Mətbuat hər bir cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır.
Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən bügünədək həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı yerinə yetirmişdir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”.
Bu il Azərbaycanda ictimai fikir tariximizin mühüm bir hissəsini təşkil edən milli mətbuatın yaranmasının 148-ci ili qeyd olunur. Azərbaycan jurnalistikası ötən 148 il ərzində müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, tutduğu şərəfli yoldan əsla dönməmişdir.
Böyük mətəfəkkir Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də təsis etdiyi və redaktoru olduğu, ölkəmizdə anadilli ilk mətbu orqan hesab olunan “Əkinçi” qəzeti Azərbaycan xalqının milli kimliyinin və tarixi dəyərlərinin, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynamışdır. Mürəkkəb bir tarixi dövrdə fəaliyyətə başladığı gündən mübarizə dolu yol keçən “Əkinçi” xalqı maarifləndirmək, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi nəcib missiyaları üzərinə götürmüş, özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə səbəb olmuşdur.
Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilmişdir. XIX əsrin sonlarında "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparmışlar. Bu gərgin mübarizə nəticəsində "Molla Nəsrəddin" (1906), "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan" (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxmışdır.
Azərbaycan mətbuatının bugünkü inkişaf səviyyəsinə çatmasında, fəaliyyətinin təkmilləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuş, ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz fikirlərini azad şəkildə ifadə etmələri üçün geniş imkanlar yaradılmışdır. KİV-lərin cəmiyyətdə rolunu hər zaman yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin “Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm” - fikirləri də Ümummilli Liderin hər zaman Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə böyük önəm verdiyini bir daha sübut edir.
Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra istər müstəqillik aktında, istərsə də Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət elan olunması və həmin konstitusiyanın 50-ci maddəsində “Məlumat azadlığının təsbit olunması", eləcə də 1992-ci ildə ilk dəfə Parlament tərəfindən "KİV haqqında Qanun"un qəbul edilməsi jurnalistikanın inkişafına güclü təkan verən hadisələrdən idi.
Ulu Öndər Heydər Əliyevin 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunu təsdiqləməsi ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesini xeyli asanlaşdırmışdır. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olunmuş, vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul edilməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafı təmin edilmişdir.
Əsası Ümummilli Lider tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan mətbuatının bugünkü inkişafında dövlət başçısının xidmətləri böyükdür.
Hazırda müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Azərbaycan hökuməti mətbuatın azad inkişafına diqqət yetirərək, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.
Azərbaycan milli mətbuatının 130, 135 və 145 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamların imzalanması, yubiley münasibətilə mətbuat işçilərinin təltif edilməsi, onlara fəxri adların verilməsi jurnalistika tariximizə, o cümlədən kütləvi informasiya vasitələrimizə və jurnalistlərə verilən yüksək dəyərin göstəricisidir.
Bu istiqamətdə atılmış ən əhəmiyyətli addımlardan biri də dövlət başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılmasıdır. Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkili, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərir.
AMEA rəhbərliyi də hər zaman mətbuatın inkişafına xüsusi önəm verir, ölkədə KİV-in fəaliyyətini diqqətdə saxlayır. Akademiyada yaradılmış İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi bu elmi qurumun fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı ictimai təşkilatlarla qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyəti həyata keçirir. Eyni zamanda, AMEA-nın və onun tabeliyində olan institutların ictimaiyyətlə əlaqələrinin təşkili, əlaqələndirilməsi, fəaliyyətinin KİV-də işıqlandırılması, AMEA tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılması və digər işləri həyata keçirir. Şöbənin tərkibində ölkənin ilk veb-saytı hesab olunan science.gov.az veb-portalı, “Elm qəzeti, “Elm və Həyat” jurnalı, eləcə də “Elm TV” internet televiziyası fəaliyyət göstərir.
Bu gün əminliklə deyə bilərik ki, hazırda özünün yüksəliş mərhələsini yaşayan, cəmiyyətin güzgüsü funksiyasını müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan mediası ölkədə ən sürətlə inkişaf edən, günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mediası müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən maarifləndirmə işlərinin aparılmasında mühüm rol oynayır.
Milli Mətbuat Günü münasibətilə bu sahədə çalışan hər kəsi ürəkdən təbrik edir, peşə fəaliyyətində yaradıcılıq uğurları arzulayırıq!
Nərgiz Qəhrəmanova
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri