gərgin zəhməti sayəsində Azərbaycanda mədəni taxıl bitkilərinin və onların yabanı əcdadlarının müxtəlif morfofizioloji əlamətlərə malik 10 minlərlə nümunədən ibarət genefondunun istifadəsi əsasında müasir dövrün tələblərinə cavab verən, müxtəlif torpaq-iqlim şəraitinə hesablanmış 60-dan çox qiymətli buğda sortunun yaradılmasına nail olmuşdur.

Cəlal müəllim mürəkkəb torpaq-iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun yüksək məhsuldar, quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə davamlı, şoran və şorəkət torpaqlarda da nisbətən yüksək məhsul vermək qabiliyyətinə malik hibrid nəsillərin alınmasında yerli ənənəvi buğda sortlarından istifadə olunmasına böyük üstünlük vermişdir. Xalq seleksiyası tərəfindən seçilmiş, Azərbaycanda uzun müddət əkilən, üstəlik, təbii seçmə nəticəsində yerli şəraitə uyğunlaşan davamlı "Sarı buğda", "Ağ buğda", "Qırmızı buğda", "Qaraqılçıq" və başqa buğda genotipləri müasir intensiv sortlarla hibridləşdirilərək yeni nəsillər alınmışdır. Azərbaycanda əkin sahələrinin əksər hissəsini təşkil edən, Gürcüstan və Mərkəzi Asiya respublikalarında da becərilərək kifayət qədər sanballı nəticələr verən "Qaraqılçıq-2", "Mirbəşir-50", "Vüqar", "Şiraslan-23", "Bərəkətli-95", "Tərtər", "Əlincə-84", "Ruzi-84" və başqa bu kimi bərk buğda sortları ilə böyük alim öz adını Azərbaycanın və dünyanın seleksiya elminin tarixinə qızıl hərflərlə yazmışdır.

Akademik Cəlal Əliyevin bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi sahəsində də fəaliyyəti təqdirəlayiqdir. O, bu müxtəlifliyə seleksiya üçün tükənməz mənbə kimi baxırdı. 1995-ci və 2006-cı illərdə akademik Cəlal Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycanda bitki genetik ehtiyatları üzrə fəaliyyətlər ətraflı təhlil olunaraq, geniş ölkə məruzələri hazırlanmış, eyni zamanda Bitki Genetik Ehtiyatlarına dair Milli Proqram yaradılaraq BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatına (FAO) təqdim edilmişdir. Bütün bu işlər beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan FAO-ya qəbul olunmuşdur.

Biomüxtəlifliyin mühafizəsi sahəsində akademik Cəlal Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş ən mühüm layihələrdən biri də 2013-cü ildə Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna və flora növləri haqqında elmi-tədqiqat və mühafizə məlumatlarından ibarət Azərbaycan Respublikasının "Qırmızı Kitab"ının 2-ci nəşrinin dərc olunması olmuşdur. Bu gün qürur hissi ilə deyə bilərik ki, "Heydər Əliyev İli"nə, Azərbaycan təbiətinin böyük hamisi Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş "Qırmızı Kitab"ın bu yaxınlarda nəfis şəkildə çapdan çıxmış 3-cü nəşrinin ərsəyə gətirilməsində də Cəlal Əliyev məktəbinin nümayəndələri xüsusilə fərqlənmişlər.

Akademik Cəlal Əliyev həmişə gənc alimlərə arxa-dayaq olmuşdur. Onun biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya yönümlü müxtəlif ali təhsil müəssisələrindən şəxsi təşəbbüsü ilə xüsusi ustad himayəsi və uzaqgörənliklə seçərək AMEA-nın Botanika İnstitutunda və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda rəhbərlik etdiyi laboratoriya və şöbələrə işə cəlb etməklə təqribən 50 il ərzində yetişdirdiyi 300-ə yaxın alim bu gün Azərbaycanda və dünyanın ABŞ, Böyük Britaniya, Yaponiya, Rusiya, Türkiyə, Cənubi Koreya, Avstraliya, İsveç, Kanada, Almaniya və s. kimi onlarla qabaqcıl ölkəsinin tanınmış elm və təhsil mərkəzlərində, nüfuzlu universitetlərində tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərir, Cəlal Əliyevin elmi məktəbini və ümumən Azərbaycan elmini layiqincə təmsil edirlər. Onun bilavasitə elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər doktoru, 81 elmlər namizədinin hazırlanması da əlamətdar faktdır.

Akademik Cəlal Əliyevin tələbələri yeni-yeni uğurlara imza atmaqla bu məktəbin şöhrətini daha yüksəklərə qaldırırlar. 2021-ci ildə Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən yeni texnologiya əsasında protein əsaslı vaksin hazırlanmış və Ümumdünya Səhiyyə Təşkilatının sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilmişdir.

Akademik Cəlal Əliyev məktəbinin daha bir yetirməsi - biologiya sahəsində tanınmış azərbaycanlı alim, Rusiya Federasiyasının Əməkdar elm xadimi, Moskva Dövlət Universitetinin professoru, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutununun Bionanotexnologiya beynəlxalq laboratoriyasının rəhbəri Süleyman Allahverdiyev çoxillik səmərəli fəaliyyətinə görə fiziki-kimyəvi biologiya ixtisasında Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Böyük alimin elmi məktəbinin ardıcılları sırasında həmçinin Kembric Universitetinin professoru, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri professor Qərib Mürşüdovun, ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin icraçı direktoru olmuş, hazırda ABŞ-nin İndiana Universitetinin proqram rəhbəri vəzifəsində çalışan professor Vidadi Yusibovun, Cənubi Koreya Pusan Dövlət Universitetinin professoru olmuş İsmayıl Zülfüqarovun, Avstraliyanın (Melburn) RMİT Universitetinin professoru Aydın Muradovun, ABŞ Ümumi Genom İnstitutunun əməkdaşı doktor Asəf Salamovun və başqalarının adlarını da fəxrlə çəkmək olar. Uzun illərdir ki, tələbələri Cəlal müəllimin ad gününü qeyd etməyin yeni bir ənənəsini qoymuşlar. Hər il iyunun 30-u ərəfəsində akademik Cəlal Əliyev məktəbinin davamçılarından kiminsə dissertasiya işinin müdafiəsi keçirilir. Tələbələri bilirlər ki, uğurla keçən, yüksək səviyyədə təqdim olunan dissertasiya işi müəllimlərinin xatirəsinə ən qiymətli hədiyyədir. Bu il də istisna deyildir. Böyük müəllimin 95 illik yubileyi onun elmi məktəbinin layiqli davamçılarından birinin - AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, fəlsəfə doktoru Atabəy Cahangirovun doktorluq dissertasiyasının müdafiəsi ilə qeyd olunacaq.

Cəlal müəllimin Azərbaycan elmi qarşısında müstəsna xidmətlərindən biri də uzun illər ərzində tarixi bir yol keçərək Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması hesab edilə bilər. Hazırda institutun 1 şöbə və 14 laboratoriyasında (o cümlədən 5 beynəlxalq laboratoriya) elmi-tədqiqatlar 3 istiqamət və 3 problem ətrafında 6 mövzu üzrə 120 əməkdaş, o cümlədən 72 elmi işçi, AMEA-nın 1 həqiqi, 4 müxbir üzvü, REA-nın 1 müxbir üzvü, 11 nəfər elmlər doktoru və professor, 21 fəlsəfə doktoru tərəfindən aparılır.

Akademik Cəlal Əliyevin qiymətli əmanəti olan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu respublika elmində gedən genişmiqyaslı islahatlardan kənarda qalmamışdır və hazırda fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tərkibində davam etdirir. Təkcə 2022-ci ildə institut əməkdaşları tərəfindən 58 məqalə (23-ü xaricdə, 17 məqalə Web of Science və Scopus bazalarında indeksləşən impakt faktorlu jurnallarda), 65 tezis (23-ü xaricdə), 1 dərs vəsaiti nəşr edilmiş, 2 monoqrafiya çap olunmuşdur. İnstitut əməkdaşlarının elmi əsərlərinə 1500-ə qədər istinad edilmişdir.

Hazırda institutda fəlsəfə doktoru hazırlığı üzrə 12 doktorant və 9 dissertant, elmlər doktoru hazırlığı üzrə 5 dissertant öz tədqiqatlarını davam etdirir. 2022-ci ildə institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasında 5 nəfər dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 1 nəfərin dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Akademik Cəlal Əliyev daim axtarışda olan bir elm xadimi idi. Onun çoxillik axtarışları olduqca məhsuldar olmuş, apardığı elmi tədqiqatların nəticələri öz əksini Azərbaycanda və xaricdə nəşr edilən 25 fundamental monoqrafiya və kitabda, 800-ə qədər elmi əsərdə və 20 müəlliflik şəhadətnaməsində tapmışdır.

Xeyirxah əməlləri, geniş diapazonlu elmi və elmi-təşkilati fəaliyyəti, Azərbaycan və dünya elmi qarşısında müstəsna xidmətləri, dövlətçiliyimizin qorunması yolunda göstərdiyi fədakarlıqlara görə akademik Cəlal Əliyev hələ sağlığında özünə əbədi abidə ucaltmışdır.

İradə Hüseynova
AMEA-nın vitse-prezidenti, akademik

Xəbər lenti