Biz böyüklər üçün uşaqlar oyun oynayan, hər xırda səbəbdən sevinən, xoşbəxt olan, ətrafına gülüşlər bəxş edən varlıqlardır.
O, ancaq ac olanda, istədiyi yerinə yetməyəndə ağlayar, hisslərini açıq-aydın büruzə verər. Amma psixologiya bunun tam əksini deyir. Axı çox zaman valideynlərdən "özünə qapanan uşaqdır" ifadəsini də eşidirik. Çünki uşaq incidikdə, daxili sıxıntılar keçirdikdə bunu dilə gətirə bilməz, bəlkə özü də mənalandıra bilmədiyindən ruh halında baş verən dəyişiklikləri sezməz, sadəcə küsər, inciyər, özünə qapanar. Əgər valideyn övladına qarşı laqeyddirsə, bu hal daha da ağırlaşar və nəticədə uşaqda depressiyaya səbəb olar.
Bəli, nə qədər qəribə görünsə də, uşaqlar da böyüklər kimi müxtəlif səbəblərdən depressiyaya düşə bilirlər. Depressiyaya uğramış uşaq hər şeyə marağını itirir, xoşbəxtlik və məmnunluq hissinə yadlaşır, hər zaman fikirli, məyus və küskün görünür, əvvəllər maraqla və sevgi ilə oynadığı oyunlarını, məşğuliyyətini ya minimuma endirir, ya da ümumiyyətlə, oynamır. Bu cür uşaq özünü rədd edilmiş hiss edir, kimsənin onu sevmədiyini, düşünmədiyini düşünür, hər kəsə qarşı acıqlı, əsəbi və narazı olur.
Uşaq depressiyası məktəbdən öncəki hər yüz uşaqdan birində, yeniyetmələrin hər yüzdən 8-də görülməkdədir. Son illərdə uşaq depressiyası hallarının artması buna olan diqqəti və ciddiyyəti də artırıb və bir psixoloji istiqamət kimi qəbul edilməyə başlayıb.
Uşaq depressiyası yaş qruplarına ayrıldığından daha düzgün araşdırma imkanı yaradır. Buna görə də körpəlik, oyun uşaqlığı, məktəb uşaqlığı, yeniyetməlik deyə ayrım həyata keçirilir.
Uşaqların depressiya əlamətləri böyüklərdən fərqli ola bilir. Əgər uşağınızda uzun müddətdir aşağıdakı əlamətlər varsa, mütləq bir psixoloq və ya psixiatrın köməyinə baş vurmağınızda fayda var:
- Tez-tez küsmək və ağlamaq;
- Ümidsizlik;
- Əvvəlki məşğuliyyətlərinə marağının azalmağı və ya daha öncə sevərək etdiyi fəaliyyətdən indi zövq almamaq;
- Hə zaman ürəyinin sıxılması, enerji əskikliyi;
- Sosial təcrid, ünsiyyətin olmaması;
- Özünə inamın olmaması və günahkarlıq hissi;
- Rədd və ya uğursuzluğa qarşı yüksək həssaslıq;
- Əsəb, qəzəb və aqressiv davranışların artması;
- Tez-tez baş ağrısı, mədə ağrısı kimi fiziki şikayətlər;
- Tez-tez xəstələnmə, immunitet zəifliyi;
- Məktəbə davamiyyət və ya məktəb nailiyyətlərində azalma;
- Diqqət dağınıqlığı;
- Yemək və (və ya) yuxu vərdişlərində dəyişiklik;
- Evdən qaçmaqla bağlı söhbət və ya cəhdləri;
- İntihar və ya özünə zərər verən davranış düşüncələri və ya ifadələri.
Bu və bu kimi əlamətlər artıq uşağın hər hansı səbəbdən depressiyaya düşdüyünü göstərir. Uşaqlarda depressiya müxtəlif səbəblərdən yaranır.
Adətən, uşaq depressiyası körpəlik dövründən başlaya bilir. Bunun ən böyük səbəbi ananın yoxluğudur. Körpənin doğulduqdan sonra anası ilə göz və fiziki təmasda olması güvən duyğusunun yaranmağı üçün çox önəmlidir. Ananın yoxluğu körpədə bu bağın qurulmasında problemlər yaradıb, depressiya əlamətlərinin görülməyinə səbəb ola bilir. Güvən duyğusunun yaranmaması sonrakı dövrdə böyüklərdə də depressiyaya gətirib çıxarır.
Anası-atası olmayan uşaqlarda depressiya daha çox görünür. Çünki ailə bir uşağın inkişafı üçün ən böyük təməldir. Ailəsi tərəfindən qayğı görməyən, müəyyən təzyiqlərə məruz qalan, valideynləri boşanan, həmçinin, müəyyən dövrə qədər ailədə tək olub, sonra qardaş və ya bacısı doğulan uşaqlar da depressiyaya girə bilirlər. Çünki onlar artıq diqqətdən, qayğıdan kənar qaldıqlarını, bununla da daha valideynləri tərəfindən sevilmədiklərini düşünürlər.
Ailənin övladına qarşı laqeydliyi və əksinə, həddindən artıq düşkün olmağı da depressiya səbəblərindən ola bilir. Buna görə də hər zaman orta xətti tapmaq, balansı qorumaq önəmlidir. Uşağın ata-ana ilə ünsiyyəti nə qədər sağlamdırsa, depressiyaya düşməsi bir o qədər az olur.
Uşaq depressiyasi xroniki xəstəliyi olan uşaqlarda da rast gəlinən bir haldır. Uşağın öz evindən ayrı qalmağı, xəstəxanada yatmağı buna rəvac verən vəziyyətlərdir.
Həmçinin, məktəbdə uğursuz olan, ya da bullinqə məruz uşaqlar da depressiyaya meyilli olurlar.
Həyat yaşamı- gərginliklər, qarşılaşılan çətinliklər, stresslə qarşılaşma, müharibə şəraiti, ağır ailə vəziyyəti də depressiyaya səbəb ola bilər.
Dedik ki, uşaqlıq depressiyası çox hallarda böyüdükcə üzə çıxan bir problem olsa da, əslində, özünü körpəlik dövründə göstərə bilir. Mütəxəssislər deyirlər ki, uşaqlıq depressiyası körpə doğulandan 6 ay sonra ortaya çıxan və gedərək artan bir prosesdir. Körpəlik dövründə görünən depressiyanın əsas qaynağı adətən anadır. Ananın vəfatı, körpədən uşaqda olmağı, xəstə olmağı depressiyaya gətirib çıxara bilir. Körpəlik deyəndə 0-2 yaş aralığı nəzərdə tutulur. Bu dövrdə depressiya keçirən uşaqlarda aşağıdakı əlamətlərə rast gəlinir:
- Ağlama böhranları;
- Yatmamaq;
- Qaz problemləri;
- İştahasızlıq;
- Danışmaq (dil açmaq) dövrünün uzanmağı.
Yeniyetməlik bədəndə meydana gələn dəyişikliklər səbəbindən onsuz da sıxıntılı bir dövrdür. Bu dövrdə uşaqlar bədənlərində baş verən dəyişikliyi qəbul etməkdə çətinlik çəkə bilirlər. 12-18 yaş yeniyetməlik dövrü adlanır. Bu dövrdəki gənclərdə görünən depressiya əlamətləri bunlardır:
- Əsəbilik, aqressivlik;
- Diqqət əskikliyi;
- İnsanlardan qaçmaq və ya sevilən bir adama çox bağlanmaq;
- Yuxu problemi;
- İştahasızlıq və ya daha çox yemək;
- Mutsuzluq, gələcəyə qarşı bədbin düşüncələr;
- İntihara meyillilik.
Uşaqları məruz qaldığı bu xəstəlikdən xilas etməyin əsas yolu erkən diaqnoz və müalicədir. Depressiya mütəxəssis köməyi tələb edən gerçək bir xəstəlikdir. Əgər övladınızda saydığımız və ya burada olmayıb sizə normal təsir bağışlamayan əlamətlər varsa, tez zamanda mütəxəssisə müraciət etməyə çəkinməyin. Depressiya və ya ümumiyyətlə, hər hansı psixoloji problem utanılası bir xəstəlik deyil, fiziki xəstəliklərimiz kimi ən təbii və müalicə ilə aradan qaldırılması mümkün bir problemdir. Yetər ki, özümüzə, övladımıza və sevdiklərimizə qarşı laqeyd olmayaq.
Şəhanə Müşfiq